Gürcüstan hökumətindən Azərbaycana böyük hörmətsizlik - Elat bayramına imkan verilmədi
Gürcüstan azərbaycanlılarının keçirdiyi Elat bayramı təxirə salınıb. Bu barədə “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli özünün facebook səhifəsində yazıb.
Təşkilat sədri bəyan edib ki, Gürcüstan iqtidarı ciddi xətaya yol verib: “Gürcüstanın indiki İvanişvili iqtidarı bir siyasi naşılığı, tərbiyəsizliyi də bu gün etdi. Azərbaycan, Borçalı Türklərinin mədəniyyətinə, Elat bayramına, milli bayrağa hörmətsizlik nümunəsi nümayiş etdirdilər. Danışıqlarda əldə olunmuş razılaşmaları pozaraq Elat bayramına aidiyyəti olmayan “Dmanisoba” kimi eqoist, cılız layihə təqdim edib, milli mədəniyyətimizə dözümsüz yanaşaraq, diskriminasiya nümunəsi göstərdilər. “Borçalı” İctimai Cəmiyyəti bu səbəbdən Elat bayramının qeyri müəyyən müddətə təxirə salındığını və bu gün Dmanisi rəhbərliyinin təşkil etdiyi tədbirin isə Elat bayramına heç bir aidiyyatının olmadığını bəyan edir. Eyni zamanda “Borçalı” İctimai Cəmiyyəti və Elat bayramına gəlmiş soydaşlarımız və qonaqlar adından bu siyasi tərbiyəsizliyə görə Gürcüstanın indiki iqtidarını ittiham edir, Gürcüstan seçicilərinin isə bu cür iqtidara layiq olmadığını bəyan edirik”.
Bir neçə ildir davamlı şəkildə hər ilin iyul ayının sonlarında keçirilən tədbirə imkan verilməməsinin səbəbləri barədə digər ehtimallar da var. Belə ki, artıq “Borçalı”nın sədri Z.Məmmədlinin Gürcüstana girişi yasaq edilib. Bundan əlavə, “Borçalı” Cəmiyyəti ətrafında gərginliklər davam edir.
Z.Məmmədli Musavat.com-un suallarına cavabında dedi ki, hələlik Gürcüstandakı heyətin geri qayıtmasını gözləyir: “Heyət dönəndən sonra mətbuata ətraflı məlumat veriləcək”. Baş verənlərlə bağlı isə bunları əlavə etdi: “Bizim heyət son 10 gündə rayon və quberniya rəhbərliyi ilə bir neçə dəfə görüşmüşdü və prinsipcə razılaşma əldə olunmuşdu. Bu gün isə fərqli mövqe ortaya qoydular. Burada hakimiyyətdaxili ziddiyyətlər və bəzi şərəfini itirmiş eloğlular onlarla iş birliyi bugünkü dramatik vəziyyətin yaranmasına əhəmiyyətli rol oynayıb. Bütünlükdə indiki hakimiyyət türk mədəniyyətinə simpatiyalı görünmür”.
Ümid Partiyasının sədr müavini, “Borçalı” Cəmiyyətinin İdarə Heyətinin üzvü Rüfət Muradlı isə musavat.com-a açıqlamasında bildirdi ki, onların təmkinli davranışı nəticəsində qarşıdurma baş verməyib: “Üstümüzə çox gəldilər. Borçalı adının götürülməsini tələb etdilər. Amma biz dirəndik. Camaat da etiraz etdi. Sonucda isə bu bayramin “Dmanisioba” adlandırılmasını istədilər. Halbuki biz iki həftə ərzində bunu müzakirə edib razılaşdırmışdıq”.
R.Muradlı əlavə etdi ki, Elat Bayramı ilə bağlı Dmanisi rəhbərliyi verdiyi sözü tutmadı: “Sonda isə Türkiyədən, Azərbaycandan, Qazaxıstandan və digər ölkələrdən 8-ci Elat bayramına qatılanların gözləri qarşısında bizi Borçalı adından imtina etməyə çağırdılar. Səhnənin üstünə taxdığımız Azərbaycan və Türkiyə bayraqlarını endirdilər. Halbuki bu haqda razılıq əldə olunmuşdu.Təəsüf ki, milli dəyərlərimizə sayğısızlıq sərgiləndiyi belə bir durumda bu hörmətsizliyə rəvac verənlərin yanında olan üzdəniraq bir necə soydaşımız da tapıldı. Biz son ana qədər apardığımız müzakirə və aldığımız sonuclara sayğı göstərilməsini tələb etdik, amma adekvat cavab olmadı. Dmanisi rəhbərliyi bu hərəkətilə Azərbaycan- Gürcüstan -Türkiyə dostluğunun simvolu olan ELATA və Elat Bayramı deyib Armudlu yaylasına yaxından uzaqdan gələnlərə hörmətsizliklə üç ölkənin strateji əməkdaşlığı yönündə neqativ addım atdı. Borçalı İctimai Cəmiyyəti olaraq Armudlu yaylasında bəyan etdik ki, bu Elat Bayramı deyil və 8-ci Elat Bayramının bu şərtlərlə, milli dəyərlərimizdən vaz keçilməsi tələb olunan bir şəraitdə keçirilməsi yolverilməzdir”.
Hələlik rəsmi Bakı məsələyə münasibət bildirməyib.
E.PAŞASOY
Musavat.com






