İnsanlara hürriyət, millətlərə istiqlal!

GÜRCÜSTAN-AZƏRBAYCAN KONFEDERASİYASI...

3212 20.07.2010 09:31 Yazarlar A A

Rusiyanın bu iki ölkəyə münasibətdə yürütdüyü “parçala, hökm sür” siyasəti, gənc dövlətlərin mövcudluğuna yaratdığı təhdidlər onların yaxınlaşmasına stimul verən əsas motivdir. Həm Azərbaycan, həm də ələlxüsus Gürcüstan Qərbə, NATO-ya inteqrasiya kursu götürüb ki, bu da sövq-təbii Kremli ciddi narahat edir. Moskva hətta xəbərdarlıq edib ki, Tiflislə Bakının alyansa qəbuluna imkan verməyəcək. Abxaziya, Cənubi Osetiya, Qarabağ problemlərinin Kreml tərəfindən düyünə salınmasında güdülən başlıca məram məhz Azərbaycanla Gürcüstanı itirməməklə bağlıdır.

Hələ ki, Moskva Güney Qafqazda özünün qızışdırdığı və idarə etdiyi münaqişələrdən, “erməni kartından” Azərbaycan və Gürcüstana qarşı faydalana bilir. Paralel surətdə Cavaxetiyada, ara-sıra isə Borçalıda yeni konflikt ocaqları yaratmağa səy göstərir. Azərbaycan-Gürcüstan konfederasiyası Rusiyanın məkrli planları önündə sipər çəkər, oyuncaq Ermənistanın əl-ayağını yığardı. Çünki yeni birlik iki ölkənin iqtisadi, hərbi-siyasi gücünün, vətəndaş cəmiyyəti imkanlarının birləşdirilməsi, vahid milli təhlükəsizlik strategiyasının və ortaq informasiya-təbliğat işlərinin təşkili deməkdir ki, bu da xarici düşmənlər və qeyri-dost dövlətlər üçün çəkindirici faktor rolu oynaya bilər, iki qonşu ölkənin təzyiqlərə müqavimət gücünü xeyli artırar.             

Bəzi məlumatlara görə, Əliyevlə Saakaşvilinin qapalı Batumi görüşü və konfederasiya təşəbbüsü məhz Ağ Evdən gəlib və dövlət katibi Hillari Klintonun regiona son səfəri zamanı gündəmə gətirilib. Ortada Qərbin hansısa projesi var deyirlər. Məntiqlidir. Amerika və Avropada başa düşürlər ki, Qərbin bölgəyə əsas qapısı sayılan Gürcüstan və zəngin karbohidrogen ehtiyatlarına malik Azərbaycan potensiallarını birləşdirməsələr, Cənubi Qafqazı Rusiyanın nəzarətindən çıxarmaq uzun çəkəcək. Xüsusilə də Gürcüstan və onun demokratik hökuməti üçün yaxşı bir şey vəd olunmur. Qərb onun da fərqindədir ki, Gürcüstan dövlətinin ayaqda durmasında Azərbaycanın yardımı, dəstəyi əvəzsizdir. Hər halda ABŞ uzaqda, Rusiya isə yaxındadır.

Azərbaycan-Gürcüstan konfederasiyası yeni geosiyasi güc vahidi kimi bölgədəki vəziyyəti kökündən dəyişər, Kremlin bölücü planlarını əngəlləyərdi. Adətən konfederasiya subyektləri xeyli dərəcədə öz suverenliklərini saxlayır. Ancaq xarici siyasət, milli təhlükəsizlik, hərbi quruculuq və müdafiə məsələlərində vahid siyasət yürüdülür. Demək, birliyin xarici təhlükələrə qarşı müqaviməti avtomatik artmış olacaq. Bu həm də o demək olacaq ki, Qarabağ problemi Gürcüstanın, Abxaziya problemi isə Azərbaycanın da problemi olacaq. Təbii ki, iki ölkənin xalqları ideyaya referendumda “hə” deyərsə (Konfederasiya müvəqqəti də ola bilər).       

O da faktdır ki, Azərbaycanla Gürcüstan yenə məhz ABŞ-ın xeyir-duası ilə uzun illərdir ki, GUAM-da təmsil olunub, bir sıra regional iqtisadi, kommunikasiya layihələrinin həmmüəllifidilər. Lakin Ukraynada demokratik qüvvələrin məğlubiyyətindən sonra GUAM daxili inteqrasiya əhəmiyyətini itirib. Görünür, yeni reallıqlar Vaşinqtonu vadar edir ki, heç olmasa, Güney Qafqazda mövqeləri əldən verməsin və bəzi “önləyici” tədbirləri həyata keçirsin. İdeya qardaş Türkiyənin də maraqlarına cavab verir.       

***

Konfederasiyanın yaratdığı üstünlüklər bəlli (Bura Borçalı əhalisinin daha əlverişli durum əldə etməsini də əlavə edin). Lakin iki ölkədəki fərqli siyasi idarəçiliklər və fərqli dəyərlər sisteminə tapınma, bir ölkədə korrupsiya və rüşvət, digər ölkədə isə qanunun aliliyi reallıqları mütərəqqi ideyaya əngəllər yarada bilər. Biz hələ bu fərqlilikdən yararlanıb Tiflislə Bakının arasını vurmağa çalışacaq Rusiyanı demirik. Konfederasiya ideyası isə ən çox elə Moskvanın yuxusuna haram qatacaq. Axı istənilən birləşmə “Parçala, hökm sür” siyasətinə ziddir. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR