İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcülər niyə daha Azərbaycan qazı ilə qızınmaq istəmir?

1827 23.10.2015 08:15 İqtisadiyyat A A

Gürcüstanla Rusiya arasında mavi yanacağın nəqli ilə bağlı aparılan müzakirələr intensivləşdikcə Azərbaycanın narahatlığı artır. Son zamanlar Bakı ilə Tiflis arasında dövlət və hökumət səviyyəsində müzakirələrin aparılması da bu narahatlığın təsdiqidir. Qeyd edək ki, Gürcüstanın Rusiya və İrandan mavi yanacaq alması ilə bağlı xəbərlər bir müddət əvvəl yayılıb. Bu barədə Gürcüstanın xarici işlər nazirinin müavini David Dondua və energetika naziri Kaxa Kaladze açıqlama verib.

Hesab olunur ki, Azərbaycan qazından imtina etməsi və daha ucuz qaz almaq üçün İran və Rusiya ilə danışıqlara başlaması, Azərbaycanın Gürcüstan bazarında zəifləməsi deməkdir. Gürcüstanın böyük qaz tədarükçüsü Azərbaycandır. SOCAR Gürcüstandakı neft satışının 72%, dizel satışının isə 61%-nə nəzarət edir. Məlumata görə, 2014-cü ildə Gürcüstan “Şahdəniz-1" yatağından min kubmetri 55 dollardan olmaqla 250 milyon kubmetr, ”Şahdəniz-2" yatağından isə min kubmetri 64 dollardan olmaqla, 500 milyon kubmetr qaz alıb. Gürcüstanın baş naziri İrakli Qaribaşvili Bakıya qəfil və əvvəlcədən planlaşdırılmayan səfər etdi. Baş nazir prezident İlham Əliyevlə iki ölkə arasındakı münasibətləri, o cümlədən energetika sahəsindəki əməkdaşlığı müzakirə edib. Ötən gün isə Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Giorgi Kvirikaşvili Azərbaycana səfər etdi. Azərbaycan prezidentinin 6 noyabrda Tiflisə edəcəyi səfər zamanı da əsas müzakirə mövzusunun Azərbaycan qazı ilə bağlı olacağı ehtimal edilir. Azərbaycanın ən çətin dönəmlərdə qonşu ölkəyə yardım etməsi, onun əhalisini donmaqdan xilas etməsi faktdır. Lakin qəribəsi odur ki, gürcü rəsmilər yalnız indiki dönəmdə Azərbaycanın qaz ehtiyatının yetərli olmaması ilə bağlı iddialar səsləndirməyə başlayıblar. Düzdür, Gürcüstanın baş naziri İrakli Qaribaşvili bir müddət əvvəl Azərbaycan qazından imtina ilə bağlı yayılan xəbərləri təkzib edib. Azərbaycan mavi yanacaq ehtiyacını 2040-cı ilədək tamamilə satdığını açıqlayıb ki, qonşularımız da alternativ axtarmağa başlayıb. Hesab olunur ki, bu vəziyyət Gürcüstanla bərabər, Azərbaycanı da Rusiyanın “Qazprom” şirkəti ilə əməkdaşlığa sövq edir. 

Panikaya düşmək üçün əsasın olmadığını vurğulayan iqtisadçi ekspert Vüqar Bayramov “Yeni Müsavat”a bildirdi ki, Gürcüstan üçün Azərbaycandan qaz asılılığının azaldılması nə əvvəl gündəmdə olub, nə də yaxın gələcəkdə müzakirə olunması gözlənilir: “Çünki qonşu ölkə üçün bizdən qaz asılılığı nisbi xarakter daşıyır. Əslində 2008-ci ildə Rusiya Gürcüstana qaz nəqlini dayandıran zaman Azərbaycan bu ölkəyə ciddi enerji dəstəyi nümayiş etdirdi. Buna görə də Gürcüstan hökumətin son addımları həm daxili auditoriyaya hesablanmış, həm də xarici siyasətin ümumi konturlarında edilən dəyişikliklərlə bağlı qərardır. Belə ki, Rusiyanın yaxın qonşularında möhkəmlənməsi və bəzi məsələlərdə Qərbin seyrici mövqe nümayiş etdirməsi fonunda Gürcüstan da balaslaşdırılmış siyasət həyata keçirməyə cəhd edir. Avropaya inteqrasiya edən Tiflisdə artıq qəbul edirlər ki, Rusiya faktorunun nəzərə alınması olduqca vacibdir. Bu baxımdan, enerji siyasəti Gürcüstanla Rusiya arasındakı münasibətləri də istiləşdirəcək. Soyuq qış gözlənilməsinə baxmayaraq, Gürcüstan-Rusiya münasibətləri bu sezon qızmar olacaq. Eyni zamanda daxildə Rusiya meyilli əhalinin dəstəyini almaq üçün Gürcüstan hakimiyyəti əski müttəfiqi ilə yaxşı münasibətlərdə maraqlıdır. Bu, növbəti seçkilərdə hakim partiya üçün əlavə səslər demək olacaq”.

V.Bayramov Tiflis-Moskva anlaşmasının Azərbaycan üçün ciddi fəsadlarını gözləmir: “Azərbaycan il ərzində Gürcüstana orta hesabla 1 milyard kub metrə yaxın qaz nəql edir. İxracat güzəştli şərtlərlə həyata keçirilir. O baxımdan qaz əməkdaşlığının hətta gələcəkdə zəifləməsi belə ölkəmizin ümumi daxil olmalarına ciddi təsir göstərməyəcək”.

Cavid TURAN

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR