Bu görüntülər Arazın o tayında çəkilib. Arazın o tayında yaşayan qanıbir, canıbir soydaşlarımız bu tayda gedən döyüşləri videolentə alıblar.
Onlar hər şeyin fərqindədirlər, bu tayda yaşayan soydaşlarının problemlərini də bilirlər, onun dərdini öz dərdləri sayırlar.
Bu şəxslər hər il Bəzz qalasının yolunu tutan, Qaradağın ətəklərində “Anadır, arzularam, hər zaman Qarabağ” mahnısıni şirin səslə, xorla oxuyanlardır.
Onlar Qarabağın 30 il yaxındır erməni işğalında olmasını ürəklərinə salan, söhbət düşəndə “Baba, nədən basıb gedib torpaqlarınız almırsınız” deyə soruşan adamlardır.
Bu gün onlar Arazın o tayında durub bu tayda görürlər ki, igid əsgərlərimiz həmin işi edir, öz doğma yurd-yuvalarımızı düşmən tapdağından azad etməyə çalışır.
İndi onlar əllərindəki kameralarla döyüşləri çəkir və əsgərlərimizə azarkeşlik edirlər – eynilə biz Təbrizin “Traktorsazı” futbol komandasına azarkeşlik etdiyimiz kimi.
Eşq olsun, qardaşlar, uğurlarımıza görə sevinclə dolan ürəyinizə sağlıq.
Musavat.com






