İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün altında qovurulan fəhlələrin səsi eşidildi, işəgötürənlərə xəbərdarlıq edildi

1074 21.08.2014 08:00 Ölkə A A


Sinoptiklər  neçə gündür ki, avqustun 19 və 20-də Bakıda havanın hərarətinin ən yüksək həddə çatacağını deyir və əhalini məcbur qalmadıqca açıq havada olmamağa çağırırdı. Proqnozlar özünü doğrultdu. Son iki gün Bakıda dəhşətli istilər oldu.  Bu istilərdə paytaxtda xeyli adam 40-45 dərəcə günəş istisində işləməyə məcbur oldu. Bunlar isə əsasən fəhlələrdir. Əmək Məcəlləsinə görə temperatur 41 dərəcəyə çatdıqda iş prosesi avtomatik dayandırılmalıdır və açıq hava şəraitində işləyənlər sərin düşənədək işləməməlidir. Ancaq avqustun 19-da paytaxtın bəzi hissələrində apardığımız müşahidələrimiz zamanı məlum oldu ki, günün altında qovurulan fəhlələrin bu hüquqları tapdalanır. Açıq havada temperatur 43 dərəcəni göstərir. Fəhlələr isə dayanmadan çalışır. 

Onların vəziyyəti ilə daha yaxından tanış olmaq üçün tikinti gedən bir neçə məkana baş çəkdik. İlk baş çəkdiyimiz məkan metronun “Koroğlu” stansiyasının yaxınlığındakı tikinti oldu.  Orada çalışan fəhlələr istidən halsız vəziyyətə düşmüşdülər və hər birinin də əlində bir şüşə su vardı. Onlar qan-tər içində sudan içir və qızmar günəşin şüaları altında qum daşıyır, qaynaq işi görür, daşları kənara atırdılar. Fəhlələrdən bir neçəsi isə kölgəyə çəkilib bir qədər dincəlirdi. Biz də istidən əldən düşmüş və kölgəyə çəkilmiş fəhlələrdən birinə yaxınlaşdıq. Əvvəlcə danışmaq istəməyib “çıxın gedin, məni işimdən edəcəksiniz” desə də, sonradan danışmaq qərarına gəldi. Adının Sabir olduğunu deyən şəxs  qaynaqçı olduğunu bildirdi: “İşləməyib neyləyəcəyik ki?! Çörək istəyiriksə işləməliyik. Hər kəs istəyir ki, işi tez qurtarsın. Heç kim biz kasıb təbəqənin bu istidə vəziyyətini nəzərə almır. Əsas odur ki, biz bu varlıların işini vaxtında görək”.

Söhbətə qatılan ancaq adının çəkilməsini istəməyən digər fəhlə isə “biz fəhlələri adam yerinə qoyan yoxdur” deyir: “Göydən od yağır. İşləmək artıq mümkünsüz hala çevrilib. Bir saatdır ki, başımdan ağrı tutub. Amma yenə də dayana bilmərəm. Heç olmasa, bu cür isti havada işi dayandırsalar yaxşı olar. Ehtiyac üzündən, bir tikə çörək qazanmaq üçün günün altında işləməyə məcburuq. Tikinti sahibləri bizə işi dayandırın deməsə, dayandıra bilmərik. Əgər bir gün işləməsək çətin vəziyyətə düşərik. Nə edək, yenə də ailəmiz, uşaqlarımız üçün edirik. Ac qalmasınlar. Nə olar ki, fəhləyik? Fəhləni niyə adam yerinə qoyan yoxdur?!” 

“Yaşıl bazar”ın yaxınlığındakı tikintidə çalışan fəhlələr də eyni vəziyyətdə idi. Qaldırıcı kran maşını işlədən şəxs dedi ki, maşının içində olduğu üçün onun işi bir az asandır: “Mən maşında otururam. İşim  tikinti materiallarını qaldırıb harasa qoymaqdır. Düzdür, maşın da istidir. Ancaq ən azından günəşin altında deyiləm. Fəhlələrin vəziyyəti çətindir. Onlar günün altındadır”.

Günün altında çalışan fəhlələrdən onların 40 dərəcədən yüksək temperaturda işləməmək hüquqlarının olduğunu bilib-bilmədiklərini soruşduq. Adının çəkilməsini istəyən fəhlə “kimdir bizim hüquqlarımıza baxan” deyərək bunları söylədi: “Bizim hüquqlarımız heç kimin vecinə deyil. Neçə gündür ki, istidir. Bir dəfə deyən olmayıb ki, heç olmasa 1-2 saat istirahət edin. Biz demirik ki, bütöv günü işləməyək. Ən azından günorta saat 12-dən 5-ə qədər işləməyək. Sonra istəyirlər səhərə qədər işləyək”.

Göründüyü kimi, elə insanlar var ki, onlar  ailələrinin çörəkpulu qazanmaq üçün hər cür ağır işlərdə çalışmaq məcburiyyətində qalır. Amma hər bir işəgötürənin qanun qarşısında öhdəliyi var və buna əməl etmək məcburiyyətindədir. Ən azından insanlıq baxımından da işçinin halına yanmaq, isti havalarda onun bir neçə saatlıq da olsa, dincəlməsinə şərait yaratmaq olar. Amma təəssüf ki, hər kəs belə düşünmür. Hər halda bu gün qızmar günəş altında çalışdığını gördüyümüz işçilər bizə bu qənaətə gəlməyə əsas verir.

İsti havada çalışmağın  insanın sağlamlığına hansı problemlər yaratdığını isə tibb elmləri doktoru, professor Adil Qeybulladan öyrəndik.   Professor bu cür istilərin insanların, xüsusən də açıq hava şəraitində işləyənlərin  səhhətinə pis təsir etdiyini dedi: “Əmək Məcəlləsinə görə açıq havada işləyənlərə müəyyən iqlim şəraitində, sağlamlığa neqativ situasiyalarda istirahət verilməlidir. Bu təbiətin yaratdığı təbii bir fəlakət kimi nəzərə alınmalıdır və sağlamlıq baxımından onlara istirahət verilməlidir. Elə ölkələr var ki, orada istiyə hazırlıq var. Amma ölkələr də var ki, orda istiyə, soyuqlaşmaya qəti hazırlıq görülmür. Bu cür hallar uzun müddətli olmadığı üçün işçiyə istirahət verməklə onların səhhətini normal qorumaq lazımdır. Gün və isti vurma zamanı ilk növbədə həmin şəxs sərin bir yerə keçirilməli, yəni zərərverici amilin sonrakı təsiri aradan qaldırılmalıdır. Daha sonra həmin şəxsin alnına  və yaxud da bədəninə yaş dəsmal qoyulmalıdır. Bununla da bədən temperaturu aşağı salınmalıdır. Həmçinin belə hallarla üzləşən şəxslərə çoxlu maye vermək lazımdır. Daha sonra isə mütləq həkim çağırılmalıdır”. 

Qeyd edək dünən də biz paytaxtda müşahidələrimizi davam etdirdik və öyrəndik ki, avqustun 20-də  ölkədə havanın temperaturunun +41 dərəcə selsidən  yuxarı olduğu nəzərə alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət  Əmək  Müfəttişliyi Xidməti tərəfindən idarə, müəssisə və təşkilatlarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə açıq hava şəraitində işlərin saat 17.00-dək dayandırılması barədə aidiyyəti işəgötürənlərə göstəriş verilib. 

Dövlət   Əmək  Müfəttişliyi Xidməti bildirib ki,  Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, bütün işəgötürənlər, mülkiyyət formasından asılı olmayaraq, acıq havada və soyuducu qurğuları olmayan, örtülü yerlərdə bütün növ işləri dayandırmalı və yaxud işcilərin sərinləməsi ücün fasilələr verməlidirlər. Fasilənin sayı və müddəti  işəgötürənlə  Həmkarlar  İttifaqının  birgə qərarı əsasında müəyyən olunur. Verilmiş bütün fasilələr   iş vaxtına daxil edilir və aylıq tarıf maaşına hesablanır. 

Əmək Məcəlləsindən irəli gələn müvafiq tələblərin yerinə yetirilməməsinə görə işəgötürənlər  İnzibati Xətalar Məcəlləsi (İXM) ilə məsuliyyətə cəlb edilirlər. İXM-nin 54-cü maddəsinə əsasən, işçilərin əməyinin mühafizəsi qaydalarının pozulmasına görə işəgötürənlərin 1000 manatdan 2000 manata qədər cərimə olunması nəzərdə tutulur. Dövlət Əmək  Müfəttişliyi Xidməti tərəfindən hazırda ölkəmizin bütün regionları, xüsusən aran zonaları üzrə bu sahədə vəziyyətə dövlət nəzarətini təmin etmək üçün işçi  qruplar yaradılıb.

Günel MANAFLI
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR