Güney və Guzeyin tanınmış şəxsiyyəti, milli-mədəni fəal Həsən ağa Dəmirçi bu gün səhər saatlarında dünyasını dəyişib.
Bu barədə mərhumun yaxınları musavat.com-a bildirib.
Qeyd edək ki, Həsən ağa Dəmirçi bir müddət bundan əvvəl xəstəxanada müalicə alırdı.
Xatırladaq ki, Həsən ağa Dəmirçi öz millətsevərliyi və mübarizliyinə görə dəfələrlə İran hakimiyyəti tərəfindən təzyiq və ittihamlara məruz qalıb, həbs olunub. Belə ki, məlum Qaradağ zəlzələsindən sonra əhaliyə “maddi yardım toplamaqda, qanunsuz yollarla Azərbaycan musiqisinin tədrisi ilə məşğul olmaqda, ölkədə və xaricdə separatçı qruplarla əlaqə saxlamaqda, azərbaycanlı fəallarla görüşməkdə və dövlət quruluşuna qarşı təbliğatda” təqsirli bilinərərək 6 ay həbs cəzası alıb. Ondan öncə isə 2006-cı il, 22 may hadisələrinə görə barəsində 1 il həbs cəzası çıxarılmışdı. Lakin ali məhkəmə həmin qərarı ləğv etmişdi.
2015-ci ildə Bakıya mükafat üçün dəvət olunan muğam ustası “Yeni Müsavat”a Azərbaycan musiqisi, dilimiz və milliyyətçilik uğrunda gedən mübarizə barədə müsahibə vermişdi. Ustad Təbrizə geri döndükdən sonra hökumət qüvvələri tərəfindən sorğu-suala tutularaq pasportu əlindən alınmış, ölkədən çıxışına qadağa qoyulmuşdu. Aylarla çəkən sorğu-sualdan sonra Həsən bəyin pasportu özünə qaytarılmışdı.
İki il əvvəl isə Təbriz şəhərində xalq şairi Söhrab Tahirin vəfatı ilə bağlı keçirilən anım mərasimi İran hakimiyyətinin hədəfinə tuş gəlmiş, barəsində prokurorluğa müraciət edilmişdi.
Həsən ağa Dəmirçinin təkcə ana dilinin, türkçülüyün qorunmasında, milli fikir məsələlərində deyil, ən əsası Güney Azərbaycanda milli musiqimizin təbliği yönündə apardığı işlər misilsizdir.
Onun Azərbaycan musiqisi, dilimiz və milliyyətçilik uğrunda gedən mübarizə barəsində “Yeni Müsavat”a verdiyi müsahibəni aşağıdakı linklərdən izləyə bilərsiniz:
Xalidə Gəray,
Musavat.com






