Bu şəkil Səudiyyə Ərəbistanında çəkilib – daima insanları gözütoxluğa, halallığa, nəfsinə hakim olmağa çağıran torpaqlarda.
Şəkildə gördüyümüz mənzərə isə bu çağırışlara paradoksaldır. Başdan-ayağa örtünmüş, yalnız gözləri görünən iki qadın yol keçir, motosikletdə oturan iki gənc isə gözləri ilə onları yeyəcəkmiş kimi süzürlər.
Qadınların geyimində heç bir açıq-saçıqlıq yoxdur. Aydınca görünür ki, onlar öz hərəkətləri ilə də heç kəsi təhrik etmirlər. Ancaq ərəb gənclərin baxışında hər şey var – aşırı maraq, heyvani ehtiras, cinsi tamah və s.
İndi bu nədir? Demək, qadınlar öz geyim və hərəkətləri ilə heç bir təhrikə yol verməsələr də, qarşı cinsin mənsubları onlara bu cür, qurbanlıq şikar kimi yanaşırlar.
Bu, Şərq aləmini məşğul edən cinsəllik probleminin qadınlardan, onların geyiminin stilindən və ya davranışlarının sərbəstliyindən qaynaqlanmadığını göstərir. Problem hər gördüyü dişiyə müsəllət olmaq, öz cinsi fantaziyalarını istənilən yerdə təmin etməyə çalışan, acgöz və yanıq kişilərdədir.
![]()
Bu, mədəniyyət geriliyinin ortaya çıxardığı mənzərədir. İnsanların geyim və davranışlarının sərbəst olduğu ölkələrdə hər dəqiqə qadına bu cür, ağzını ayıraraq, gözünü bərəldərək tamaşa edən, eninə-uzununa süzən, çevrilib təkrar-təkrar baxan, beyinlərində maniakal arzular daşıyan tiplər görməzsən. Belələri olsa da, cəmiyyət onları “manyak” deyə damğalayır. Şərqdə isə qadına bu cür baxmaq normadır. Əsas fərq də budur.
Ona görə də tez-tez demaqoqcasına qadınların geyimini müzakirə predmeti edən, “qadınlar açıq geyinməsə onları zorlamazlar” deyə ağır cinayətlərdən birinə haqq qazandıran, problemin həllini qadınların tam örtünməsində görən şəxslər bir dönüb özlərinə baxsınlar, görsünlər ki, özləri nəfslərinə hakim ola biləcək, yad qadınlara etina etməyəcək qədər gözütox və ləyaqətlidirlərmi.
Musavat.com






