İnsanlara hürriyət, millətlərə istiqlal!

YAP Güneydə baş verənlərə reaksiya verdi

2573 12.11.2015 08:40 Gündəm A A

Noyabrın 9-da İran televiziyasında Azərbaycan türklərinə qarşı ağır həqarətlərin yol verilməsinə etiraz edən fəalların bir qisminə hökm oxunub. Tutulanlardan 4-nün yaşı 18-dən azdır. Təbriz, Zəncan, Marağada da xeyli həbs olunanlar var. Ancaq etirazlar səngimir. 

Güneydən gələn məlumata görə, Azərbaycanın böyük şəhərlərində keçirilən kütləvi aksiyalardan bir gün sonra etiraz yığıncaqları universitetlərdə davam etdirilir. Bildirilir ki, noyabrın 10-da Marağa universitetinin öyrənciləri İran Telekanalında türklərin təhqir edilməsinə etiraz ediblər. Etiraz aksiyası Təbriz, Zəncan və Şəhid Mədəni universitetlərində keçirilən etiraz yığıncaqları ilə eyni günə təsadüf edir. Yerli vaxtla saat 11:00-dan 19:00-dək davam edən yığıncağa çoxsaylı azərbaycanlı öyrənci qatılıb. Yığıncağın sonunda İran televiziyasının türkləri təhqir etməsinə qarşı imzatoplama kampaniyası keçirilib, etiraz bəyanatını 500 nəfərdən çox tələbə imzalayıb.

Güney Azərbaycanda fars irqçiliyinə qarşı keçirilən kütləvi etirazlar dünya mediasının da diqqət mərkəzindədir. Məlumata görə, azərbaycanlıların kütləvi etiraz aksiyaları Türkiyə telekanallarında da işıqlandırılıb. “TRT Avaz” telekanalı kütləvi aksiyalardan videogörüntü yayaraq İran televiziyasının türkləri təhqir etməsi və buna etiraz olaraq keçirilən aksiyaları işıqlandırıb. 

İran parlamentinin Qərbi Azərbaycan əyalətindən seçilmiş deputatı Mehdi İsazadə noyabrın 10-da jurnalistlərə açıqlamasında Azərbaycan türklərinin dövlət televiziyasında təhqir olunmasına münasibət bildirib. 

Mehdi İsazadə deyib ki, “Fitilə” proqramı əməkdaşlarının etdiyi əmələ görə azərbaycanlılardan üzr istəməsi qəbul edilmir: “Mən ölkənin Məhkəmə Sistemindən bu şəxslərə ən ağır cəza verilməsini istəyirəm. Sırf üzrxahlıq etmək kifayət deyil. Hesab edirəm ki, bu şəxslər cəzalandırılmalıdır. Həmişə Həzrət Əbülfəzl və İmam Hüseyn adları dilində gəzən və onların ətrinin iyi verən azərbaycanlıların ağzı üfunət qoxuya bilməz.  Axı biz nə qədər gedib millətə izah edib deməliyik ki, kimsə bir qələt eləyib, siz bağışlayın. ”Fitilə"çilər bacarırlarsa indi çıxıb türkdilli əhaliyə cavab versinlər".


Azərbaycanın quzeyində də baş verənlər həssaslıqla izlənilir. KAXCP sədri Mirmahmud Mirəlioğlu hesab edir ki, Güney Azərbaycanda baş verənlər indiki məsələ deyil: “Bu, hər zaman olan hadisələrin davamıdır. Televiziyadakı təhqiramiz verilişin dayandırılması, yaxud üzr istənilməsi təsdiq edir ki, bunlar planlı məsələlərdir. Ancaq ən maraqlısı baş verənlərin Azərbaycana təqdim olunması məqamıdır. Hazırda belə təhlillər də var ki, Tehran-Bakı münasibətləri gərginləşə bilər. Münasibətlər gərginləşməyəcək. Çünki bütün dünyaya səs salan ”Haray-haray, mən türkəm!" hayqırtılarını, keçirilən aksiyaları Azərbaycan mediası bir az da kiçildir, “azəri” kimi təqdim edir. Bu, yaramaz və çox təhqiramiz hərəkətdir. Hətta Tehran televiziyasının təhqiramiz hərəkətindən daha təhqiramiz olanı millətin adını bilərəkdən bu cür təqdim etməkdir".

M.Mirəlioğlu bütün baş verənləri qınadığını bildirdi: “Bütün bunlar fars şovinizminin yürütdüyü siyasətin nəticəsidir, gah səngiyir, gah güclənir. Amma əslində heç vaxt dayanmır, Azərbaycan türkünə qarşı şovinist siyasət yürüdülür, millətimiz ən azı son 50-60 ildə ardıcıl şəkildə təhqir olunub. Tehran rejimi beynəlxalq qanunlara riayət etməlidir. Eyni zamanda özünün qəbul etdiyi konstitusiyaya uyğun olaraq Azərbaycan məktəblərinin açılmasına yardım etməlidir, nəinki azərbaycanlı yazarları, haqq sözü deyənləri həbs etməlidir. Əks təqdirdə, bu dövlət adındakı İran İslam Cümhuriyyətindən ”İslam" sözünü götürməli, ya da İslam sözünün qarşısına “anti” əlavəsini etməlidir.


YAP İdarə Heyətinin üzvü, deputat Aydın Mirzəzadə isə dedi ki, bu, İranın daxili məsələsidir: “Hüquqları pozulan Azərbaycan icması kifayət qədər öz hüquqlarını qoruya bilir. Dövlət kanalında İran dövlətinin əsasını təşkil edən iki xalqdan biri haqqında təhqiramiz ifadələrin işlədilməsi yolverilməz məsələdir. Azərbaycanlıların bu məsələyə etirazını bildirməsi, bu məsələdə özünün milli dəyərlərini qoruması İrandakı mövcud qaydalar çərçivəsində edilir”. 

Qeyd edək ki, İranda azərbaycanlıların kütləvi etirazlarına səbəb olan İran dövlət televiziyasındakı “Fitilə” adlı proqramı fəaliyyətini dayandırıb, bir neçə məsul şəxs tutduğu vəzifəsindən uzaqlaşdırılıb. Eyni zamanda televiziyanın direktoru Məhəmməd Sarafraz etiraz edən xalqdan üzr istəyib. 

Buna baxmayaraq, İranda azərbaycanlıların etirazları davam edir. Azərbaycanlıların etirazlarına İrandakı digər etnik xalqlar da qoşulublar. Ərəb və bəluc fəallar azərbaycanlıları dəstək xarakteri daşıyan bəyanat yayıblar.

Məsələ ilə bağlı müraciət etdiyimiz İranın Azərbaycandakı səfirliyindən isə sorğumuza cavab verilmədi. Bildirildi ki, baş verənlərlə əlaqədar səfirlik hər hansı münasibət bildirməyəcək. 

Cavid TURAN

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR