İnsanlara hürriyət, millətlərə istiqlal!

VƏFA QULUZADƏ HAKİMİYYƏTƏ MESAJ VERDİ

6838 20.12.2012 09:29 Gündəm A A

- Mən ad günü keçirmirəm. Bu baxımdan əsl müsəlmanam. Müsəlmançılıqda nə ad günü, nə yubiley yoxdur. Hətta Məhəmməd Peyğəmbərin (s.ə.s.) mövludu çox sadə şəkildə bayramı edilir. Sadəcə, ailə üzvlərim, nəvələrim məni təbrik etməyə gəlir, bir də dostlar zəng edib təbriklərini çatdırır.

- Bəs, ad gününüzün “qiyamət günü” ilə üst-üstə düşməsi barədə nə deyə bilərsiniz? Ümumiyyətlə, bu qiyamət ajiotajının səbəbi nə idi?

- Heç nə olmayacaq. Bir də ki, bunlar hamısı İslamın əleyhinə olan məsələlərdir. Misir prezidenti referendumu ayın 21-nə salıb. Ən maraqlısı Avstraliyanın baş nazirinin istehzalı çıxışı idi. O hamını dekabrın 21-də Koreyanın musiqi orkestrinin konsertinə dəvət etdi. 19-cu əsrdə fransızlar deyirdilər ki, hər məsələnin arxasında qadın axtarın. İndi isə dünya dəyişib, hər şeyin arxasında pul, biznes axtarmaq lazımdır. Sizi inandırım, bu qiyamət söhbətindən artıq milyardlar qazanılıb.

- Ömrünüzün 72-ci ilində nə düşünür, nələri arzulayırsınız? Bəlkə bizimlə bölüşəsiniz.

- Mən çox təəssüf edirəm ki, Amerika, Fransa, ya Almaniyada yaşamıram. Baxmayaraq ki, 1999-cu ildə istefaya getmişəm, ancaq bu günə qədər aktualam. Sizin qəzetdən tutmuş Azərbaycanın bütün mətbuatı, həmçinin “Röyters” kimi nüfuzlu dünya qəzetləri hər gün məni müxtəlif məsələlərə görə arayır, fikirlərimi soruşur. Mən özümü nə tənha, nə də işsiz hiss edirəm. Amma Amerika, ya başqa dövlətdə mənim kimi siyasi bünövrəyə malik hər adamın bir mərkəzi olur və o, xalqına, hakimiyyətə bu yolla xidmət edir. Zbiqnev Bzejinski Siyasi Araşdırmalar Mərkəzində çalışır, onun ətrafında qrup var, hökumətdən maliyyələşir. Mən öz şəxsiyyətimin sayəsində xalqıma xidmət edirəm, çünki xalqım məni unutmur. Müstəqillik dövründə üç prezidentlə çalışmışam. Sovet dövründə Mərkəzi Komitənin üzvü, mədəniyyət şöbəsinin müdiri olmuşam. Özü də Heydər Əliyevin daim sağ əli olmuşam. Necə ola bilər ki, Azərbaycan hakimiyyət dairələri bu cür adamın təcrübəsindən istifadə etmir?

- Necə bilirsiniz, səbəb nədir ki, məsələn, Strateji Araşdırmalar Mərkəzində sizin məsləhətlərinizə ehtiyac duyulmur, sizi bu qurumla əməkdaşlığa dəvət etmirlər?

- Onu deyə bilmərəm. Düzdür, hakim dairənin bir üzvü şəxsən mənə etiraf etdi ki, sənin fikirlərindən istifadə edirik. Deyir ki, qəzetlərdəki fikirlərini üstündən 3-4 gün keçəndən sonra öz fikirlərimiz kimi mətbuata veririk. Mən razıyam ki, bütün fikirlərimi öz adları ilə versinlər, amma istifadə etsinlər. Heyfslənirəm ki, sovet diplomatik korpusu, Mərkəzi Komitə, Azərbaycanın ən maraqlı dövrləri Mütəllibov iqtidarı, Elçibəy hakimiyyətində - o dövr çox maraqlı dövr idi və hələ öyrəniləcək - təmsil olunduğum illərin təcrübəsindən istifadə olunmur.
Heydər Əliyevin dövründə də bütün Azərbaycanın xarici siyasəti mənim iki nömrəli iştirakımla baş vermişdi, çünki bir nömrəli iştirakçı Heydər Əliyev özü idi. Mən təkbaşına, açıq bəyanatlar vermişəm, heç vaxt Heydər Əliyevdən icazə istəməmişəm. Yalınız Putin hakimiyyətə gələndən sonra, dedi ki, çox xahiş edirəm bundan sonra məndən xəbərsiz bəyanat vermə. Bu, 28 sentyabr 1999-cu ildə oldu, oktyabrın 8-də mən istefa verdim. Üstəlik, Heydər Əliyevin bütün gizli danışıqlarını tərcüməçi yox, mən tərcümə edirdim. O, bilirdi ki, bunun sədası heç yerə çıxmayacaq. Necə ola bilər ki, Azərbaycan hakimiyyəti tərəfindən belə bir şərait yaradılmasın ki, öz təcrübəmdən istifadə edim, ona kömək edim, bu məni çox düşündürür. Bu yaxınlarda yüksək çinli ABŞ səfirliyinin diplomatlarından qəribə bir şey öyrəndim. Dedilər Dövlət Departamentində daxili istifadə üçün sənin çıxışlarından, fikirlərindən ibarət bir toplum buraxıblar. Azərbaycana gələn diplomatlar bura gəlməzdən öncə onu oxuyurlar. Özü də mənim Dövlət Departamentindəki ləqəbim “Qafqazın Kissinceri”dir. İndi çox maraqlıdır, mənim Azərbaycandakı müvafiq dairələrdə ləqəbim nədir (ürəkdən gülür).

- Bu günlərdə müxalifətin 2013-dəki vahid namizədi kimi sizin də adınız hallandırılır...

- Yox, bu, nə mənim yaşıma, nə səhhətimə cavab verir. Amma müxalifət gərək öz xeyrinə işləsin, zərərinə yox.
“Yeni Müsavat” qəzeti olaraq jurnalistlərin hər zaman dostu olmuş, görkəmli diplomatı ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı arzulayırıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR