İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəni və Azərbaycanı şoka salan azərbaycanlı müğənni haqda maraqlı bilgilər

8230 02.12.2014 17:50 Gündəm A A

Dünən “Eurovision 2008” müsabiqəsində Azərbaycanı təmsil edən Elnur Hüseynov “O səs Türkiyə” mahnı yarışmasına öz möhürünü vurdu. Onun səsini eşidən hər kəs şoka düşmüşdü. Yarışmanın münsiflərindən olan  Özkan Uğur isə ayağa qalxaraq, “Bu səsə şapka çıxarmaq lazımdır, şapka” sözlərini deyib. Digər jüri üzvü Gökan Özoğuz bildirib ki, bu yarışmada 2 ildən çoxdur iştirak edir, indiyədək ikinci belə səs eşitməyib. Digər münsiflər Hadisə və Ebru Gündeş isə ifadan şoka düşdüyünü bildirib. 

Zaldakı tamaşaçılar isə “bir daha, bir daha” hayqıraraq Elnurdan yeni mahnılar oxumasını istəyiblər. Bundan sonra layihə rəhbəri Acun Elnurun iki mahnı ifa etməsini xahişi edib. Beləliklə öz səsi ilə Türkiyəni və Azərbaycanı ayağa qaldıran Elnur Hüseynov günə damğasını vurmuş oldu. E.Hüseynovun çıxışı Türkiyə mətbuatında da hadisəyə çevrilib. Qardaş ölkə qəzetlərində onun ifası manşetlərə daşınıb və “Azərbaycanlı ifaçı gündəmi sarsıtdı”, “Azərbaycanlı ifaçı “O səs Türkiyə”yə damğa vurdu” cümlələri ilə şərh edilib.

Elnur Hüseynov Azərbaycanı tərk etdi?

İfasından sonra E.Hüseynovun deyib: “Dostlarım mənə Rusiyadakı yarışmaya qatılmağımı təklif etdilər. Ancaq mən mənə doğma olan Türkiyəni seçdim”.
Qeyd edək ki, Elnur 2009-cu ildə mətbuata açıqlamasında bildirmişdi ki, Azərbaycanı tamamilə tərk edərək Ukraynaya gedəcək. Lakin bir neçə aydan sonra ifaçı yenidən vətəninə qayıtmışdı.

Xalq artisti Azər Zeynalov ifaçı haqda “Yeni Müsavat” a danışıb. Onun sözlərinə Elnurun mikst səs diapazonuna nadir hallarda rast gəlinir: “Elnurun çox gözəl səhnə mədəniyyəti, qəlbi fəth edən səs tembri, geniş səs diapazonu var. Bu cür diapazonlu ifaçı çox az hallarda olur”. 

Xalq artisti onun ölkədən getməsi haqda da danışıb: “Mən şəxsən onu yaxından tanıyıram, Operada işləyərkən ifalarını görmüşəm. Onu deyə bilərəm ki, Elnur çox yaxşı oğlandır. O, heç vaxt ölkəni tərk edə bilməz. Bunu tam əminliklə deyirəm. Deyilən şayiələr əsasızdır. Elnur vətənini hər zaman sevən vətənpərvər gəncdir. O, Azərbaycandan uzaqlaşmır, Türkiyəyə vətənimizə şöhrət gətirməyə gedib”.

Azərbaycanı müxtəlif beynəlxalq yarışmalarda təmsil edərək qalibiyyətlər qazanan, “Eurovision” yarışmasının bir neçə dəfə iştirakçısı olan Səid Tağızadə bu məsələyə öz fikrini bildirdi: “Əgər efirlərdə görünmürüksə bu o demək deyil ki, fəaliyyətdə deyilik. Bizim də öz meyarlarımız var. Ölkəmizdə əsl ifaçılar arasında rəqabət çox güclüdür. Ali təhsilli olmaq peşəkar ifaçı olmaq demək deyil. Ciddi tələblər bizi məcbur edir ki, öz üzərimizdə daha da yaxşı işləyək. Bizdən səhnə mədəniyyəti, kifayət qədər savad və ən əsası peşəkar ifa tələb olunur. Bir çoxları buna tab gətirə bilmir və yaxud karyera üçün xarici ölkələrə üz tutur. Elnur Hüseynov haqda onu deyə bilərəm ki, bir dinləyici kimi onun ifalarını çox sevirəm. Bu cür gənclər çox azdır. O, “Eurovision” yarışmasında ilk təmsilçimizdir. Bu yarışmada təmsil olunmaq artıq bütün dünyada tanınmaq deməkdir. Bu baxımdan Elnurun tanınmağa ehtiyacı yoxdur. Türkiyədəki ifalarından fəxr etdim, bundan da artıq uğurlarını gözləyirik”.


Hal-hazırda Türkiyədə yaşayan, Azərbaycanın tanınmış musiqiçisi İslam Manafovun qızı, pianoçu və vokalçılıq fəaliyyəti ilə məşğul olan Turan Manafzadə öz sevincini “Yeni Müsavat”la bölüşüb: “Bir azərbaycanlı kimi Elnurun ifasına çox sevindik. Lakin Azərbaycanın Elnura qiymət verməməsi fikrinə şərik deyiləm. Ümumiyyətlə, belə söhbətlərin hansı səbəbdən yarandığını da anlaya bilmirəm. Türkiyəli qardaşlarımız hər zaman bizim istedadımıza olan heyranlıqlarını gizlətməyib. “Əgər Elnur toylarda oxumayıbsa dəyəri bilinmir” söhbəti əsasızdır. O, İstanbulda keçirilən yarışmada iştirak etmək istəyib və gəlib. Münsiflərdən Ebru Gündeşi seçməyi isə onun öz şəxsi istəyinə aiddir”. 

Qeyd edək ki, yarışmada iştirak edən münsiflər heyətinin istəklərinə baxmayaraq Elnur sonda Ebru Gündəşi seçərək onunla yola davam edəcəyini bildirib. Onun bu qərarını türk sənətçisi böyük sevinclə qarşılayıb, hətta səhnəyə çıxaraq ifaçını dəfələrlə öpərək qucaqlayıb. Elnurun məhz E.Gündəşi seçməyi sosial şəbəkələrdə söz-söhbətə səbəb oldu.

Vokalist, pianoçu, həkim, stilist-bərbər


Bir qədər də ifaçı haqda. Elnur Hüseynov 1987-ci ildə Aşqabadda hərbçi ailəsində doğulub. Anası isə musiqi nəzəriyyəçisidir. Hələ beş yaşı olarkən konservatoriya yanında istedadlı uşaqlar üçün ROXMİM-ə daxil olaraq fortepiano sinfində üzrə təhsil alır. O, 1999-cu ildə Bakıya gələrək Tibb Məktəbinin diş texniki ixtisasına qəbul olunur. Lakin bir ildən sonra təhsilini yarımçıq qoyaraq yaradıcılığının arxasınca gedir. Beləliklə, Asəf Zeynallı adına musiqi məktəbinə üz tutur. Təhsil aldığı müddətdə eyni zamanda istedadı sayəsində Azərbaycan Dövlət Opera və Balet Teatrında, Azərbaycan Dövlət Filarmoniyasında çalışır. O, stilist-bərbər peşəsini də öyrənir.

2003-cü ildə Lider TV telekanalında yeni musiqi layihəsi olan “Sing Your Song” yarışması reallaşır. Elnur Hüseynov bu yarışmada ən yüksək pilləni qazanaraq Qran-Pri mükafatına layiq görülür. Bu hadisə gənc ifaçının yaradıcılığında gələcək uğurlara təkan verir. İfaçı ölkəmizin professional, tanınmış vokalistlərindən olan Sevda Məmmədova, Fidan Hacıyevadan dərslər alır. Qarşıdakı illərdə “Prestij” qrupu ilə birlikdə Eldar Mansurov tərəfindən yazılmış “Bəsdir” mahnısını yazdıraraq klip çəkdirir. 

2008-ci ildə Azərbaycan ilk dəfə olaraq “Avroviziya” mahnı müsabiqəsində iştirak edir. Təmsilçiləri Samir Cavadzadə və Elnur Hüseynov olur. Onlar duet şəklində “Day After Day” mahnısını oxuyurlar. Təmsilçilərimizi 132 balla 8-ci olurlar. Mahnı bir çox xarici ölkələrdə rəğbətlə qarşılandı.

Lakin gənc ifaçı haqqında gəzən söz-söhbətlərdən inciyərək bir müddət efirlərdən uzaqlaşır. 2011-ci ildə “Avroviziya” müsabiqəsinə yenidən qoşulur, lakin yarımfinal iştirakından imtina edir. Buna baxmayaraq yaradıcılığını davam etdirir, həmkarları Diana Hacıyeva, İsfar Sarabski ilə birgə yeni mahnılar üzərində işləyir.

Heyvanlar üçün xeyriyyə konserti

Elnur Hüseynov dünən açıqlamasında xeyriyyə konsertindən də danışıb: “Dəstək üçün hər kəsə təşəkkür edirəm! Məni təbrik edən və dəstəkləyən hər kəsdən xahiş edirəm ki, konsertimə bilet alın və evsiz heyvanlara yardım edin. Mən  Sizə güvənirəm, mərhəmətli insanlar”.

Qeyd edək ki, ifaçı 5 dekabrda  “Jazz” mərkəzində konsert keçirəcək. Konsertdən əldə olunan bütün vəsait  B.A.R.S. sahibsiz heyvanlara qayğı yardım fonduna bağışlanacaq.

Xalidə Gərayeva

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR