İnsanlara hürriyət, millətlərə istiqlal!

SƏFƏR ƏBİYEVƏ QARŞI MÜDHİŞ İDDİALAR

12085 15.07.2011 09:59 Gündəm A A

“Sizə Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasında təhsil alan, milli azlıq sayılan, əslən Azərbaycan türkləri olan zabit dinləyicilər adından müraciət edirik. Ordu üçün zabitlər hazırlayan akademiyada təhsil çox bərbad vəziyyətdədir.
Burada təhsil alan zabitlər savadına, bacarığına görə deyil, milliyyətinə, hansı regiona mənsub olmasına görə seçilir. Təki Azərbaycan türkü olmasın, tat, ləzgi, talış olsun.
Çox az sayda bizim kimi milli azlıqda olan (Azərbaycan türkləri) zabitlər isə bacarığına, taktiki savadına görə hələ ki burada qala bilib qulluq edirik.
Görün bizim akademiyamıza kimlər rəhbərlik edir:
- Akademiyanin rəisi, - Səfər Əbiyevin tələbə yoldaşı, hərbi komisarlıqlarda işləyərək qaranlıq işləri ilə ad qazanan general Nəcəf Qəmbərov. Həyat yoldaşı erməni millətindədir. Özü isə 1993-cü ildə Qazaxda yerləşən “N” saylı hərbi hissəni qiyamçı polkovnik Surət Hüseynova təhvil verib, hərbi xidmətdən fərarilik edib;
- Akademiyanın rəis müavini - Ramaldanov Şair. Milliyyətcə ləzgidir, biznesmendir;
- Müxtəlif cinayətlər törətdiyinə, vəzifə səlahiyyətlərini aşdığına görə prezident tərəfindən general rütbəsi əlindən alınan, vəzifədən qovulan Çingiz Şəfiyev (Şəmkir korpusunun komandiri idi - red.) akademiyada taktika kafedrasına müdir təyin olunub. Milliyyəti tatdır...
Bu insanlar bizə hansı dövlətçiliyi, vətənpərvərliyi öyrədə bilərlər?
Biz hərbi hissələrdən, bölgələrdən gəlmişik. Səfər Əbiyevin orduda əsl şovinizm, yerliçilik, millətçilik toxumlarını necə səpdiyini sizə çatdıracağıq. Müdafiə Nazirliyinin Mərkəzi Aparatında əyləşən generallardan, polkovniklərdən hansı Azərbaycan türküdür? Heç biri. Orada ancaq tat, ləzgi, talışlar var. Təsəvvür edin, nazirliyin mərkəzi aparatında danışıq dili də tat, ləzgi, talış dilidir. Ordu sanki bu üç millətdən təşkil olunub. Ona görə də yuxarıda qeyd etdik ki, biz Azərbaycan türkləri orduda azlıqda olan millətik.
Qeyri-millətlərin nümayəndələrinin mərkəzi aparatda hansı idarələrə rəhbərlik etdikləri ilə sizi tanış edirik:

Nazir və köməkçiləri;

Kadrlar idarəsinin rəisi;

Hüquq idarəsinin rəisi;

Arxa cəbhə idarəsinin rəisi;

İşlər İdarəsinin rəisi;

Hərbi sənaye idarəsinin rəisi;

Maliyyə idarəsinin rəisi;

Təşkilat-səfərbərlik idarəsinin rəisi;

Mühəndis xidmət rəisi;

Kəşfiyyat rəisi;

Beynəlxalq əlaqələr idarəsinin rəisi;

İnspeksiya rəisi və onun müavini;

Ərizə xidməti rəisi;

Əşya xidməti rəisi;

Yanacaq xidməti rəisi;

Çağırış şöbəsinin rəisi;

Respublika hərbi komissarı əvəzi;

Ali Hərbi məktəb rəisi və onun müavini;

2-ci korpusun komandiri;

Təlim-tədris mərkəzinin rəis müavini;

Akademiyanın rəis müavinləri;

Hərbi hava qüvvələri komandanı;

Rabitə idarəsinin rəisi;

Hərbi Dəniz Donanmasının qərargah rəisi;

Mərkəzi Hərbi Poliklinikanın rəisi;

Ali təyyarəçilik məktəbinin rəisi;

Ali Dənizçilik məktəbinin rəisi;

Hərbi muzey rəisi, bir çox rayonların hərbi komissarları, hərbi attaşelər, hərbi hissə komandirləri.

Millət vəkili Vahid Əhmədov belə bir söz demişdi ki, ordumuzda kürd problemi var, kürdlər müdafiə nazirini vəzifədən çıxarmaq istəyir. Amma əslində bizdə orduda kürd problemi yoxdur; tat, ləzgi, talış problemi var. Ermənistanla müharibə vəziyyətində olan Azərbaycanımızı bunlarmı qoruyacaq? Əsla yox! Bunlar ancaq var-dövlət yığmaq, villalar tikməklə məşğuldurlar. Nazirin şimal bölgəsində olan hektarlarla alma bağları, istirahət mərkəzləri, Bakıdakı mülkləri, onlarla obyekti hansı vəsait hesabına əldə edilib? Şəhərin görkəmli yerlərindəki mənzillər hansı yollarla əldə edilib? Hərbi nazirliyə aid torpaq sahələrində tikilən yüzlərlə mənzillərdə zabitlərimizmi yaşayır? Əlbəttə yox. O torpaqlar satılaraq Səfər Əbiyevin alma bağlarına, villalarına, obyektlərinə çevrilib.
Cəbhə bölgəsində qulluq edən zabit və əsgərlərin əsas hissəsi Azərbaycan türkləridir. Bunları vətənpərvər ruhunda kim tərbiyə edəcək? Hərbi məktəb, lisey və akademiyada oxuyanların böyük əksəriyyəti qeyri-millətlərdir. Bu da gələcəkdə dövlətçiliyimizə, müstəqilliyimizə böyük təhlükə verə bilər. Sanki Səfər Əbiyev bu nazirliyi tam olaraq özününküləşdirib. Bu da ordumuz, onun gələcəyi və inkişafı üçün zərbədir..."

***

Doğrudanmı orduda vəziyyət bir qrup zabitin dediyi kimidir? Bu məktubdakı şok iddiaların əsası varmı? Qeyd edək ki, bu cür iddialar ilk dəfə deyil gündəmə gətirilir.
Ehtiyatda olan polkovnik Üzeyir Cəfərov hesab edir ki, bu məsələ zaman-zaman ortaya atılırsa, xəbərlər sızıbsa, deməli, müəyyən əsaslar olmamış deyil: “Amma burada subyektivliklər də var. Eyni zamanda burada maksimum ehtiyatlı olmaq lazımdır. Məsələyə bu kontekstdən yanaşmaq lazımdır ki, silahlı qüvvələrdə kadr siyasəti düzgün həyata keçirilmir. Mən bununla razılaşmaya bilmirəm. Müdafiə nazirinin kadrlar üzrə müavini general Çingiz Məmmədov tam təsadüfi bir adamdır. O, yerində deyilsə, kadr siyasətini apara bilmirsə, bu cür məsələlərin ortaya çıxması təəccüblü deyil. Söhbət etniklikdən deyil, peşəkarlıqdan getməlidir. Məsələn, Şair Ramaldanov Füzuli bölgəsində mənim komandirim olub, mən onun müavini olmuşam. Çox vətənpərvər, peşəkar bir adamdır. Amma hər halda, kadr siyasətində çox böyük qüsurlar var. Ümumiyyətlə, Müdafiə Nazirliyinin daxilində gedən proseslərdən narazıyam. Bütövlükdə götürsək Azərbaycanın rəhbər strukturlarında bölgəçilik məsələsi özünü büruzə verməyə bilmir. Məsələn, daxili işlər orqanlarında Naxçıvandan olan şəxslər rəhbərlikdə üstünlük təşkil edir; Müdafiə Nazirliyində şimal və cənub zonasından olanların çoxluğu müşahidə olunur. Bu çox qorxulu tendensiyadır, müəyyən zamanlarda bunun neqativlərini də görmüşük. Şəxsləri vəzifəyə yerlibazlıq, qohumbazlıq prinsipi ilə deyil, peşəkarlığına görə yerləşdirmək lazımdır”.
Həm də siyasi, streteji məsələ olduğu üçün mövzu ilə bağlı Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri ilə də danışdıq. O isə məsələnin bu kontekstdə dəyərləndirilməsinin əleyhinədir: “Bunun müsbət mənada dövlətimizə töhvə verəcəyini düşünmürəm. Ordu və təhlükəsizlik sistemləri çox strateji məsələdir, dövlətin dayağıdır, bir növ məhrəm yerlərdir. Çox təəssüf ki, son vaxtlar bu məhrəm yerlərə toxunulur. Görünür, bir sıra daxili və xarici qüvvələrin burada maraqları var. Onlar bu sistemləri təlatümə salmaq, dövləti zəiflətmək istəyirlər. Mən hesab etmirəm ki, ordu rəhbərliyində etniklərin çox olması hər hansı bir şəxslə və onun siyasəti ilə bağlıdır. Müdafiə naziri birmənalı olaraq açıqlanmışdı ki, onun yeddi arxa dönəni türkdür, özü də türk oğlu türkdür. Onun türk olmayan mənsubiyyəti haqda mənim heç bir məlumatım yoxdur. İnanmıram ki, o, belə bir siyasət yürüdə bilər. Əgər bu cür siyasət varsa, bu artıq siyasi rəhbərliyin həll edəcəyi məsələdir. Məsələ ondadır ki, bu gün dövlətin digər strukturlarında da analoji vəziyyət haqda danışmaq olar. Çox mühüm postlar digər etniklərin əlindədir, amma onlar haqda danışılmır. Məncə, ümumiyyətlə, bu məsələlər barədə danışmağın zamanı deyil. Bu, cəmiyyətdə bölünməyə gətirəcək qədər təhdidedici mövzudur. Mən bu məktubun da xoş niyyətlə yazıldığına inanmıram. Diqqət edin, bu ərəfədə Müdafiə Nazirliyinin Qərargah rəisi Nəcməddin Sadıqovun Dağıstanın Milli Qəhrəmanı olması xəbəri yayıldı. Bu, indiki zamanda təsadüfən ortaya çıxmayıb. Hesab edirəm ki, bu, Rusiya tərəfindən təşkil olunmuş təhdid xarakterli bir mesajdır. Müəyyən şəbəkələr Azərbaycanı qarışdırmaq istəyirlər. Onlara tutacaq vermək lazım deyil”.
Səslənən iddialarla bağlı Müdafiə Nazirliyi ilə danışmaq cəhdlərimiz alınmadı. Mətbuat xidmətinin rəisi Eldar Sabiroğlunun mobil telefonu sönülü idi, şəhər nömrəsinə açdığımız zənglər isə cavabsız qaldı.
Məsələ ilə bağlı nazirliyin mövqeyini dərc etməyə hazırıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR