İnsanlara hürriyət, millətlərə istiqlal!

Qız uşağına görə 10 min manat təzminat məsələsi mübahisə doğurdu

14951 28.02.2015 09:20 Gündəm A A


“Mükafatlandırma sistemi artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış və 2015-2020-ci illər üçün nəzərdə tutulmuş Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramına daxil edilib. Dövlət Proqramının layihəsi yaxın günlərdə Nazirlər Kabinetinə təqdim ediləcək, müvafiq olaraq yaxın aylarda qüvvəyə minəcək” deyən iqtisadçı əminlik ifadə edib, amma dəqiq tarixi açıqlamayıb.

Xəbər yayılandan sonra daha çox müzakirə olunan məsələ isə bu anonsun o qədər də inandırıcı olmaması, həyata keçirilməyəcəyi ilə bağlıdır. Halbuki Azərbaycan ailələrində qız uşaqlarının sayının azalması problem kimi özünü göstərməyə başlayıb. Orta məktəblərdə müəllimlər oğlanlarla eyni partada oturtmağa qız şagirdləri tapmırlar.

Bu yaxınlarda açıqlanmış bir araşdırma üzə çıxarıb ki, Azərbaycanda qızların 10%-i dünyaya göz açmadan məhv edilir. Amerikalı tədqiqatçıların araşdırmasından o da bəlli olub ki, Azərbaycan və Ermənistanda cinsə görə selektiv abort geniş yayılıb. Tədqiqat 3 postsovet ölkəsində - Ermənistan, Azərbaycan və Gürcüstanda 2005-2010-cu illərdə 100 qıza azı 116 oğlan düşdüyünü üzə çıxarıb. Bu rəqəmlər Çin və Hindistanla müqayisə olunur. Bənzər fenomenə başqa postsovet ölkələrində, məsələn, Qazaxıstan, Moldova və Ukraynada rast gəlinməyib.


Bu arada Milli Məclisə ultrasəs müayinəsi zamanı dölün cinsini açıqlamağın həkimlərə qadağan edilməsi ilə bağlı təklif verilib. Lakin ekspertlər hesab edir ki, bu qadağa tətbiq edilsə də, ona riayət etmək, mexanizmi tapmaq çətin olacaq: “Bu halda da ultrasəs müayinəsi ilə bağlı qara bazar yaranacaq. İnsanlar hansısa gizli yollarla bu üsuldan yararlanmağa çalışacaq. Nəticədə vəziyyət daha da pisləşəcək. Ona görə də qadağa tətbiq etmək yerinə təfəkkürlərdəki qüsuru aradan qaldırmaq lazımdır”.

“Science” jurnalının araşdırmasına görə, dünyada təbii halda hər 100 qıza qarşılıq 105 oğlan doğulur. Amma bəzi inkişaf etməkdə olan Asiya ölkələrində bu rəqəm süni şəkildə oğlanların xeyrinə dəyişdirilir. Məsələn, Çində hər 100 qıza 120-150, Gürcüstanda 118, Ermənistanda 120, Azərbaycanda isə 115 oğlan dünyaya gəlir.

Sosioloqlar isə düşünür ki, adətən qız uşaqlarına olan istəksizlik inkişaf etməmiş, partriarxal cəmiyyətlərdə özünü göstərir. Buna səbəb isə ailələrin qızları zəif hesab etməsidir. Belə ki, bu sayaq cəmiyyətlərdə qadınların hüquqları daha çox pozulur. O səbəbdən heç bir ana öz yaşadıqlarını övladlarının təkrarən yaşamasını istəmir. Bu isə cəmiyyətin özünün zəifliyindən irəli gəlir. Cəmiyyət zəif olduğundan zəif hesab etdiyi qadını qəbul etmək istəmir, zəifdən utanır. Halbuki müasir cəmiyyətdə qadının rolu dəyişib, indi fiziki güc mühüm deyil. Bu cür halların qarşısını almaq lazımdır. Bu işlə hökumət də ciddi məşğul olmalıdır, əgər hökumət etmirsə, onda qeyri-hökumət təşkilatları, ziyalılar, media etməlidir.

Ginekoloqlar isə hesab edir ki, gələcək körpənin cinsini təyin etmək üçün istifadə olunan metodlardan ən dəqiqi implantasiyaönü perinatal diaqnostikadır. Başqa sözlə, süni mayalandırma vasitəsilə embrionun cinsinin təyini. Bu zaman lazer sitometrlə lazımi xromosom dəstinin seçimi aparılır. Müvafiq xromosom tərkibli spermatozoidlə mayalandırılmış yumurta hüceyrəsi qadının uşaqlığına implantasiya edilir və bununla da süni mayalanma başa çatır. Bu üsulun dəqiqliyi 90% təşkil edir. Bu üsuldan ən zəruri hallarda, məsələn, ailədə irsi xəstəlik (hemofiliya, talassemiya və s.) olduğu zaman istifadə olunur. Belə ki, misal üçün, hemofiliya genlərinin daşıyıcısı qadın olduğu halda bu xəstəliyə yalnız oğlan uşaqları tutulur.

Amma problemin dərinliyinə və ondan çıxış yolu kimi stimullaşdırma xəbərinin yayılmasına baxmayaraq, 10 min manatla bağlı anonsun gerçək olmadığı üzə çıxdı. “Azərbaycanda ailələrdə ikinci qız uşaqlarının və növbəti qız uşaqlarının adına hesab açılacağı və onların hesabına 10 min manatın vəsaitin köçürüləcəyi ilə bağlı yayılan xəbərlər əsassızdır. Bunlar boş söhbətdir və sosial informasiyadır. Necə ola bilər ki, məbləği qıza vermək olar, oğlana olmaz? Bu gün də sosial informasiyalar qədər narahat, cəmiyyəti tərpədən informasiyalar yoxdur”.


Bunu APA-nın sualına cavabda Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. Dünyada başqa bir təcrübənin olduğunu da bildirən komitə sədri vurğulayıb ki, demoqrafik təhlükəsi olan bəzi ölkələrdə problemi aradan qaldırmaq üçün iki uşağı olan ailələrə üçüncü uşaq olduqda əlavə vəsait verirlər: “Əslində isə biz deməliyik ki, kimin pulu varsa, onun uşağı çox olsun. Evdə 4 it saxlayır, amma 1 uşağı var. Belə hallar ayıbdır”.

V.Bayramov isə H.Rəcəblinin bu açıqlamasını, ümumiyyətlə isə bu problemi  sosial şəbəkə vasitəsilə aşağıdakı qaydada şərh edib: “2-ci qız uşağı olanlara 10 min manatlıq depozit hesabının açılması və vəsaitin həmin hesaba hissə-hissə köçürülməsi məsələsi ötən ilin dekabrın 22-də ”Azərbaycan Respublikası əhali sakinliqi və demoqrafik inkişaf" üzrə dövlət proqam layihəsinin müzakirəsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən müzakirələrdə qeyd edilmişdi. Həmin görüşdə rəsmi olaraq nazirlik tərəfindən bu məsələ bildirildi və hətta deyildi ki, əgər ideya təsdiq olunarsa, o zaman maliyyə çətinliyi olmayacaq, çünki vəsait hissə-hissə hesaba köçürüləcək. Niyə oğlan deyil, qız uşaqlarına depozitlərin verilməsi isə başa düşüləndir. Çünki Azərbaycanda hər 100 doğulan qız uşağına 116 oğlan uşağı düşür. İkinci qız uşaqlarının əksəriyyəti nə qədər acınacaqlı olsa da ana bətnindəcə öldürülür. Məqsəd də belə halların qarşısını almaq və demoqrafik inkişafı stimullaşdırmaqdan ibarətdir. Uşaqların sayı çox olan ailələrdə valideynlərin daha tez pensiyaya çıxması təklifini isə bir sıra digər təkliflərlə yanaşı həmin görüşdə mən bildirdim. Əmək və əhalinin sosial müdafiəsi naziri bu təklifi dəstəklədi və tapşırdı ki, müvafiq qurumlarla bu məsələnin müzakirəsini aparsınlar. Mən ümumiyyətlə, hər iki təklifin qəbul edilib sözügedən proqrama daxil edilməsinin tərəfdarıyam. Bu, demoqrafik inkişafı balanslaşdırmaqla yanaşı, bu gün hətta ərəb dövlətlərində belə müşahidə edilməyən qız uşaqlarının ana bətnində məhv edilməsi hallarını azalda bilər".


Amma bu açıqlamanın ardınca daha bir yenilik isə mövzu ilə bağlı rəsmi mövqenin də səsləndirilməsi oldu. “2-ci qız uşağı doğulan ailələrə müəyyən qədər vəsaiti olan depozit hesabının açılması və vəsaitin həmin hesaba hissə-hissə köçürülməsi məsələsi ilə bağlı Nazirlər Kabinetinə təklif verilib”. Bu barədə aznews.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və əmək bazarının tənzimlənməsi şöbəsinin müdiri Vahab Məmmədov açıqlama verib.

Onun sözlərinə görə, təkliflər paketi Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı çərçivəsində hazırlanıb və sözügedən məsələ barədə müzakirələrdən sonra qərar veriləcək: “Əhali sakinliyi və demoqrafik inkişaf sahəsindəki problemi aradan qaldırmaq üçün bir sıra məsələlərə baxılacaq. Stimullaşdırıcı məsələlərin hamısı müzakirə olunacaq. Bura həmçinin 2-ci qız uşağı olan ailələrə vəsaitlərin verilməsi də daxildir. Amma pulun nə qədər və hansı formada verilməsi hələ ki dəqiq deyil. Məsələ barəsində Nazirlər Kabinetində təkliflər paketinə müvafiq qaydada baxılandan sonra dəqiq informasiya vermək olar”.

Nazirliyin şöbə müdiri bildirib ki, problemi aradan qaldırmaq üçün təklif olunan paketə maarifləndirmə işi, inzibati məsuliyyətlər və bir sıra məsələlər daxildir.

Sevinc TELMANQIZI


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR