İnsanlara hürriyət, millətlərə istiqlal!

MÜSAVAT MƏCLİSİNƏ YENİ SƏDR SEÇİLDİ

5873 27.12.2010 09:38 Gündəm A A
Məclis Müsavat Partiyasının himninin oxunması ilə açıq elan edildi. Məclis sədri postu boş olduğundan, iclasa partiya başqanı İsa Qəmbər sədrlik edirdi.
Öncə Cəlilabad rayon təşkilatına sədr seçilən Hidayət İsmayılovun səlahiyyətləri təsdiqləndi. Ardınca yeddi nəfərlik say komissiyası yaradıldı, Məclis sədrliyinə, Divan və Məclis üzvlüyünə namizədlərin təqdimatı oldu.
Təqdimatdan sonra Müsavat başqanı bildirdi ki, hər məclis seçkilərində bu qədər partiya funksionerinin namizədliklərini irəli sürməsi və onlar arasında aparılan çətin seçim partiyanın canlı bir orqanizm olmasını və inkişaf etdiyini sübut edir. Daha sonra Divan və Məclis üzvlüyünə seçkilərin keçirilməsi məsələsi müzakirə olundu.
İ.Qəmbər qeyd etdi ki, Vurğun Əyyub Türkiyədə olmasına baxmayaraq, Divan üzvü olaraq qalır. Müsavat Məclisindəki 26 yerə 35, Divandakı 3 yerə isə 6 namizəd iddialı idi. Divan üzvlüyünə namizədliyini Tofiq Yaqublu, Tural Abbaslı, İkram İsrafil, Sevinc Hüseynova, Vəfa Cümşüdlü və Hamlet Səfixanlı irəli sürmüşdü.
Çıxış edən Məclisi üzvü Mirbaba Babayev Məclis sədri vəzifəsinə namizədin sayının azlığından narazılığını bildirdi.
Qeyd edək ki, sədrliyə iddialı olan Divan üzvləri Adil Qeybulla, eləcə də Qabil Hüseynli toplantıya qatılmamışdılar.
Divan üzvü Nüşabə Sadıxlı qeyd etdi ki, ilk vaxtlar Məclis sədrliyinə namizədliyini irəli sürməyində məqsədi Sülhəddin Əkbərin və İbrahim İbrahimlinin istefasından sonra Müsavat Partiyasında Məclis sədrliyinə kifayət qədər ziyalının namizəd olduğunu göstərmək olub.
N.Sadıxlı partiya Divanının digər üzvü Adil Qeybullanın ünvanına bəzi tənqidi fikirlər də səsləndirdi: “İbrahim İbrahimli haqqında fikrim bir az fərqlidir, amma Sülhəddin Əkbərin partiyadan istefa verməsi öncədən düşünülmüşdü”.
N. Sadıxlı A. Qeybullanın mətbuata açıqlamasında onun ünvanına dediyi sözləri “siyasi mədəniyyətdən uzaq” kimi qiymətləndirdi: “O deyib ki, Nüşabə xanım oyuna salınıb. Özünü mədəni hesab edən insan bu cür ifadələr işlətməməlidir. Adil bəy bildirdi konsensus olsun. Amma vahid namizəd o olsun. Bu hansı məntiqə uyğun gəlir? Məclis sədrliyinə iddialı idisə, namizədliyini irəli sürüb seçkiyə qatılmalı idi. Mən hiss edirəm ki, bu Müsavat Partiyasını nüfuzdan salmağa yönəlik siyasətin davamıdır”.
Müsavat başqanı isə N. Sadıxlının fikirləri ilə razılaşaraq, bildirdi ki, partiyada Məclis sədrliyinə namizədliyini vermək üçün hər kəsə bərabər şərait yaradılıb: “Müsavat Azərbaycanda seçkilərin gizli səsvermə yolu ilə həyata keçirildiyi yeganə partiyadır. Kimsə bizə kənardan demokratiya dərsi keçəndə bu qeyri-səmimi xarakter daşıyır. Bəziləri ”konsensus" deyərkən başqa şey nəzərdə tutub. Konsensus “əgər siz məni seçirsinizsə, bu, konsensusdur, razılaşmasanız konsensus deyil” anlamını daşımır. Bu cür mənasız, məntiqsiz yanaşma ilə özlərini hörmətdən salmasınlar. Müsavat yüz ilin partiyasıdır. “Tək qalsam da Müsavatdan getmərəm”, - deyən on minlərlə müsavatçı var. Hər bir müsavatçı partiyanın seçkili orqanına namizədliyini irəli sürə bilər. Kimlərinsə getməsi ilə Müsavat Partiyasına heç nə olan deyil. Gedənləri də, getməklə bağlı anons verənləri də görmüşük. Müsavat kimi partiyanın şərəfi, ləyaqəti ilə oynamaq şərəfsizlikdir. Özlərinə hörmətlə yanaşsınlar".
Sonra partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Müsavat Partiyasının 2011-ci il üçün fəaliyyət planı açıqladı. Fəaliyyət planına partiyanın VIII qurultayının keçirilməsi, 2011-ci ilin “Müsavat ili” elan olunması, partiyaların dövlət büdcəsindən maliyyələşməsi ilə əlaqədar fəaliyyət və hərbi, iqtisadi və digər islahatlara dair proqramlarının təkmilləşdirilməsi, yerlərdəki strukturlarla əlaqələrin genişləndirilməsi, “Müsavat ili” ilə bağlı müxtəlif dəyirmi masaların, konfransların, beynəlxalq forumların təşkili, habelə demokratik düşərgənin toparlanması ilə bağlı İctimai Palatanın yaradılması istiqamətində səylərin artırılması və digər məsələlər daxildir. Plana “AXCP-Müsavat” seçki blokunun fəaliyyətinə xitam verildikdən sonra AXCP ilə əməkdaşlığın şəraitə uyğun olaraq qurulması və dərinləşdirilməsi də daxildir.
Müsavat Məclisinin üzvü Qubad İbadoğlu isə partiyanın 2010-cu il ölkənin sosial-iqtisadi vəziyyəti ilə bağlı bəyanatını səsləndirdi. O, sualları cavablandırarkən bildirdi ki, müvafiq qurumlar enerji daşıyıcıları və nəqliyyatda gediş haqlarının artırılması üçün Tarif Şurasına müraciət edib.
Daha sonra partiyanın parlament seçkilərinin nəticələrinə dair bəyanatı səsləndirildi. Bəyanatda seçkilərin antidemokratik keçdiyi, Avropa Şurasının Venesiya Komissiyasının tövsiyələrinin yerinə yetirilmədiyi, Seçki Məcəlləsinə mürtəce dəyişikliklər edildiyi bildirilir. Sənəddə həmçinin ölkədə sərbəst toplaşmaq zadlığının faktiki tiki olaraq ləğv edildiyi qeyd olunur.
Sonra Müsavat başqanının müavini Arzu Səmədbəyli 2011-ci ilin “Müsavat ili” elan olunmasına dair Müsavat Partiyasının qərarını səsləndirdi. Qərarda qeyd edilir ki, Müsavat Partiyası müsəlman Şərqində yaradılan ən uzunömürlü, demokratik dövlətçilik ənənəsinin yaradılmasında mühüm rolu olan partiyadır.
Qeyd edilən sənədlər səsə qoyularaq qəbul edildi.
Partiyanın başqanı İsa Qəmbər Təşkilat Komitəsinin sədri seçildi.
Qurultayın konkret hansı tarixdə keçirilməsi ilə bağlı qərar verilməsə də, partiyanın ali toplantısının 2011-ci il aprel, yaxud may ayında keçirilməsi planlaşdırıldı.
Ardınca bir saatlıq fasilə elan edildi və seçkilər keçirildi.
A.Səmədbəyli 58 səs lehinə, 21 səs əleyhinə olmaqla Məclis sədri, İkram İsrafil 48, Tofiq Yaqublu 53, Tural Abbaslı isə 45 səslə Divan üzvü seçildilər. Məclis üzvlüyündə boş olan 26 yeri tutmaqdan ötrü namizədliyini irəli sürmüş 36 nəfərdən 9-u partiyanın bu orqanına seçildi. Leyla Mustafayeva, Nigar Yaqublu, Akif Bədirli 73, Valeh Hümətoğlu və Səxavət Soltanlı 67, Yeganə Hacıyeva 66, Aydın Acalov və Rüfət Hacıbəyli 65, Lətafət Hüseynova 62 səslə Məclis üzvləri seçildilər.
Sonra söz alan A.Hacılı partiya strukturunda sağlam atmosferin mövcud olduğunu, siyasi vəziyyətin dəyişəcəyini, Müsavat Partiyasında proseslərin daha dinamik olacağını söylədi. Hüquqşünas Osman Kazımov partiyaların birləşəcəyi və ya yeni bir partiyanın yaradılacağı halda qarşıda duran mürəkkəb prosedurlardan danışdı.
Ən sonda Müsavat başqanı “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin 2001-ci ildə ona layiq gördüyü mükafatdan imtina etdiyini bəyan etdi: “Bu təşkilat bu il İlham Əliyevi jurnalistlərin dostu adlandırdı. Azərbaycanda həbs etdirilən, qətlə yetirilən jurnalistlər ola-ola İlham Əliyev necə jurnalistlərin dostu ola bilər? İlham Əliyev azərbaycanlı jurnalistlərə heç müsahibə vermir. 2001-ci ildə bu təşkilat məni ”Jurnalistlərin dostu" elan edib, bu il isə İlham Əliyevi. Bu səbəbdən o zaman mənə verilən mükafatdan imtina edirəm".
Müsavat Məclisi 2 saylı Şərur seçki dairəsindən “AXCP-Müsavat” blokunun vahid namizədi Səxavət Əlisoyun yaxınlarına və Göyçay rayonunda namizəd Vidadi İsgəndərliyə olan təzyiqləri, Lənkəran rayon təşkilatının sədri Yadigar Məmmədlinin çalışdığı iş yerindən çıxarılmasını pisləyən bəyanat da qəbul elədi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR