İnsanlara hürriyət, millətlərə istiqlal!

Kərəm Həsənovun bazar əhvalatı


“Yeni Müsavat” qəzeti olaraq bir daha tenderin qalibi olan və dövlət əmlakına məxsus “8-ci kilometr” bazarını özəlləşdirən şəxsin kimliyini öyrənməyə çalışdır. Lakin Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov bildirdi ki, bazarı alan şəxs fiziki şəxsdir və mətbuatda kimliyinin açıqlanmasını istəmir. Bu səbəbdən həmin şəxsin adını açıqlaya, əlavə məlumat verə bilmərik. 

“8-ci kilometr” bazarının özəlləşdirilməsi haqqında bazarda gəzən söz-söhbəti öyrənmək üçün sözügedən ticarət mərkəzinə üz tutduq. Onlarla satıcı ilə həmsöhbət olsaq da, onlardan heç biri bu haqda danışmaq istəmədi. Satıcılardan yalnız biri qeyd etdi ki, bu tenderin keçirilməsi sadəcə simvolik bir addımdır. Əslində bazara əvvəl kim rəhbərlik edirdisə, indi də həmin şəxsə məxsusdur. Satıcıların bir qismi isə ümumiyyətlə bu haqda məlumatlarının olmadığını bildirdi. Satıcılarla apardığımız söhbətdən məlum oldu ki, məlum informasiya hər kəsdə var, lakin bu haqda susmaq əmri alıblar.  

Qeyd edək ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi 5 dekabr 2014-cü il tarixində komitənin rəsmi saytında “8-ci km ticarət mərkəzi” səhmdar cəmiyyətinin səhmlərinin satışı üzrə tender elan edib . “8-ci km ticarət mərkəzi” səhmdar cəmiyyətinin səhmlərinin 1 milyon 31 min 82 manat olduğu açıqlanıb. Tenderin şərtlərinə görə, bazarın səhmlərinin 99,89 faizi yeni investorun olacaq. Bunun müqabilində tenderin qalibi dövlət büdcəsinə 312 min manat köçürməlidir. 


Müsabiqənin şərtlərinə görə, hazırda “8-ci kilometr” bazarını alan şəxs bir sıra tələbləri yerinə yetirməlidir. Əgər bazarın yeni sahibi bu şərtlərə əməl etsə, yaxın zamanlarda orada tikili və qurğular müasir standartlara uyğunlaşdırılacaq, bazara yeni avadanlıqlar alınacaq, ərazi abadlaşdırılacaq, işçilərin sosial təminatı üzrə iş aparılacaq. 

Ancaq satıcılarla apardığımız söhbətdən məlum oldu ki, onlara bu haqda heç nə deyilməyib. “8-ci kilometr” bazarı artıq yarım aydan çoxdur ki, yeni bir şəxsə məxsus olsa da onun burada hansı dəyişikliklər aparacağı bazar əhlinə də məlum deyil. Lakin satıcılar  burada hər hansı təmir və yenidənqurma işlərinin aparılacağı təqdirdə icarə haqlarının artacağından narahatdırlar. Onlar bazarın palçıqdan, çirkabdan azad olunmasını istəsələr də hazırkı icarə şərtlərinin dəyişdirilməsini istəmirlər.  

Bəs görəsən, dövlət əmlakının səhmlərinin satılması ilə bağlı informasiyaların cəmiyyətdən, mətbuatdan gizli saxlanılması qanunvericiliyə nə dərəcədə uyğundur? Əmlak Məsələləri Dövlət Komitəsi tenderin qalibi olan şəxsin kommersiya maraqlarının qorunması xətrinə bu informasiyaları məxfi saxlaya bilərmi? 


Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov bildirdi ki, “8-ci kilometr” bazarı dövlət əmlakı olduğu üçün və burada dövlət əmlakının satışı həyata keçirildiyi üçün Əmlak Məsələləri Dövlət Komitəsi həmin əmlakın kimə və hansı şərtlərlə satıldığı haqqında ictimaiyyətə məlumat verməlidir: "Əgər söhbət hansısa fiziki şəxsin özəl bir mülkü almasından getsəydi burada kommersiya sirrindən danışmaq olardı. Ancaq burada söhbət dövlət əmlakının özəlləşdirilməsindən gedir. Dövlət əmlakı özəlləşdirilən zaman birmənalı şəkildə alan şəxsin kimliyi, ödənilən məbləğ və sair haqda ictimaiyyətə məlumatların verilməsi və bütövlükdə satış şərtlərinin cəmiyyətə çatdırılmasına ehtiyac var. Çünki tenderlərin şəffaf keçirilməsi bütövlükdə özəlləşdirmə prosesinin əsas məqsədlərindən biri olmalıdır. Bu məsələdə tenderin qalibi olan şəxsin kommersiya maraqları ilə cəmiyyətin informasiaya almaq hüququnun müqayisəsi aparılır. Təbii ki, Əmlak Komitəsinin vəzifəsi bu cür məlumatların ictimaiyyətlə bölüşdürülməsidir". 


Ekspertin sözlərinə görə, tenderlərin qalibləri adlarının gizli saxlanılmasını istəyə bilər, lakin komitə öncədən bu şərti xatırlatmalıdır: “Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı xüsusi prinsiplərin qəbul olunmasına ehtiyac var. İddiaçının fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq bu məlumatların ictimaiyyətə açıqlanması ilə bağlı bir prinsip qəbul olunmalıdır. Tenderdə iştirak edən şəxslər öncədən bilməlidirlər ki, onların məlumatları cəmiyyətə açıqlanacaq. Nəzərə alaq ki, ”8-ci kilometr" bazarının satışı elə də çətin məsələ deyil. Bu bazara tələbat çox yüksəkdir. Həm sahəsinin geniş olması, həm də yerləşdiyi ərazi bu bazara yüksək tələbatı formalaşdırır. Ona görə də birmənalı şəkildə Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirmə məsələləri ilə bağlı şəffaflıq prinsiplərinə əməl etməlidir".

Görünür, sözügedən ticarət mərkəzinin yeni sahibinin sirr saxlanması haqda göstəriş “yuxarıların” sifarişidir. Ola bilər, bu səbəbdən də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tabeçiliyindəki işçilərə tapşırıq verib ki, mövzu haqda mediaya danışmasınlar. Nə bilmək olar, bəlkə də “8-ci kilometr bazarı”nın yeni sahibi elə Kərəm Həsənov özüdür...  
Mövzunu diqqətdə saxlayacağıq.

Nərgiz LİFTİYEVA

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2020

BÜTÜN XƏBƏRLƏR