İnsanlara hürriyət, millətlərə istiqlal!

“İSRAİLLƏ MÜNASİBƏTLƏRİN ƏSASINI ELÇİBƏY HAKİMİYYƏTİ QOYUB”

1423 17.02.2010 02:44 Gündəm A A
Bəs Azərbaycan müxalifəti Azərbaycanla İsrailin münasibətlərinin yaxınlaşmasına necə baxır?
Müsavat başqanının müavini Qabil Hüseynlinin münasibəti müsbətdir: “Burda həyəcan doğuracaq bir şey görmürük. Bəzən mətbuatda müxtəlif yorumlara rast gəlinir ki, guya bu proses İranı qəzəbləndirir və sair. Amma Azərbaycan suveren dövlətdir. Xarici siyasət xəttini müəyyənləşdirməkdə də suverendir. Təsəvvür edin ki, İsrail Ermənistanın təkidlərinə baxmayaraq, strateji tərəfdaş kimi onları deyil, Azərbaycanın təklifini qəbul edib”.
Q.Hüseynlinin fikrincə, iki dövlət arasında münasibətlər Azərbaycana müəyyən dividentlər gətirə bilər: “ Məsələn, İsrail Azərbaycanda hərbi sənaye sahəsinin yenidən qurulmasına, onların daha modern növlərinin yaradılmasına yardımçı ola, Azərbaycanda sovet dönəmindən qalan hərbi zavodların yenidən qurulmasında yaxından iştirak edə bilər. İsrailin kənd təsərrüfatı sahəsində də böyük təcrübəsi var. Taxıl, üzüm və digər meyvə növlərinin yetişdirilməsində də İsrail təcrübəsindən istifadə etmək olar. Bu da Azərbaycanın ərzaq proqramının həyata keçirilməsində böyük rol oynaya bilər”.
Q.Hüseynli yəhudi lobbisinin dünyanın böyük dövlətlərə təsiri və dünya mediasını yönləndirmək baxımından əhəmiyyətli rol oynadığını da qeyd etdi: “Ermənistan kimi lobbisi olan və dünya ictimai rəyinə təsir göstərmək imkanları olan dövlətlə qarşı-qarşıyayıq. Bu şəraitdə, İsrailin dəstəyinə ehtiyacımız var. İkili münasibətlərin bölgədə təhlükəsizliyin artırılmasına xidmət edəcəyinə inanıram”.
KXCP sədri Mirmahmud Mirəlioğlu bütün dövlətlərlə yaxınlaşmaq cəhdlərinin normal olduğunu dedi. Bir şərtlə ki, Azərbaycanın dövlət maraqları birinci olsun: “Azərbaycanın dövlət maraqları qorunmayacaqsa, hansısa dövlətlə yaxınlaşmağın əhəmiyyəti yoxdur. İsraillə Azərbaycanın münasibətlərinin tarixi var. Bu münasibətlərin bünövrəsini Elçibəy hakimiyyəti qoyub. Münasibətlər bu istiqamətdə davam etdiriləcəksə, bu normaldır. Amma burada hər kəs özünün maddi, siyasi, ya da iqtisadi maraqlarını güdəcəksə, bunu heç kim alqışlamayacaq”.
Ümid Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Nəsimi Məmmədli dedi ki, Azərbaycanın öz maraqlarını qoruya biləcək bütün qonşu, o cümlədən yaxın region dövlətləri ilə yaxın münasibətdə olması çox önəmlidir: “Bizim Dağlıq Qarabağ problemimiz var. Həm də ermənilərin azərbaycanlılara və türklərə qarşı qaldırdığı qondarma soyqırım iddiaları ilə bağlı informasiya müharibəsində İsraillə türk dövlətlərinin maraqları üst-üstə düşür. Bu münasibətlərin normallaşması Azərbaycanın strateji maraqlarına cavab verir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR