Azərbaycan məhkəməsindən sensasion qərar
Dünənki prosesdə E.Fətullayevin vəkili İsaxan Aşurov müvəkkilinin dəmir barmaqlıq arxasında deyil, mövcud qanunvericiliyə uyğun olaraq onun yanında əyləşdirilməsini vəsatətlə məhkəmədən xahiş etdi.
Hakim bildirdi ki, İsaxan Aşurovun Eynulla Fətullayevin əyləşdirildiyi dəmir barmaqlığa yaxın əyləşməsini təmin edə bilər. Vəkil isə hakimin bu fikrinə “mümkünsə məni Fətullayevin yanında yox, Fətullayevi mənim yanımda əyləşdirin”, replikası ilə cavab verdi. Hakim isə məhkəmə tərkibini elan edəndən sonra bu məsələyə münasibət bildirəcəyini açıqladı. İsaxan Aşurov hazırlıq iclasında verilmiş qərarlarda uyğunsuzluqlar olduğunu məhkəmənin diqqətinə çatdırdı:
- Biz xoş niyyət nümayiş etdirib təklif edirik ki, yaranmış vəziyyətlə bağlı rəhbərliyə məruzə olunsun. Biz istəmirik ki, Eynulla Fətullayevin saxlanıldığı 12 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi, əməkdaşları gəlib burada pis vəziyyətə düşsünlər. Bəlkə oturaq vəziyyəti müzakirə edək?
Hakim:
- Konkret vəsatətiniz varsa verin.
İsaxan Aşurov bir qədər əvvəl verdiyi vəsatətə münasibət açıqlanmasını məhkəmədən xahiş etdi. Hakim vəkilin vəsatətinə dövlət ittihamçısı Elçin Nağıyevin münasibətini öyrəndi. E.Nağıyev vəsatətin təminini məhkəmənin səlahiyyətinə buraxdı. Hakim yerindəcə E.Fətullayevin vəkilinin yanında əyləşməsi barədə qərar verdi. Konvoy rəisi Qəzənfər Əliyevə qərarın icrasını tapşıran hakim onun sərt reaksiyası ilə rastlaşdı:
- Qərarı icra edə bilmərəm. Bu mümkün deyil!
İ.Aşurov:
- Mən bu hərəkətə qəti etiraz edirəm.
Q.Əliyev:
- Ədliyyə nazirinin 29 mart “11 t” nömrəli təlimatına əsasən bunu edə bilməyəcəyəm.
Hakim:
- Qərarı icra edin!
- Mən heç kiməm, icra edə bilmərəm. Qərarı yaz ver.
İ.Aşurov:
- Yaz yaxandan as ki, heç kimsən...
Konvoy rəisi məhkəmənin Azərbaycan Respublikası adından verdiyi qərarı icra etməkdən qəti şəkildə imtina etdi. Hakim məhkəmə zalını tərk edib, qərar icra ediləndən sonra geri dönəcəyini bildirdi. Onun ardınca Q.Əliyev də məhkəmə zalını tərk etdi. Təxminən 20 dəqiqə sonra geri dönən konvoy rəisi İsaxan Aşurovun əyləşdiyi masanın arxasına bir stul qoyub, Eynulla Fətullayevdən dəmir barmaqlıq arxasından çıxıb, həmin stulda əyləşməsini xahiş etdi. Hakim məhkəmə zalına qayıdandan sonra Q.Əliyevə xəbərdarlıq elan etdi. Dövlət ittihamçısı ittiham aktını elan edəndən sonra hakim E.Fətullayevdən özünü təqsirli bilib-bilmədiyini soruşdu. E.Fətullayev qəti şəkildə özünü təqsirli bilmədiyini açıqlayaraq, hakimə təşəkkürünü bildirdi:
- Sizə belə bir president yaratdığınıza görə təşəkkür edirəm. Onu da qeyd edirəm ki, bu president təsadüfi deyil. Avropa Məhkəməsinə, daha doğrusu, müqəddəs dəyərlərə qiymət verən Avropaya, müqəddəs dəyərlərin keşiyində dayanan Strasburqa, Avropa Şurasına dərin minnətdarlığımı bildirirəm... Bu hərəkətlər mənim pozulan hüquqlarımın sübutudur. Təsəvvür edin ki, Avropa Məhkəməsinin qərarını gözləyən Rusiyanın tanınmış simaları Xodorkovski və Platon Lebedevə qarşı da belə saxta, qondarma ittihamlar verilib. Azərbaycan hakimiyyətinə məni belə insanlarla yanaşı qoyduğuna görə təşəkkür edirəm. İlham Əliyev prezident kimi and içəndə Anayasaya və Qurana əl basaraq demişdi ki, hər bir azərbaycanlının pozulan hüquqlarının təminatçısı olacaq.
Hakim:
- Fətullayev, siyasiləşdirməyin.
- Bu siyasi motivli işdir möhtərəm hakim. Eynulla Fətullayev narkoman deyil. İlham Əliyev bəyan edib ki...
Bu yerdə dövlət ittihamçısı E.Fətullayevin sözünü kəsdi:
- Xahiş edirəm ki, mənim yerimi dəyişin, çəkişmə üçün şərait yaransın.
Hakimin göstərişindən sonra dövlət ittihamçısının da yeri dəyişdirildi.
Bundan sonra E.Fətullayev sərbəst ifadəsini davam etdirdi:
- İlham Əliyev Qurana və Anayasamıza əl basaraq deyib ki, mövqeyindən, irqindən, dinindən, dilindən, siyasi baxışlarından asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının hüquqlarının qarantı və təminatçısıdır. Pozulmuş hüquqları bərpa edəcək. Ümid edirəm ki, İlham Əliyev dövlət başçısı olaraq mənim də hüquqlarımın təminatçısı ola bilər. Mən üzləşdiyim qanunsuzluqlarla bağlı çox maraqlı paralellər apara bilərəm. Rusiyanın nüfuzlu “Nyusvik” (Newsweek) jurnalının baş redaktoru Mixail Fişman işdə oturub yazı yazarkən ona zəng edib deyiblər ki, internetdə onun narkotik qəbul etməsi ilə bağlı videosüjet yayılıb. Araşdıranda isə məlum olub ki, bu videomontajdır. Buna görə Rusiya ictimai fikrində partlayış olub. Rusiyanın ən aparıcı jurnalisti Anton Nosik xarici səfərdən qayıdarkən FSB əməkdaşları onu saxlayıblar. Deyiblər ki, sizdə narkotik var. Eynilə məndə də belə olub. Nosik deyib ki, mən narkoman deyiləm. Onun tanışlarından biri bu səhnəni görüb və Amerika, Avropa dövlətlərinin səfirliklərinə bu barədə məlumat verəndən sonra onların müdaxiləsi nəticəsində azad edilib. Anton Nosikə, mənə qarşı istifadə olunan üsul əski KQB-də hazırlanıb, hazırkı FSB də bundan istifadə edir. Bu, DTK sədri Yuri Andropovun hazırladığı konsepsiyadır. 1975-ci ildə Helsinki yekun aktı qəbul olunana kimi bu konsepsiyadan Reyqanın “şər yuvası”, Soljenitsının “qırmızı çarx” adlandırdığı sovet imperiyasında istifadə ediblər. Andropov deyirdi ki, intellektual insanları siyasi baxışlarına görə həbs edib, onları dissidentə çevirməkdənsə bu üsuldan istifadə etmək lazımdır. Mən dövlət ittihamçısına ritorik suallar verirəm, cavabını özüm verəcəyəm. Məgər İosif Brodski tüfeyli idi? Xeyr, deyildi. O, həbsdən azad ediləndən sonra Nobel mükafatı da alıb. Amma onu tüfeyliliyə görə 3 il həbsxanada saxlamışdılar. Məgər Vlad Bukovski xuliqan idi? Onu buna görə 7 il həbs cəzasına məhkum etmişdilər. Məgər azərbaycanlı bloggerlər xuliqandırlar? Eynulla Fətullayev narkomandır? Qənimət Zahid xuliqandır? Yox, yenə də yox. Özümə söz vermişdim ki, heç vaxt həbsxana xatirələrinə qayıtmayacağam. Loqinski Danieldən həbsxana xatirələri haqda soruşur, o da deyir ki, mən bu haqda xatırlamaq istəmirəm. Amma Azərbaycan hakimiyyəti mənə belə əzablı dəqiqələr, günlər, aylar, illər yaşadıb. Bilirsiz, 12 saylı müəssisə necə bir cəzaçəkmə müəssisəsidir? Məni Bayıldan ora göndərəndə məhbuslar dedilər ki, ora konslagerdir, qırmızı zondur. Orada hər şeyi rəhbərlik müəyyən edir. Hətta ümumi əhval-ruhiyyəni də. Məşhur oğru, Lotu Bəxtiyar bilirsiz 12 saylı müəssisə haqda nə deyib? Deyib ki, kim ora öz adı ilə girib, öz adı ilə oradan çıxırsa, o bizim qardaşımızdır. Mən oradan öz adımla çıxmışam... Hansı narkotikdən danışırsınız? Biz orada yaşamaq uğrunda mübarizə aparmışıq. Soljenitsın yazır ki, Stalinin dövründə 2 cür kars vardı. Biri həddindən artıq soyuq, o biri həddindən artıq isti; ora “suşilka” deyirdilər. Məni “suşilka”da 11 gün saxlayıblar. Bilirsiz nəyə görə? Yeməyə pambıq yağı qatılmasına etiraz etdiyimə görə. Siz hansı narkotikdən danışırsınız? Sonra da məni seksual azlıqlarla bir karserə salmaq istəyiblər.
Hakim:
- Bunu qeyri-insani rəftar kimi qeyd edək?
- Bəli. Mən II Xrebtovıda anadan olmuşam. Çox yaxşı bilirəm ki, üzdəniraqlardan kənar gəzmək lazımdır. Türmə administrasiyası 2008-ci il aprelin 20-də məni seksual azlığın nümayəndəsi olan bir məhbusla bir karserə salmaq istədi. Amma ciddi müqavimətimdən sonra, özümə xəsarət yetirəndən sonra məni başqa bir karserə saldılar. Bundan 5 ay sonra daha bir təxribata əl atdılar. Bir məhbus yaxınlaşıb dedi ki, mənə niyə elə baxırsan? Ona heç nə etmədiyim halda üzr istədim. Amma tutub əməliyyat şöbəsinə apardılar. Rəisi də dedi ki, niyə prezidentə qarşı iş aparırsan? Təsəvvür edirsiz, bataqlığın içində olan biri mənə belə sözlər dedi. 12 iyun 2009-cu ildə daha bir təxribat oldu. Səhər həmişə olduğu kimi, tualet axtarışından sonra baraka qayıdanda gördüm əllərində balta, bıçaq olan məhbuslar oturub. Onlar məni yanlarına çağırdılar. Dedilər ki, daha müəssisədəki şəraitə dözə bilmirlər, namaz qılmağa belə imkan verilmir. Soruşdular ki, onlara qoşuluram ya yox. Dedim ki, sizinləyəm. Amma legitim üsullarla mübarizə aparaq. Bir torba götürüb bütün silahları yığdım. Aparıb rəhbərliyə təhvil verdim. Onda hamı qaçıb gizlənmişdi. Ədliyyə nazirinin müavini Mahir Musayev gəldi. Dedi ki, mənə zəng edib deyiblər ki, Eynulla Fətullayev 12 saylıda bunt qaldırıb. O isə gəlib əksini gördü. Mən ona məhbusların tələbini çatdırdım. Razılaşdı. Dedi ki, tədbir görüləcək. O, çox vicdanlı adamdır, ona və ədliyyə naziri Fikrət Məmmədova təşəkkür edirəm. Onlar məni bir çox təxribatlardan qoruyublar. Mən məhbuslara Mahir Musayevin dağılışmaları barədə istəyini çatdırdım. Dağılışdılar. Amma səhər onları bir də yenidən təxribata çəkdilər. Axşam qan su yerinə axdı. İnsanların dərisinin soyulmasını gördüm. Cəzaçəkmə müəssisələrində dəhşətli vəziyyətdir, mən “sos” siqnalı verirəm... İyul ayında yanıma hakimiyyətin 2 nüfuzlu nümayəndəsi gəldi. Söz verdiyimdən onların adını açıqlamıram. Dedilər ki, dövlət başçısı səni buraxmaq istəyir. Amma 2 il əvvəl məni MTN-də saxlayanda deyirdilər ki, sən birbaşa dövlət başçısının göstərişi ilə həbsə alınmısan. Dedilər ki, səni bir şərtlə azad edirik. Azad olunandan sonra İlham Əliyev və ailəsindən başqa, kimdən istəyirsən ondan yaza bilərsən. Mən dedim ki, belə olsa, Misir Mərdanov gəlib deyər ki, məni yazıq görmüsən deyə məndən yazırsan? Və ya Ziya Məmmədov elə. Mən bu təklifin qarşısında məhkumluqla vicdan kürsüsünü seçdim. Kimsə kiminləsə düşmənçilik edəndə mərd düşmənlə namərd düşmən seçimi qarşısında qalanda mərdi seçir. Həmin adamlar mənə mandat təklif etdilər. Avropa Şurasında nümayəndəliyə rəhbərlik təklif etdilər. Razılaşmadım.
E.Fətullayev bundan sonra da təxribatla üzləşdiyini dedi. Bildirdi ki, Elçin Behbudovla Mikloş Haraşti onun yanına gələndə sonuncuya Elmar Hüseynovla bağlı apardığı araşdırmaları kitab şəklində hazırladığını və Avropada çap edilməsinə köməklik etməsini xahiş edib. 2 gün sonra isə həmin kitaba daxil ediləcək əlyazmaları ondan alıblar. Həbsxana divarları arasına düşməyi heç kimə arzulamayan E.Fətullayev bununla bağlı Soljenitsının fikirləri ilə razı olmadığını açıqladı. Bildirdi ki, 1, 2, 5, 6, 8, 16, saylı cəzaçəkmə müəssisələrində narkotiklərin dövriyyəsi mövcuddur. 12 saylı müəssisədə isə rəisi Avtandil Ağayevin sayəsində narkotiklərin dövriyyəsinin qarşısı alınıb. Buna görə də A.Ağayevin rəmzi cinayətlərini bağışlamağın mümkün olduğunu dedi:
- Avtandil Ağayev deyir ki, öz övladlarının, nəvələrinin gələcəyini düşünüb belə bir addım atmır. Baxmayaraq ki, Ədliyyə Nazirliyinin bəzi yüksək rütbəli məmurları dəfələrlə ondan bunu tələb ediblər.... Bir gün Mikayıl Müşfiqin ayaqqabısı cırılır. Yenisini almağa imkanı olmadığından, ayaqqabı ustasının yanına gedir. Onu Hüseyn Cavid görür. Mikayıl Müşfiqə deyir ki, qoy insanın ayaqqabısı yamaqlı olsun, amma vicdanı yamaqlı olmasın. Mən ona görə Avropa Məhkəməsinin qərarını bu cür səbrlə gözləyirdim. Bilirsiz, iyun ayında Xanlar Hacıyev Bakıya gəlib və bu biabırçılığa son qoyulmasını istəyib. Deyib ki, Avropa Məhkəməsində bu işlə bağlı birbaşa qərar çıxaracaqlar. Amma onu eşitməyiblər. Ona görə də bu biabırçılığın şəriki olmamaq üçün istefa verdi. Bundan 10 gün sonra “Aqo” qrupunun rəhbəri Stelian Stoyan mənim yanıma gəldi. Onunla söhbətdə Cozef Baydenin dissidentlərlə bağlı sözlərini çatdırdım. Bizim söhbətimizi İlham Əliyevə tamam yalan və saxtakarlıqla çatdırıblar... Mən qətiyyətlə o fikirləri təkzib edirəm. Mən belə söz deməmişəm. Mən heç vaxt heç kimi təhqir etmərəm. Bunu özümə də rəva bilmirəm. Mən İlham Əliyevin siyasətini sərt tənqid də bilərəm, amma təhqirdən söhbət gedə bilməz.
Fasilədən sonra E.Fətullayev repressiyaya məruz qaldığını dedi. Bundan sonra 12 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat şöbəsinin rəisi Kərim Şirinov sərbəst ifadə verdi. Cibindən çıxardığı dəsmalla tez-tez tərini silən rəis ona ünvanlanan sualları hakimə, dövlət ittihamçısına yönəltməklə proses iştirakçılarının gülüşünə səbəb olurdu. Suallara konkret cavab verməkdən yayınan rəis prosesin sonuna kimi İsaxan Aşurovu onu çaşdırmaqda ittiham etməkdən də çəkinmirdi. E.Fətullayevin suallarına da cavab verməkdə çətinlik çəkirdi. Rəis iş gününün sonuna kimi müdafiə tərəfinin suallarını cavablandırdı. Bildirdi ki, Fətullayevlə Şirinovun üzərindən narkotik vasitəni o tapmayıb. Müavini Bəhruz Quliyev aşkarlayıb. Hakim iş vaxtı bitdiyindən prosesi aprelin 28-i saat 11:00-a kimi təxirə saldı.






