İnsanlara hürriyət, millətlərə istiqlal!

Döyülərək öldürülən jurnalist dəfn edildi - Ölümlə bağlı bir nəfər həbs olundu - TƏFƏRRÜAT, FOTOLAR - VİDEO

13094 09.08.2015 20:20 Gündəm A A


Avqustun 9-da bir qrup şəxs tərəfindən döyülən jurnalist Rasim Əliyev müalicə aldığı xəstəxanada dünayasını dəyişdi. Hazırda ölkə gündəminin əsas müzakirə mövzusu olan hadisənin baş vermə səbəbi haqda müxtəlif fikirlər səsləndirilir. 

İlkin ehtimallara görə, hadisənin baş vermə səbəbi jurnalistin öz "facebook" səhifəsində “Qəbələ” futbol klubunun oyunçusu Cavid Hüseynov haqda sərt tənqidi fikir yazması olub. 

Məsələ burasındadır ki, Avroliqanın III təsnifat mərhələsinin "Qəbələ" - "Apollon" (Kipr) oyunundan sonra Cavid Hüseynov jurnalistlərə müsahibə verib. Bu zaman kiprli jurnalist ona qaldırdığı Türkiyə bayrağı ilə bağlı sual ünvanlayıb. O isə ingilis dilində "türklər mənim dostumdur" deməklə bərabər, əllərini bir-birinə vuraraq, birlik jesti göstərməklə jurnalistə cavab verib. Həmin an isə görüntülərə düşüb. Amma çox adam bu jesti yanlış anlayıb. Onlardan biri də Rasim Əliyev olub.

Azərbaycanlı jurnalist R.Əliyev də bu görüntülərin yer aldığı xəbəri paylaşaraq, bu sözləri yazıb: "Bu cür əxlaqsız, tərbiyəsiz və özünü idarə etməyi bacarmayan bir futbolçunun, məni Avropa meydanlarında təmsil etməsini istəmirəm".


Musavat.com xəbər verir ki, hər şey də bundan sonra başlayıb. R.Əliyevin paylaşdığı xəbərin şərh bölməsində uzun mübahisələr gedib. Daha sonra ona zəng edərək, hədə-qorxu gəliblər. Bir müddət sonra C.Hüseynovun özü jurnalistə telefonla zəng edib və aralarında sakit şəkildə danışıqlar olub. Və məsələ bununla da bitib.

İddialara görə, C.Hüseynovun qohumları bununla kifayətlənməyiblər. Onlar jurnalistə zəng edərək, ona hər şeyin qaydasında olduğunu, C.Hüseynovla danışdıqlarını deyiblər və çay içməyə dəvət ediblər. R.Əliyev də bu təkliflə razılaşıb və onlarla görüşməyə gedib.

Amma C.Hüseynovun qanun tanımayan, "lotu" qohumları onu çay içmək üçün yox, döymək üçün çağırıblarmış. 7-8 nəfər olan və hələ ki, adları məlum olmayan şəxslər, jurnalisti vəhşicəsinə döyərək, xəstəxanalıq ediblər.


Rasim Əliyev özü, atasının maşını ilə yaxınlıqda olan təcili tibbi yardım məntəqəsinə gedib. Sakitləşdirici iynə vurduqdan sonra onu 1 saylı Şəhər Klinik Xəstəxanasına (keçmiş “Semaşko” adına xəstəxana-red.) aparıblar. 

Müayinə zamanı məlum olub ki, Rasim Əliyevin qabırğaları sınıb, sol qulağı eşitmə qabiliyyətini itirib, daxili orqanları da zədələnib. Xəbər dərhal dostları sayəsində hər kəsə çatdırılıb. 

Jurnalistin atası baş verənləri danışır...


Öldürülən jurnalistin atası Məmmədəli Əliyev musavat.com-a açıqlamasında bildirdi ki, oğlunun döyülmə xəbərini aldıqdan sonra xəstəxanaya gediblər. Onlar Rasimlə görüşəndə çox ciddi zərər aldığını görməyiblər. Belində zərbə izləri və buna görə də ağrıları olub. Bir də qulağı zəif eşidirmiş. 

Mərhumun atası deyir ki, xəstəxanada olduğu müddətdə Rasim bir neçə dəfə ailə üzvləri ilə danışıb. Vəziyyətinin yaxşı olduğunu deyib. Atası Məmmədəli Əliyev hadisəni belə şərh edir: “Rasimi müayinə edəndən sonra dedilər ki, 4 qabırğası sınıb. Onun da müalicədən sonra düzələcəyini dedilər. Başqa ciddi bir xəsarətin olduğunu bildirmədilər. Amma həkim onu da söylədi ki, vəziyyəti o qədər də yaxşı deyil. Bədəni istidir, ağrıları indi hiss etmir. Ancaq dünən axşam hər şey dəyişib”.

Məmmədəli Əliyevin sözlərinə görə, oğlunu döyən şəxslər Bakıxanov (Razin) qəsəbəsindən gəliblər. Onlar Cavid Hüseynovun qohumları, tanışları olublar. Oğlunun döyülməsi və nəticədə öldürülməsinə görə hüquq-mühafizə orqanlarına müraciət edəcəyini deyən ata Əliyev, bu hadisəni törədənlərin qısa zaman ərzində cəzalandırılmasını tələb edir.  

Həkim məsuliyyətsizliyi...

Rasimin atası deyir ki, avqustun 9-da gecə saat 1 radələrində vəziyyətinin ağırlaşdığını hiss edən Rasim həkimlərə özü müraciət edib. Həkimlər onun təzyiqinin çox aşağı olduğunu müəyyən ediblər və daxili qanaxmanın olduğunu biliblər. Əməliyyat zamanı Rasimin dalağı çıxarılıb. Məlum olub ki, ağ ciyəri də deşilib. Əməliyyatdan sonra reanimasiyada saxlanılan Rasim süni nəfəs aparatına qoşulub. 


Həkimlər oğlunun həyatına ölüm təhlükəsi olmadığını deyib. Rasimin əməliyyat olunması xəbərini isə gecə saat 2 radələrində biliblər. Xəstəxanaya yerləşdirildiyi vaxt müayinədən keçirilən Rasimin daxili orqanlarına ciddi zərər dəyməsi həkimlər tərəfindən müəyyən edilməyib. Ona xəstəxanada olduğu müddətdə sakitləşdirici iynələr vurulub. Daxili qanaxma isə Rasimin həkimlərə müraciətindən sonra müəyyən edilib.

Rasim Əliyevin ölməmişdən əvvəl dedikləri...

Döyüldükdən sonra xəstəxanaya yerləşdirilən Rasim Əliyev Meydan TV-nin əməkdaşları ilə söhbət edib. Söhbət zamanı deyib ki, onu görüşə dəvət edən şəxs özünü futbolçu Cavid Hüseynovun bibisioğlu kimi təqdim edib. Və onunla görüşməkdə məqsədlərinin çay içib, əvvəl söydükləri söyüşə görə üzr istəmək olub. Lakin görüşə gələn zaman salamlaşdıqdan sonra ətrafda olan 6 nəfər onu döyməyə başlayıb. 


Rasim Əliyevin pul qabı və mobil telefonu da onu döyən şəxslər tərəfindən aparılıb. Jurnalist onu döyənlərdən birini üzdən tanıdığını demişdi. Döyülən jurnalist hadisə ilə bağlı 102 qaynar xəttinə də müraciət edib. 

Jurnalistin ölümündə günahlandırılan Cavid Hüseynov özünü təqsirkar hesab etmir

Futbolçu Cavid Hüseynov hadisə baş verdikdən sonra jurnalistin döyülməsində günahlandırıldığı üçün sosial şəbəkələrdə ciddi şəkildə tənqid olundu. Bundan sonra o, mətbuata açıqlama vermək məcburiyyətində qaldı. 


Sosial şəbəkələrdə futbolçunu müdafiə edənlər də az deyil. Həmin şəxslər Rasim Əliyevin iyulun 25-də təhdid edilməsi ilə bağlı yazdığı fikirləri əsas gətirərək onun ölümünün Cavid Hüseynovla əlaqəsinin olmadığını deyirlər.

C.Hüseynov jurnalistlə telefonla danışdığını etiraf edərək, qarşılıqlı razılığa gəldiklərini demişdi. Hətta bundan sonra Rasim Əliyev öz facebook səhifəsində status yazaraq Cavid Hüseynovdan üzr də istəmişdi. Amma...

Futbolçu hətta xəstəxanada yatan jurnalistə baş çəkməyə də gedib. Bu zaman Cavid Hüseynovun yanında “Qəbələ” klubunun meneceri də olub. Onların arasında olan danışıqdan isə heç kimin xəbəri yoxdur. 

Çünki söhbət zamanı R.Əliyevin yanında heç kim olmayıb. Cavid Hüseynov isə bu haqda danışmayıb. Gecə saatlarında isə Rasim Əliyev vəfat edib. 

"Qəbələ" futbol klubu Cavid Hüseynovu komandadan uzaqlaşdırdı


Klub bəyanat yayaraq, futbolçunun məsələ aydınlaşana qədər komandadan uzaqlaşdırıldığını bildirdi: "Jurnalist Rasim Əliyevin vəfat etməsi xəbərini “Qəbələ” İdman Klubunun hər bir üzvü böyük üzüntü ilə qarşıladı. Heç kimin kiməsə qarşı zor tətbiq etməyə, kimisə hədələməyə ixtiyarı yoxdur və klubumuz həmişə bu prinsipləri ön planda saxlayıb. Daim zorakılıq və aqressiyanı pisləyən sosial proyektlərlə cəmiyyətimizdə sülh və barışın, maariflənmənin vacibliyi bildirilib, bu istiqamətdə irəliləyişə nail olmaq əsas məqsəd olub. Klubumuzun uğursuz çıxış etdiyi vaxtlarda belə, mətbuatın tənqidlərinə qarşı dözümlülük göstərilib, heç vaxt sərt reaksiya verilməyib. Amma dünən baş verən hadisədə futbolçumuz Cavid Hüseynovun adının hallanması bizi çox təəssüfləndirir. Mərhum son müsahibələrində və “facebook” sosial şəbəkəsindəki statusunda futbolçu ilə telefonla danışdığını, aralarında heç bir problemin qalmadığını bildirsə də, sonradan baş verən hadisələr heç də birmənalı deyil. Ona görə də, tezliklə bu məsələnin hüquq-mühafizə orqanları tərəfindən araşdırılacağına, günahkarların layiqli cəzalarını alacaqlarına inanırıq. Bildiririk ki, Cavid Hüseynov komandamız üçün nə qədər vacib oyunçu olsa belə, bu hadisələrə aydınlıq gələnədək əsas komandadan kənarlaşdırılıb. Bir daha mərhuma Allahdan rəhmət, yaxınlarına səbir diləyirik".

Mərhumun cənazəsi evdə olarkən Səbail Rayon Prokurorluğunun əməkdaşları mərhumun babası və atası ilə görüşüb. Özünü Səbail rayon prokurorunun müavini  Əhməd Məmmədov kimi təqdim edən prokurorluq əməkdaşı bildirib ki, hadisə ciddi şəkildə araşdırılır. Prokuror köməkçisi onu da qeyd edib ki, hadisə baş verərkən ərazidə nəzarət kameraları olub və Rasim Əliyevi döyən şəxslər kameraya düşüb. Və qısa zaman ərzində səbəbkarların həbs ediləcəyinə söz veriblər. Prokurorluq əməkdaşları hadisə yerində olan jurnalistlərin suallarını cavablandırmaqdan imtina ediblər.



Jurnalistin ölümünə hökumətdən və hüquq-mühafizə orqanlarından reaksiya...

Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistin öldürülməsinə münasibət bildirib. 

Hadisənin Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürüldüyünü və ciddi araşdırıldığını deyən prezidentin köməkçisi qeyd edib ki, hadisənin baş vermə səbəbləri, iştirakçıların tam dairəsinin müəyyənləşdirilməsi və digər məsələlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək.


Ə.Həsənov onu da bildirib ki, aidiyyəti dövlət orqanlarının məlumatını gözləmədən ayrı-ayrı informasiya resurslarının məsələni müxtəlif istiqamətlərə yozmaq cəhdlərini yolverilməzdir. Prezidentin köməkçisi obyektiv araşdırmanın nəticələrini gözləməyi tövsiyə edib.

Jurnalistin ölümü ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluq da məlumat yayıb. Məlumatda qeyd edilir ki,  faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Hazırda hadisəsinin baş vermə səbəblərinin və iştirakçılarının tam dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məlumatda o da qeyd edilir ki, cinayət işinin istintaqı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin rəhbərliyinin xüsusi nəzarətindədir.

Qeyd edək ki, 31 yaşlı jurnalist uzunmüddət Obyektiv TV-də, daha sonra isə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunda (RATİ) çalışıb. Sonuncu iş yeri isə ann.az saytı olub.  

Cavid Hüseynovun bibisioğlu həbs edildi

Bakı Şəhər Baş Polis İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, prosesdə əsas iştirakçı kimi adı keçən futbolçunun bibisioğlu artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 


Musavat.com-un əldə etdiyi məlumata görə, "Qəbələ"nin sabiq kapitanının həbs edilən yaxın qohumunun (bibisioğlu) ad-soyadı Elşən İsmayılovdur. O da peşəkar idmançıdır, AZAL komandasının əvəzedici heyətində müdafiəçi mövqeyində oynayıb. E.İsmayılovun 21 yaşı var. O, 1994-cü il iyun ayının 21-də anadan olub.

Digər şəxslərin isə yeri müəyyənləşdirilib və yaxın saatlarda onların da saxlanılması istiqamətində tədbirlər görüləcək. Bu barədə ictimaiyyətə geniş açıqlama veriləcək.

Öldürülən jurnalist son mənzilə yola salındı...


Jurnalist avqustun 9-da günorta saatlarında morqdan çıxarıldıqdan sonra Bayıl qəsəbəsində yerləşən mənzillərinə gətirilib. Rasim Əliyevin nəşi valideynlərinə 6 saat morqda saxlanıldıqdan sonra verilib. 

Jurnalist vida mərasimindən sonra Mehdiabad qəbiristanlığında dəfn olunub. Dəfn zamanı mərhumun iş yoldaşları, həmkarları, ictimai-siyasi xadimlər iştirak ediblər. 


Dəfndə iştirak edən arasında yer alan Müsavat Partiyasının başqanı Arif Hacılı bunları dedi: "Rasim Əliyev mövcud rejimin qurbanı oldu. Çünki ölkədə yaranmış özbaşnalıq, cəzasızlıq mühiti elə bir şərait yaradıb ki, insanlar etdikləri hərəkətlərə görə cəza almayacaqlarını düşünürlər. Buna görə də, biz bu gün Rasimi son mənzilə yola salırıq. Hesab edirəm ki, bu qan yerdə qalmalı deyil. Cinayətkarlar öz cəzalarını almalıdırlar. Bu belə çox getməz. R.Əliyevin ailəsinə, öz adımdan, Müsavat Partiyası adından baş sağlığı verirəm. Allah rəhmət eləsin".


İsa Qəmbər: "Rasimi nadan adamlar döyüblər. Onun xəstəxanada qəfil ölümü mənə Rafiq Tağının ölümünü xatırlatdı. Biz düşünürdük ki, Rasim bir neçə günə sağalacaq və ayağa qalxacaq. Hər şey araşdırılmalıdır. Onu döyənlər də, müalicə edən həkimlər də araşdırılmalıdır. Müəyyən edilməlidir ki, cavan bir adam niyə ölüb? Təbii ki, günahkarlar aşkar edilib, qanun qarşısında cavab verməlidirlər". 


Onu da əlavə edək ki, bu, Rasim Əliyev ilk dəfə döyülməsi hadisəsi deyildi. 2013-cü ilin iyun ayında Fəvvarələr meydanında Türkiyədə baş verən Gezi parkı hadisələrinə dəstək məqsədi ilə keçirilən aksiyanı lentə alarkən polis tərəfindən döyülmüşdü. Rasim Əliyevi digər jurnalistlərin gözü qarşısında yumruqlayan polis əməkdaşları tutduqları vəzifədən uzaqlaşdırılmışdılar.

Avqustun 16-da 31 yaşı tamam olacaq olan mərhum jurnalist evlənmək üçün hazırlıqlar görürdü. 

Allah rəhmət etsin. 

Məhəmməd Türkmən
Fotolar müəllifindir. 
  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR