İnsanlara hürriyət, millətlərə istiqlal!

“Biz hakimiyyətin saxta müxalifət ideyasını darmadağın etdik”

1688 12.10.2013 09:27 Gündəm A A
- Cəmil bəy, ATƏT və digər beynəlxalq təsisatlar seçkinin saxtalaşdırıldığı ilə bağlı açıqlama verdilər. Həmin açıqlamalar seçkinin ləğv olunmasına kifayət edirmi?

- Seçki total şəkildə saxtalaşdırıldı. Azərbaycanda 9 oktyabrda hakimiyyətin mənimsənilməsi prosesi baş verdi. Məlum olduğu kimi, hakimiyyətin mənimsənilməsi, Azərbaycan Konstitusiyasının 6-cı maddəsinə görə, xalqa yönəlmiş ən ağır cinayətdir. Bu, bir partiyanın, bir qrup adamın və bir şəxs tərəfindən hakimiyyətin mənimsənilməsi idi. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da hakimiyyətin mənimsənilməsi prosesində iştirak etdi. Bu cinayətkarlıqlarına qanuni don geyindirməyə çalışdılar. Hakimiyyətin mənimsənilməsi nə qədər xalqa qarşı ağır cinayətdirsə, Məzahir Pənahovun bu əməlləri bir o qədər cinayətdir. Məlum olduğu kimi, ATƏT-in bəyanatı elan oldun. Bəyanat başdan ayağa seçkini mənfi qiymətləndirirdi. Göstərilən faktlar seçki saxtakarlığının bütün təfərrüatlarını əhatə etməsə də, seçkinin nəticəsini ləğv etməyə əsas verir.

- Milli Şura əlində olan qanun pozuntularını əks etdirən materiallara görə seçkinin nəticələrinin ləğv olunmasını tələb edir. Hansı hüququ addımı atacaqsınız?

- Biz bütün dairələr üzrə seçki saxtakarlığı ilə bağlı sənədləri almışıq. Bunun içərisində seçkinin kütləvi və total şəkildə saxtalaşdırıldığı, “karusel” əməliyyatını əks etdirən sənədlər də var. Məsələn, onların içərisində bir gün öncə İlham Əliyevin xeyrinə səs vermək üçün əhaliyə paylanan bülletenlər olub. Səslərin sayılması prosesində mənim səslərimin kütləvi şəkildə İlham Əliyevin adına yazılması ilə bağlı faktlar var. Hüquqi baxımdan İlham Əliyevin üçüncü dəfə prezident seçkisində iştirak etməsinin qanunsuz olması ilə bağlı, məhkəmə çəkişməmiz də davam edir. Bütün bunları baza götürməklə, növbəti mərhələdə tərəfimizdən bütün hüquqi addımlar atılacaq.

- Müxalifət seçkinin nəticələrinə etiraz olaraq yeni bir qurumda birləşə bilərmi?

- Biz Milli Şura olaraq fəaliyyətimizi davam etdirəcəyik. Ola bilər ki, Şura daxilində yenidənqurma olsun. Milli Şuranı müxalifətin güc mərkəzinə çevirmişik. Bu prosesi davam etdirəcəyik.

- Prezidentliyə bir sıra namizədlər, xüsusilə də müxalifət adından kampaniyada iştirak edənlər seçki bitər-bitməz İlham Əliyevi təbrik etdilər. Bu fakta münasibətiniz necədir?

- Olduqca neqativdir. Əslində hamı bilirdi ki, bunlar iqtidarın öz saxta müxalifətidir. Ancaq mən onlardan birinin bu cür hərəkətinə təəssüf edirəm. Ümid Partiyasının sədri İqbal Ağazadə debatlarda özünü səviyyəli göstərdi. Lakin İqbal bəylə bağlı bizim əlimizdə əvvəldən də materiallar var idi. Hakimiyyət öz missiyasının bir qismini də onun üzərinə qoymuşdu. Məlum olduğu kimi, bu, baş tutmadı. Ümumiyyətlə, biz bu seçkidə hakimiyyətin saxta müxalifət ideyasını darmadağın etdik. Kimsə bundan sonra saxta olub, müxalifətçilik adına iddia edə də bilməz. Bu ölkənin iqtidarı da, müxalifəti də bəllidir. “Əl müxalifəti”nin nədən ibarət olduğunu debatlar zamanı ortaya qoyduq. Müxalifət adına çıxış edən İqbal bəyin seçkidən sonra bəyanat verib saxta seçkilərin nəticəsini tanıyaraq, İlham Əliyevi təbrik etməsi tamamilə məntiqsiz və əsassızdır. Bu açıqlama onun müxalifətçiliyinin nədən ibarət olduğunu açıq ortaya qoydu.

- 12 Oktyabr mitinqindən gözləntiniz nədir? Növbəti mitinqin əvvəlkilərdən fərqi nədən ibarət olacaq?

- Bu mənim seçicilərimə hesabat xarakterli mitinqim olacaq. Həm də seçki saxtakarlığına etiraz mitinqi kimi nəzərdə tutulub. Millətimizin iradəsini ortaya qoymaq baxımından çox böyük mitinqin olacağını gözləyirəm. Elə buradaca onu da deyim ki, mitinq bizim yeganə mübarizə üsulumuz deyil. Biz bütün istiqamətlər üzrə işləyirik. Xüsusi bir istiqamət də Azərbaycandan kənardakı ciddi ölkələrin ictimaiyyətini məlumatlandırmaqdır. Məsələn, iki gün ərazində beynəlxalq mətbuata açıqlamalarım çox böyük ajiotaja səbəb olub. Oktyabrın 11-də “Moskva times” qəzetində məni məqaləm çıxıb. Rusiyada çıxan bu ingilisdilli qəzet bütün Avropada oxunur. Bundan öncə “Guardian” qəzetində məqaləm çıxmışdı. Bunlar seçkilərin nəticəsini ləğv etməsələr saxta seçkilərin legitimləşdirilməsinə cəhd etsələr, bizim də müxtəlif mübarizə üsullarımız gündəmə gətiriləcək.

- İqtidar mediasında, xüsusi ilə də telekanallarda “Guardian” qəzetindəki yazınızda Qarabağı mübahisəli ərazi kimi göstərməyinizi sərt dillə tənqid edildi. Bunu necə qarşıladınız?

- Bu iddia tamamilə yalandır. Bu barədə sizin qəzetinizdə xüsusi açıqlama vermişəm. Ölkədəki bütün telekanallar Azərbaycan hakimiyyəti tərəfindən idarə olunur, həm də maliyyələşdirilir. Məsələn, onlardan birində - “Xəzər” televiziyasında mənim Qarabağla bağlı çoxlu çıxışlarım olub. Bir vaxtlar efir auditoriyasında az-çox nüfuza sahib media qurumu belə yalan məlumatlar yaymaqla özünü gözündən saldı. Digər kanallar kimi, bu televiziya kanalı da hakimiyyətin seçkini saxtalaşdırmasında böyük rol oynadı.

- Milli Şuranın toplantılarında şəhərin mərkəzində icazəsiz mitinqlərin keçirilməsi ilə bağlı təkliflər səsləndirilib. Bunu etirazla qarşılamısınız. Nə səbəbdən?

- Bütün fəaliyyətim qanun, konstitusiya və Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar çərçivəsindədir. Mənim seçki saxtakarlığı ilə bağlı mübarizəm bundan sonra da qanun çərçivəsində olacaq. Qanun nəyi tələb edirsə, həmin addımları da atacağıq. Seçki saxtakarlığına, hakimiyyətin mənimsənilməsinə qarşı mübarizə xalqın konstitusion hüququdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR