İnsanlara hürriyət, millətlərə istiqlal!

BAKININ AXTARDIĞI ERMƏNİ KƏNDDƏ TOXA VURUR

16698 30.05.2011 09:59 Gündəm A A

Tiflisdəki işlərimi tamamladıqdan sonra yubanmadan Marneuli rayonunun Şülöyür qəsəbəsinə yola düşdüm. Azərbaycan məhkəməsinin çıxardığı qərara görə, 2009-cu il, aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilmiş dəhşətli terror aktının təşkilatçısı və sifarişçisi Mardun Qumaşyan bu qəsəbədə yaşayır. Əgər oxucuların yadındadırsa, mən onunla həmin hadisənin istintaqı zamanı da görüşmüşdüm. O zaman o, sadəcə, təqsirli bilinən şəxs idi, indi isə məhkəmənin qərarı ilə cinayətkar elan edilib. Azərbaycan Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 10.08.2010-cu il tarixində çıxardığı hökmü ilə bu işdə adı keçən Şülöyür sakinləri Nadir Əliyev, Cavidan Əmirov və Nəcəf Süleymanova ömürlük, Arif Qabulova isə 11 il azadlıqdan məhrumetmə cəzası verilib.

Elə həmin hökmlə Mardun Qumaşyanın terror aktının sifarişçisi və təşkilatçısı olduğu təsdiq olunur, onun tutulub ədalət məhkəməsinə təhvil verilməsi qət edilir. Bu il may ayının sonlarında Apelyasiya Məhkəməsi məhkum olunmuşların vəkillərinin şikayətinə baxıb və ilkin məhkəmə instansiyasının hökmünü qüvvədə saxlayıb.
İlk görüşümdə Mardun Qumaşyan ona qarşı olan ittihamları qətiyyətlə rədd etmişdi. Əlbəttə ki, o, belə deməli idi. Ancaq hələ o vaxt Mardun deyirdi ki, mən evimdə rahatca yaşayıram və heç kəs məni axtarmır, əgər həmin dəhşətli terrorda mənim iştirakım olsaydı, Azərbaycan tərəfi məni rəsmən tələb edərdi və Gürcüstanın hüquq-mühafizə orqanları mənimlə heç olmasa maraqlanardı.

***

Redaksiyanın tapşırığı ilə məhkəmənin hökmündən sonra Mardunun özünü necə aparmasını, həyat tərzində hər hansı dəyişiklik olub-olmadığını, yerli hüquq-mühafizə orqanlarının onunla maraqlanıb-maraqlanmadığını öyrənməli idim. Evlərini tanıdığım üçün taksini birbaşa qapılarına sürdürdüm. Qapını Mardunun oğlu Aik açdı. Məni görən kimi tanıdı və içəri dəvət etdi. Gəlişimin səbəbini başa düşüb “atam toxa döyür” deyib birbaşa onun yanına apardı.
Mardun həyətin o biri başındakı sahədə kartof ləklərində işləyir, yeri toxalayırdı. Hələ ona yaxınlaşmadan bu vəziyyətdə bir neçə şəklini çəkdim. Görüşdükdən sonra həyətə qayıdıb tut ağacının altındakı stolun arxasında oturduq. Keçənilki uşaq yelləncəyi də elə həmin yerdə - stolun yanında dururdu. Mardun məhkəmənin qərarından xəbərdar idi. Apelyasiya şikayətinin də təmin olunmadığını bilirdi.

Onun dediklərindən: “Tutaq ki, mən cinayəti işləmişəm və bunu boynuma almıram. Bəs bu kəndin türk sakinlərinin, məhkum olunmuşların ailə üzvlərinin, qohumlarının mənə münasibətinə nə deyirsiniz? Belə çıxır ki, mən bu kənddən 5 gəncin həyatını məhv etmişəm, amma onun yaxınları buna görə məndən incimirlər. Bunun səbəbi ondadır ki, heç kəs Azərbaycan istintaqının və məhkəməsinin dediklərinə inanmır. Adamlar hüquqşünas olmasalar da, elementar məntiqlə düşünməyi bacarırlar. Onlar görürlər ki, mən səhərdən-axşamadək həyətyanı sahəmdə işləyib alın tərimlə ailəmi dolandırıram. Məndə terroristlərə verməyə pul haradandır? Bu yaxınlarda oğlum Arturun toyu olub, amma evimdə şərait olmadığından oğlum arvadı ilə birlikdə bir qohumumun evində qalır. Mən əvvəllər dəmiryolu stansiyasında maşinist işləyirdim, amma indi mal-qara, donuz, toyuq-cücə saxlayıram, həyətyanı sahəmi becərirəm və halal zəhmətimlə iri külfət saxlayıram. Kitablar oxuyursunuz, filmlərə baxırsınız. Terrorçular məgər belə həyat tərzi keçirirlər? Mən həm də bu qəsəbənin aşpazıyam. Xeyirdə-şərdə aşpazlıq edirəm. Erməni və ya türk fərq etməz, bir-birimizin toyuna, yasına gedirik. Hələ indiyədək kəndimizdən bir nəfər də olsun həmin hadisəyə görə mənə güldən ağır bir söz deməyib, çəpəki baxmayıb. Cavidan Əmirovgilin evləri bizdən 60-70 metr aralıdadır. Valideynlərini tez-tez görürəm. Bir neçə gün bundan qabaq onların evində ağlaşma var idi. Ömürlük həbs verilmiş məhkumlarla sonuncu görüş veriblərmiş, Bakıdan qayıdandan sonra qohumları onların başına yığılıb ağlaşırdılar. İnanın ki, arvadım Qarina da ağladı. Cavidan çox səmimi və təmiz oğlan idi”.

***

Mən Mardundan Gürcüstan hüquq-mühafizə orqanlarının onunla maraqlanıb-maraqlanmadığını soruşdum. Dedi ki, o hadisə təzəcə baş verəndən bir neçə gün sonra bütün qonşuları kimi onu da polis idarəsinə çağırıb Azərbaycandan gəlmiş müstəntiqin iştirakı ilə dindirmişdilər: “Daha ondan sonra mənimlə heç kəs maraqlanmayıb. Xatırlayırsınızmı, siz keçən dəfə gələndə də demişdim ki, bir dəfə Ermənistana gedəndə məni sərhəddən buraxmadılar. Dedilər ki, sən İnterpol xətti ilə axtarışdasan. Maraqlı burasıdır ki, Gürcüstan sərhədçiləri mənə heç nə demədilər, ermənilər buraxmırdılar. Onda mən arvadımla Gürcüstan DİN-ə və Baş Prokurorluğa gedib məsələni aydınlaşdırmaq istəmişdik. Hər iki idarədə bizə bildirdilər ki, heç nədən narahat olmayın, gedin işinizlə məşğul olun. Bu yaxınlarda Ermənistanda dayım rəhmətə getmişdi, qırxı dünən çıxıb. O, məşhur rəssam idi. İnternetdə Georgi Tovmasyan adını axtarsanız, əmin olarsınız. Vanadzor (keçmiş Kirovakan) şəhərində yaşayırdı. Amma mən onun yasına gedə bilmədim. Uşaqlar pasportumu aparıb Ermənistan sərhədçilərinə göstərdilər, onlar da kompüterə baxıb deyiblər ki, o, axtarışdadır, sərhəddən keçə bilməz. Maraqlıdır ki, Gürcüstan sərhədçiləri yenə də deyirlər ki, səninlə bağlı heç bir problem yoxdur. Yaxşı ki, Gürcüstanda qayda-qanun güclüdür. Elə ona görə də Azərbaycan tərəfi məhkəmənin qərarına əsaslanıb məni tələb edə bilmir. Çünki Gürcüstan gözüyumulu öz vətəndaşını tutub başqa dövlətə verməz, o, özü bu məsələni araşdıracaq. Azərbaycan tərəfi də yaxşı bilir ki, Gürcüstan tərəfi məsələni araşdırsa, mənim günahsızlığımı təsdiq edəcək, ona görə də rəsmi müraciət etmirlər. Eşitdiyimə görə, sizdə öldürülmüş bir jurnalistin işində də belə bir vəziyyət yaranıb”.
Bu məqamda Mardunun arvadı Qarina da söhbətə qarışdı. Onun dediklərindən: “Gürcüstanda polis çox yaxşı işləyir, ona görə də burada cinayətkarlıq xeyli azalıb. Artıq Azərbaycan məhkəməsi mənim ərimi cinayətkar elan edib. O, məgər prezidentin dostudur ki, beləcə arxayın evində oturub? Axı onu tutub Azərbaycana təhvil verə bilərlər. Siz dəhşətli terror törətmiş erməninin Azərbaycan həbsxanasındakı aqibətini təsəvvür edirsinizmi? Amma Mardun başını aşağı salıb öz gündəlik işləri ilə məşğuldur. Çünki onun heç bir günahı yoxdur və bilir ki, Gürcüstan polisi heç nədən onu tutub Azərbaycana təhvil verməz. Onu İnterpolun axtarması elə də ciddi məsələ deyil. İstənilən dövlət cinayətdə təqsirli bildiyi adamı axtarışa verə bilər. Axtarılmaq hələ cinayətkar olmaq deyil. Yaxşısı bu olardı ki, həqiqi cinayətkarları tapıb o günahsız uşaqları buraxaydılar”.

***

Qumaşyanın evindən çıxıb Cavidangilə yollandım. Onun anası Rəna xanımın dediklərindən: “Apelyasiya Məhkəməsində prokuror dedi ki, məhkum olunmuş bu uşaqlara görə ürəyi ağrıyır. Mən ondan soruşdum ki, əgər onlar həqiqətən də ADNA-dakı terrorun təşkilatçılarıdırlarsa, niyə ürəyiniz ağrıyır. Bu, canilərə görə ürəyiniz ağrımalı yox, rahatlıq tapmalıdır. Deməli, siz də bilirsiniz ki, bu qurama işdir, istintaq əsl cinayətkarları tapa bilməyib və bu günahsız uşaqları ömürlük həbsə atıb, ona görə də ürəyiniz ağrıyır. Mən bütün məhkəmələrdə iştirak etmişəm. Oradakı şahidlər deyirdilər ki, biz bu müttəhimləri tanımırıq. Prosesdə aydınca hiss olunurdu ki, onlardan bütün ifadələr işgəncə yolu ilə alınıb. Müstəntiqlərin nə qeyrəti, nə peşəkarlığı əsl cinayətkarları tapmağa imkan vermir, onlar yalnız adam döymək üsulu ilə işləyə bilirlər. Nə olsun ki, Fərda (ADNA terrorunu törətmiş Fərda Qədirov nəzərdə tutulur-red.) oğluma zəng edibmiş? Adam öz həmkəndlisinə zəng edəndə nə olar ki?! İstintaqın yapışdığı fakt yalnız bu zəng məsələsidir. Əgər Cavidanla Fərda birlikdə terror təşkil edirdilərsə, bəs ona qarşı qaldırılmış narkotik işinin anlamı nədir? İstəyirəm ki, mənim bu sözlərimi prezidentə çatdırasınız. O demişdi ki, cinayətkarlar tapılacaq. Hanı, tapıldımı? Belə çıxır ki, terrorçu ADNA-dakı günahsız gəncləri öldürdü, müstəntiqlər də bizim günahsız uşaqları. Budurmu ədalət?”
Cavidanın xəstə və halsız atası Fərman kişi maraqlı bir detal dedi. Fərdanın atası Rusiyadan gələndə prokuror ondan soruşmuşdu ki, oğlunuza sünnət olmuşdumu. O, bunu niyə soruşurdu ki? Deməli, ortada qeyri-müsəlman cəsəd də olub, istintaq onu ümumiyyətlə gizlədib.

***

Şülöyür küçələrində rastıma çıxan adamlardan da münasibət öyrəndim. Hamı eyni sözü deyirdi: “O uşaqlar nahaqdan məhbəsdə yatırlar”...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR