İnsanlara hürriyət, millətlərə istiqlal!

ANAR MƏMMƏDOV AYINI KİMLƏRLƏ YEYİB?

34946 05.08.2010 09:39 Gündəm A A

Öncə onu qeyd edək ki, hadisə iyunun 28-də Qəbələ rayonunda K.Heydərovun adamlarına məxsus restoranların birində olub.

Restoranın xidmətçiləri başının dəstəsi ilə masaların birində əyləşən Anar Məmmədova yaxınlaşaraq nə sifariş edəcəyini soruşublar. Nazir oğlu restoranın həyətindəki qəfəsdə saxlanılan ayının kəsilərək kabab edilməsini istədiyini deyib. Restoranın xidmətçiləri “o ayı kəsilmək üçün deyil”,- desələr də A.Məmmədov məhz həmin ayının ətindən kabab bişirilməsində israr edib.

Restoranın rəhbərliyi A.Məmmədovu tanıdığından nə onu obyektdən qova, nə də polis çağıra bilib. Əlacsız qalıb nazir oğluna ayının 1 milyon manata olduğunu deyiblər. A.Məmmədov restoran rəhbərliyinə “puluna minnət, siz kəsin”, deyib. Restoranın rəhbərliyi nazir oğlunun əl çəkmədiyini görüb aradakı yaxınları vasitəsi ilə durumu Kəmaləddin Heydərova çatdırıblar. “Fövqəlnazir”in cavabı qısa olub: “Kəsin, yesin”.

Bundan sonra restoranın işçiləri ayını kəsərək ətindən kabab bişirib və A.Məmmədova veriblər. Nazir oğlu səhərə qədər restoranda ayını kəsdirməsi ilə fəxr edib. A.Məmmədovun vəziyyəti o qədər “yaxşı” olub ki, onu Qəbələdən Bakıya helikopterlə gətiriblər.

Xadırladaq ki, bütün bunlar ölkə qəzetlərində gedən və bu günə qədər də təkzib olunmayan detallardır.

Daha sonra məlum olmuşdu ki, Anar Məmmədov ayının pulunu ödəmək məqamında onun qiymətini 700 min dollara qədər endiriblər. Mənbəmiz onu da qeyd edib ki, A.Məmmədov pulun hamısını dərhal ödəyə bilməyib, dostları ilə birlikdə bir hissəsini verib, qalanını Bakıya qayıtdıqdan sonra restorana göndərib.

Bu məsələ barədə bizə yeni məlumatlar verən mənbə qeyd etdi ki, Anar Məmmədovla ayı qonaqlığında iştirak edən dostları sırasında Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin rəisi Arif Əsgərovun oğlu Elnar Əsgərov, “Azəryolservis” MMC-nin sədri, deputat Cavid Qurbanovun oğlu Şəmşir Qurbanov da olublar. Onlarla birlikdə iki parlaq gənc müğənni və Türkiyədən gəlmiş bir xanım da olub. Restoranda olanlar həmin türk xanımın kimliyini müəyyən edə bilməyiblər.

Mənbə onu da bildirdi ki, Kəmaləddin Heydərova onun ayısının kəsilməsi haqda məlumat veriləndə o, məclisdə Anar Məmmədovla birlikdə olan məmur övladlarının kimliyini də soruşubmuş. Qaynağın deməsinə görə, həmin məclisdə iştirak edən məmur balalarının kimliyi barədə də ölkə rəhbərliyinə məlumat çatdırılıb.

Başqa bir mənbədən daxil olan məlumata görə isə Anar Məmmədovun “ayı qonaqlığı” əhvalatı restoranın işçilərindən biri tərəfindən videoya çəkilib. Daha sonra həmin çəkilişin Prezident Administrasiyasına çatdırıldığı iddia olunur.

Mənbə qeyd edir ki, məhz həmin çəkilişə baxdıqdan sonra ölkə rəhbərliyi nəqliyyat nazirinə oğlunu yığışdırmaq barədə tapşırıq verib...

Nəzərə çatdıraq ki, “ayı qonaqlığı”nda iştirak edən Elnar Əsgərovla Şəmşir Qurbanov da “az aşın duzu deyillər”. E.Əsgərov iki il öncə Londonda Yorkşir Universitetinin tələbəsi olarkən onun əvəzindən Ceromi Dren adlı ingilisin imtahan verməsini təşkil edib. Bunun müqabilində ona pul verib. Bu fırıldağın üstü açılanda Elnara və Ceromiyə qarşı cinayət işi açılmışdı.

Xatırladaq ki, E.Əsgərov “Credit Suisse” bankında treyder işləyən 34 yaşlı Ceromi Dreni onun əvəzindən imtahan verməyin mümkünlüyünə inandırmışdı. Əvəzində hər imtahan üçün ona 2 min funt-sterlinq vermişdi. Ceromi E.Əsgərovun adına düzəldilmiş saxta vəsiqədən istifadə edərək, onun əvəzinə 8 dəfə imtahana girib, sonuncuda isə professor ondan şübhələnib və fırıldağın üstü açılıb. Bu, Britaniyada görünməmiş fırıldaq sayılır. Belə ki, Ceromi istedadlı bank işçisi sayılıb və onun pula ehtiyacı olmayıb.

E.Əsgərov orada həbs olunsa da, bir müddət sonra cəza müddətinı başa vuraraq ölkəyə qayıtmışdı.

Şəmşir Qurbanovun isə bir müddət öncə nazirlərdən birinin avtomobil kortecini ötərək tozanaq qoparması və avtoxuliqanlığa görə saxlanılması barədə məlumat yayılmışdı.

Sonda onu da qeyd edək ki, həkim rəyinə görə ayı əti insan orqanizmi üçün xüsusi bir faydaya, yaxud müalicəsi əhəmiyyətə malik deyil. Dinimizə görə isə ayı əti haramdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR