Adı “qara para” işində hallanan iş adamının zavodunu bağlayırlar
Filialda işə başladığı gündən filialın xəzinəsinin bunkerində banka məxsus qanuni pul vəsaitləri ilə yanaşı, “Kia Motors Az” MMC-yə məxsus bankın mühasibat uçotuna daxil edilməyən, dövlətdən gizlədilmiş 35-40 milyon manat gizli yolla saxlanılıb. V.Cəbrayılova gizli pul saxlanılmasında MMC-nin faktiki rəhbəri Səxavət Səfərovun olduğunu, onun etibarlı şəxsi Fərhad Abbasovun həmin məbləğin 1 milyon manata yaxınını gizli yolla götürərək xərclədiyini iddia edirdi.
Qeyd edirdi ki, məsələnin üstü açılandan sonra F.Abbasov intihar edib və onun əvəzinə nəvəsini həbs ediblər. “Kia Motors Az” bu məlumatları təkzib edən rəsmi açıqlama yaysa da, məsələ səngiməyib. Aznews.az saytı yazır ki, “Kia Motors Az” dövlətdən 40 milyona yaxın pul gizlədib və pullar “Parabank”ın “Nəsimi” filialında qeyri-qanuni şəkildə saxlanılıb.
Bir neçə il davam edən bu proses pulun 1 milyona yaxın hissəsinin yoxa çıxmasından və “Kia Motors AZ” MMC-nin rəhbəri Səxavət Səfərovun “Parabank”da həmin pullara nəzarət edən etibarlı adamı - Fərhad Abbasovun 2012-ci ilin yayında müəmmalı şəkildə ölümündən sonra ifşa olunub. Fərhad Abbasovun ölümü ilə bağlı Binəqədi rayonunda 2012-ci ildə başladılan və sonradan bağlanan cinayət işi olub. Hazırda Bakı Şəhər Prokurorluğunun müstəntiqi Emin Nəsibov tərəfindən yenidən araşdırılan bu cinayət işinin materiallarında bir çox məqamlar ortaya çıxıb. İlk növbədə Fərhad Abbasovun guya özünə 8 bıçaq zərbəsi vurması versiyasının kifayət qədər şübhəli olduğu, çox güman ki, onun özünə qəsd etmədiyi, kim və ya kimlərsə tərəfindən qətlə yetirildiyi məsələsi gündəmə gəlib.
Məsələ ilə bağlı dindirilən şahidlərin ifadələri isə Fərhad Abbasovun öldürülməsi şübhəsini qətiləşdirir. Belə ki, bankda yoxa çıxan 1 milyona yaxın pula görə həbsə alınan “Parabank”ın “Nəsimi” filialının xəzinədarı olmuş Ülvi Elçin oğlu Kazımovun məsələ ilə bağlı ifadəsi maraqlıdır. O bildirir ki, Fərhad Abbasov ölümündən əvvəl Səxavət Səfərovun onu hədələdiyini, öldürəcəyini deyirmiş.
Eyni zamanda S.Səfərovun oğlu Əşrəf Səfərov tərəfindən təhdidlərə məruz qaldığını bildirirmiş. Ülvinin ifadəsinə görə, mərhum hadisədən bir neçə gün əvvəl S.Səfərov tərəfindən harasa çağırılıb və ona son dəfə xəbərdarlıq edildiyini bildirib. Bundan başqa, məlum olub ki, S.Səfərovun oğlu Əşrəf Səfərov 10-a yaxın idmançı görkəmli şəxslə onu “söhbətə” çağırıb və döyüblər. Yeri gəlmişkən, “Parabank”ın “Nəsimi” filialına faktiki rəhbərlik edən Ə.Səfərov kriminala yaxın şəxs hesab edilir. O, xoşu gəlməyən adamlarla özünün qoçu dəstəsi ilə haqq-hesab çəkməyi xoşlayır.
Ən son məlumata görə, adı bu qalmaqallı cinayət işində hallanan Səxavət Səfərova məxsus dondurma zavodunda yoxlamalar başlayıb. Vergilər Nazirliyinin apardığı yoxlamalar zamanı “Millenium” dondurmalarının istehsalı və satışı ilə məşğul olan “S.A.B.A” şirkətinin fəaliyyətində ciddi qanun pozuntuları aşkarlandığından məhsulların satışına müvəqqəti qadağalar qoyulub. (aznews.az).
Lakin zavod rəhbərliyi dondurmaların mağazalara paylanmasının başqa yollarını tapıb. Belə ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən zavodda olan mallar gecəylə Maştağada yerləşən “Rafaeloğlu” firmasının (keçmiş adı “Xəyal” - red.) anbarına daşınıb və oradan mağazalara paylanır. Sayt “S.A.B.A” şirkəti ilə bağlı ilginc məlumatlar əldə edib. Belə ki, şirkət bir müddət əvvəl “Kia Motors Az” MMC və “Parabank”ın müştərək pul fırıldağında adı hallanan və “Kia Motors Az” MMC-nin sahibi Səxavət Səfərova məxsusdur.
Araşdırma zamanı məlum olur ki, 2000- ci ildən istehsal fəaliyyətinə başlayan “S.A.B.A” şirkətini Səxavət Səfərov üç nəfər şəxslə qurub. Bu, şirkətin adının abreviaturasındakı hərflərdə də əksini tapır. “S.A.B.A” - Səxavət, Əfrayıl (ortağı), Bəhruz (“Parabank”ın “Nəsimi” filialının əvvəlki rəhbəri) və Əliş (ortağı).
E.MƏMMƏDƏLİYEV






