İnsanlara hürriyət, millətlərə istiqlal!

AZƏRBAYCANDA İŞLƏYƏN ORQAN MAFİYASI BELARUSU DA HƏRƏKƏTƏ KEÇİRDİ

1262 08.08.2010 09:28 Gündəm A A
Xəbər verildiyi kimi, Ukraynanın hüquq-mühafizə orqanları İsrail vətəndaşı tərəfindən idarə edilən beynəlxalq orqan mafiyasının ifşa edildiyini bəyan edib. Məlum olub ki, bu mafiya internet vasitəsilə Ukrayna, Belarus, Moldova və Özbəkistandan olan aztəminatlı insanları böyrəklərini satmağa sövq edib. Donorlar üzərində cərrahiyyə əməliyyatlarının çoxu Bakıdakı özəl klinikalarda ukraynalı həkimlər tərəfindən aparılıb. Bu işdə Kiyevdəki Şalimov adına Cərrahiyyə və Transplantasiya İnstitutunun yüksək ixtisaslı həkimlərinin iştirak etdiyi bildirilir. Cərrahiyyə əməliyyatlarının bir neçəsi həmin institutda aparılıb və belə faktlardan birinin üstünün açılması nəticəsində mafiya ifşa olunub.
Belarus DİN-in idarə rəisinin müavini deyib ki, insan orqanları ilə alver edən mafiyanın qurbanı olan ölkə vətəndaşları əsasən 23-25 yaşında olan gənclərdir. Onların hamısının maddi problemləri olub. Müəyyən hallarda isə donorlara psixoloji təzyiq göstərilib və onların böyrəklərini könüllü şəkildə satdığı barədə imic formalaşdırılıb. Podqruşi deyib ki, mütəşəkkil cinayətkar dəstəyə başçılıq edənlərdən biri Belarus əsilli yəhudidir. O, 90-cı illərin əvvəllərində İsrailə köçüb və hazırda bu ölkənin vətəndaşıdır. S.Podqruşi mafiyanın qurbanı olan Belarus vətəndaşlarının sayının daha artıq ola biləcəyini istisna etməyib. O, deyib ki, dəstənin fəaliyyəti ilə bağlı araşdırmalar Ukrayna hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəraitində aparılır.
Qeyd edək ki, bu, Azərbaycanla əlaqəsi olan ikinci beynəlxalq orqan mafiyasıdır. Bir neçə ay əvvəl İsrail polisi donorların böyrəklərini Bakıdakı klinikalarda çıxardıb satan mafiya üzvlərini həbs etmişdi və dəstəyə istefada olan general başçılıq edirdi. İstisna deyil ki, Ukraynada ifşa edilən dəstə də bu mafiya ilə əlaqəli işləyib. Azərbaycan hüquq-mühafizə orqanları isə hələlik beynəlxalq mafiyanın fəaliyyəti ilə bağlı faktları araşdırmır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR