İnsanlara hürriyət, millətlərə istiqlal!

“AZƏRBAYCAN XALQININ ÜZDƏ OLAN ZİYALILARI MƏNİM AGENTLƏRİM İDİ”

23959 19.01.2013 09:53 Gündəm A A

Arayış üçün deyək ki, Eldəniz Əliyev 1970-1992-ci illərdə Azərbaycan DTK-sında önəmli vəzifələrdə çalışıb. Ehtiyatda olan polkovnikdir. Uzun illər Azərbaycan DTK-sında humanitar sahələrdə çalışan bütün ziyalılar üzərində dövlət nəzarətini həyata keçirməsi polkovnik Əliyevin nə qədər maraqlı müsahib olduğunu anlamaq üçün yetərlidir.

- Fəzail Ağamalının açıqlamasında hansı faktları təhrif olunmuş hesab edirsiniz?

- Öncə onu deyim ki, mən Fəzail Ağamalını gəncliyindən tanıyıram. 1965-ci ildə Naxçıvan Şəhər Komsomol Komitəsində təlimatçı vəzifəsi ilə işə başlamışam. Ondan sonra şöbə müdiri, birinci katib təyin edilmişəm. 1970-ci ildə isə Dövlət Təhlükəsizlik Komitəsində işə başlamışam. DTK-ya keçəndən sonra mənim işim əsasən ziyalılarla olub. Gənclərlə işlədiyimə görə artıq Naxçıvanın bütün ziyalı zümrəsini tanıyırdım. Fəzail Ağamalı Sisyan rayonunun Qızıl Şərq kəndindəndir. O, universiteti bitirib Naxçıvana qayıtmışdı. Həyat yoldaşı ilə bərabər Naxçıvan şəhər 1 saylı orta məktəbdə müəllim işləyirdi. Bizim ailələrimiz də tanışdır. İnstitutu Fərqlənmə Diplomu ilə qurtardığına görə onu Naxçıvanda o zaman yeni açılan Pedaqoji İnstituta müəllim kimi işə götürdülər. O, həm də dissertant idi. Elmi rəhbəri ADU-nun professoru Yusifov isə keçmişdə Naxçıvanda Vilayət Partiya Komitəsinin katibi idi. Fəzail Ağamalının dissertasiya mövzusu Naxçıvan Vilayət Partiya Təşkilatının tarixi haqqında idi. Ancaq SSRİ-də belə bir qayda var idi ki, Kommunist Partiyasını üzvü olmayan şəxsi partiya arxivinə buraxmırdılar. Onun partiya arxivində işləməsinə icazə yox idi. Ona görə də o, mütləq partiyaya keçməli idi. Fəzail məndən xahiş elədi ki, mümkündüsə, onun partiyaya keçməsinə kömək edim.

- Məgər o zaman partiyaya keçmək çətin idi?

- Əlbəttə. 70-ci illərdə ziyalılar partiyaya keçmək üçün illərlə növbəyə dururdular. Çünki kvota var idi. Moskvadan təlimat verirdilər - 15 faiz fəhlə və qulluqçular, 5 faiz ziyalılar qəbul olunurdular. Naxçıvanda da partiyaya keçmək üçün ziyalılar növbəyə durmuşdular. Mən ona gələcəyi olan bir ziyalı kimi baxırdım. Ona görə də Şəhər Partiya Komitəsinin birinci katibi İliç Ələkbərovdan xahiş etdim, onu partiyaya qəbul etdilər. Ondan sonra onun elmi işi ilə bağlı problemlər yoluna düşdü. Bizim həmişə onunla münasibətlərimiz yaxşı olub, indi də yaxşıdır. Məni sizinlə söhbət etməyə vadar edən Fəzail Ağamalının o zaman baş verənləri təhrif etməsi, üstəlik mənim adımı çəkməsidir. O deyir ki, Əbülfəz Elçibəyin istintaqı zamanı mən Naxçıvanda auditoriyaya girib onu dərsdən çıxarmışam. Birincisi, mən universitetə girəndə rektordan başqa hamı mənim qabağımda baş əyirdi. İkincisi, mən onu dərsdən çıxarmamışam. Bu, onun öz çəkisini qaldırmaq üçün dediyi yersiz bir fikirdir. O, kim idi ki mən onun dalınca auditoriyaya gedim? O zaman institutun rektoru İsrafil Məmmədov idi. Fəzail Ağamalının istintaqa dəvət edilməsi məsələsi yarananda mən gəldim onun yanına. Ona dedim ki, sizdə Fəzail Ağamalıyev var, onu dəvət edin. Soruşdu ki, nə məsələdi? Dedim, qoy gəlsin, deyəcəm. Gəldi, dedim səni Əbülfəz Əliyevin istintaqı ilə bağlı Bakıya dəvət edirlər. Sən gedib orda ifadə verməlisən. Sonra müsahibəsində deyir ki, guya Bakıya gedəndə kimlərsə onu güdürmüş. Onu heç kim güdmürdü. O, bunların hamısını öz şəxsiyyətini qabartmaq üçün edir. Mən ona dedim ki, onu Bakı Dəmir Yol Vağzalında müstəntiq Əkrəm Səlimzadənin adından qarşılayacaqlar. O zaman qayda belə idi ki, istintaq dəvət etdiyi şəxsin yol haqqını ödəyirdi. Onun da bileti alındı və o, Bakıya yola düşdü. Məsələ belə oldu. Ancaq indi Fəzail hər addımbaşı bunu yada salır. Bu yaxınlarda bir məclisdə DTK generalı Bahadur Hüseynova camaatın içində deyib ki - Bahadur Hüseynov mən Naxçıvanda işləyəndə mənim sədrim olub - Bahadur müəllim, Eldənizi də o vaxt göndərdiz mənim dalımca, məni dərsdən çıxardılar, neylədilər... Sonra Bahadur Hüseynov məndən soruşdu ki, Eldəniz, bu Fəzail Ağamalı kimdir? Dedikləri düzdü, biz belə bir şey eləmişik? Mən bu məsələnin üstünü vurmadım. Ancaq görürəm o, əlinə fürsət düşən kimi bu məsələdən danışır. Ancaq əsl həqiqəti demir.

- Nəyi nəzərdə tutursunuz?

- Mən məcburam ki buna görə sizə Elçibəyin həbsi ilə bağlı bütün situasiyanı danışım. Azərbaycanda elə bir ziyalı yoxdur ki, mən onu öz ata-anasından yaxşı tanımayım. İstər xalq hərəkatında olanları, istər bugünkü müxalifətçiləri çox yaxşı tanıyıram. Əbülfəz Elçibəy üzərində bütün nəzarəti də mən həyata keçirmişəm. O, birmənalı dissident idi. Əbülfəz Elçibəyin işi ilə bağlı sıfırdan başlayaraq, ən son günə qədər bütün dosyelər mənim əlimdə olub. Hamısı ilə bir-bir tanış olmuşam. Proses nədən başlayıb, necə inkişaf edib, kimlər nə ifadə verib, istintaq zamanı nələr olub hamısını dəqiqliklə bilirəm.

- Əbülfəz Elçibəyin universitetdə şəbəkə yaratmasından DTK nə zaman xəbər tutmuşdu?

- Əbülfəz Elçibəyin universitetdəki fəaliyyətində bizim üçün gizlin heç nə yox idi. Əbülfəz Elçibəy universiteti bitirib Misirdə tərcüməçi işləmişdi. Onu tanıyırdım, xarakterinə bələd idim, bilirdim ki, həddən artıq idealist adamdır. Onun düşüncəsi reallıqdan uzaq idi. Əgər ideya reallığa söykənmirsə, ondan heç nə əmələ gəlməz.

- Elçibəy deyirdi, SSRİ dağılacaq, Azərbaycan müstəqil oldu. Bunlar oldu amma...

- Azərbaycan müstəqil oldu. Ancaq bu, tək Əbülfəz Elçibəyin işi deyildi axı. Azərbaycanda başqa cür düşünənlər həmişə olub. Özü də tək ziyalılar arasında yox - xalqın içərisində də bu geniş yayılmışdı. Ona görə hə hökumət bir neçə qurumun nəzarətini təşkil edirdi - bir tərəfdən DTK, bir tərəfdən daxili işlər orqanları, “OBXSS”... bunlar həm də nəzarət orqanları idi. Qayıdıram, Elçibəyə. Biz bilirdik ki, o, Misirdə işləyəndə bütün maaşını dilənçilərə paylayırmış.

- Orada Elçibəyin antisovet təbliğatı apardığını da deyirlər...

- Yox, belə bir şey baş verməmişdi. Ancaq o, özünü sovet vətəndaşına layiq olmayan tərzdə apardığına görə onu vaxtından qabaq geri çağırmışdılar. Sonra universitetdə müəllimliyə başlamışdı. DTK-ya bəlli idi ki, o, universitetdə dərnək qurub. Onun ideyası Turan yaratmaq idi - Çindən Balkanlara qədər. O, ideya adamı idi. Sovet hökuməti də belə fikirləri təhlükəli hesab edirdi. Həmin dərnəyin hər biri üzvü bu işə 3 nəfər cəlb etməli idi. Elçibəy öz dərslərində millətçilikdən, Turan ideyasından ara-sıra danışırmış. İnamı olduğu, bu məsələyə maraq göstərdiyi tələbələri də bu işə cəlb edirmiş. Onlardan biri də Fəzail Ağamalı olub. DTK-nın həmin illərdə universitetdə kuratoru Kərim Hüseynov idi. Baş verənlərdən xəbər tutan kimi Elçibəyi nəzarətə götürmüşdü. Ancaq bu məlumatdan istifadə edib Elçibəyə cinayət işi qaldırılması üçün əməliyyat məlumatları ilə yanaşı vətəndaşlardan ərizə və şikayətlərlə təsdiq etmək lazım idi.

- Kimlər ələ vermişdi onu?

- Elçibəyin tələbəlik yoldaşlarından universitetdə dərs deyənlər var idi. Onların içərisində Elçibəyə ən yaxın adamlar “KQB”-yə agentlik edib. Bu şəxslər davamlı olaraq onun bütün hərəkətlərini detallarına qədər “KQB”-yə xəbər verirdilər. Ancaq bu materialları leqallaşdırmaq, cinayət məsuliyyətinə cəlb etmək üçün elə etmək gərək idi ki, bu agentləri məhkəmədə şahid qismində danışdırmasınlar. Onları oyundan kənarda saxlamaq, tamam başqa şəxsləri prosesə cəlb eləmək lazım idi. Bunun üçün də ən yaxşı şəraiti Fəzail Ağamalıyevin düşünülməmiş bir hərəkəti yaratmışdı. İndi deyir ki, DTK-nın arxivlərinin açılmasını istəyirəm. Açılması lazım deyil ki... Elə özü həqiqəti desin də.

- Nəyi nəzərdə tutursunuz?

- Desin ki, Əbülfəz Elçibəyin necə güdaza verib. Əbülfəz Elçibəy Fəzail Ağamalının fəaliyyətində olan nöqsana görə həbs edilib. Fəzailgil universitetin axırıncı kursunda oxuyanda hərbi rütbə almaq üçün iki aylıq kursda təlim keçirdilər. Fəzail Gəncədə təlimlərdə DTK sədri İlhüseyn Hüseynovun oğlu Ariflə Hüseynovla bir yerdə olub. A.Hüseynov hüquq fakültəsini bitirmişdi. İndi o, rəhmətə gedib. Ariflə Fəzail o zaman hərbi hissədə xəstələndiklərinə görə tibb məntəqəsində eyni palatada yatıblar. Fəzail Əbülfəz Elçibəyin göstərişini yerinə yetirmək üçün guya Arif Hüseynova millətçilik əhval-ruhiyyəsində təbliğat aparmağa başlayıb. Təşkilat haqqında, fəaliyyət, ideya haqqında xeyli danışıb. Bu işə daha da mötəbər don geyindirmək üçün deyib ki, rəhbərimiz Ziya Bünyadovdur. Ziya Bünyadov da Sovet İttifaqı Qəhrəmanı idi, avtoritet idi. Düşünün ki, o zaman İlhüseyn Hüseynov Azərbaycan DTK-sında Kəşfiyyat İdarəsinin rəisi idi. Belə bir vəzifə daşıyan insanın oğluna Fəzail o dərnək haqqında danışmışdı.

- Sizcə, bu düşünülmüş hərəkət olub?

- Bu, əslində bir az əyalət psixologiyasından gələn yanaşmaydı. Düşünün, Arif Hüseynov KQB-də şöbə müdirinin oğlu, rus təhsilli, milli düşüncə haqqında heç bir anlayışı olmayan gənc, Fəzail isə Sisyandan gəlib, universitet qurtarıb, bəlkə heç rus dilini də bilməyən bir gənc. Arif də Fəzailin ona danışdıqlarını atasına xəbər verib. Atası dərhal DTK-nın o zamankı sədri Krasilnikova deyib. Krasilnikov deyib ki, bu elə göydəndüşmə oldu. Səhəri gün Arifə ərizə yazdırıblar. Arif də bütün təfərrüatı yazıb. Bax, bundan sonra Əbülfəz Elçibəylə bağlı olan bütün operativ məlumatlar leqallaşdı. Daha DTK-ya nə əlavə şikayət, sübut, heç nə gərək deyildi. Fəzail Ağamalı əslində bu gün çıxıb deməlidir ki, biz səhvdir eləmişəm, mənim də səhvim ucundan Elçibəy güdaza gedib. Bilirsiz, mən akademiklərlə oturub durmuşam, Fikrət Əmirovla, Qara Qarayevlə, Ziya Bünyadovla həftədə, on gündə bir görüşürdüm. Fəzail isə məni elə təqdim edir ki, guya mən aşağı səviyyəli icraçı, özü isə mötəbər şəxs olub. Azərbaycanda elə adamlar mənim agentim olub ki, heç kimin ağlına gəlməz. Ən üzdə olan, ən tanınan, ən çox qəbul olunan adamlar. Mən bir də bir məsələni vurğulamaq istəyirəm, uzun illər cəmiyyətdə bir DTK xofu olub. Adı gələndə insanların canına vəlvələ düşüb. Ancaq inanın ki, o qurumda həddən artıq milli düşüncəli insanlar var idi. əgər belə olmasaydı milli azadlıq hərəkatına görə həbslər dalğası çox geniş olardı. Bizə informasiya daxil olurdusa, biz onun çox dar çərçivədə saxlanmasına çalışırdıq. Həmin şəxslə təkbətək görüşüb söhbət yolu ilə, profilaktika yolu ilə məsələni yoluna qoyurduq ki, iş gedib yuxarılara çıxmasın. Ancaq indi bəzən cəmiyyət təhrif olunmuş xəbərlər ötürülür ki bu məni narahat etməyə bilməz...
Eldəniz Əliyev söhbət zamanı Azərbaycanda 80-90-cı illərdə baş verən bir çox səs-küylü məsələlər, o sıradan milli-azadlıq hərəkatının vüsət aldığı illərdə yaşanan olaylar haqqında danışmağa da söz verdi. “Yeni Müsavat”ı izləyin.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR