İnsanlara hürriyət, millətlərə istiqlal!

AZƏRBAYCAN TÜRKCƏSİ, YOXSA AZƏRBAYCAN DİLİ?

4388 25.01.2009 09:06 Gündəm A A
Qeyd edək ki, bir qrup millət vəkilinin telekanallarda nümayiş olunan bayağı verilişlərə qarşı başladığı kampaniya ictimaiyyətdə kifayət qədər rezonans doğurub. Bu məsələ hələ də mətbuatın əsas müzakirə mövzularındandır. Bəs görəsən, millət vəkilləri dilimizin “Azərbaycan türkcəsi” adlandırılması ilə bağlı parlamentdə hər hansı təşəbbüslə çıxış edə bilərmi? Azərbaycan türkcəsini Azərbaycan dili kimi təqdim etmək nə dərəcədə doğrudur?
Şou-biznes verilişlərinin milli-mənəvi dəyərlərimizə mənfi təsiri ilə bağlı parlamentdə ilk fikir yürüdən deputat Aynur Quliyevanın fikrincə, dilimizin adının bərpa edilməsi zəruridir: “Azərbaycan türkcəsinin dəyişdirilərək Azərbaycan dili adlandırılması təbii ki, daha çox siyasi amillərlə əlaqələndirilir. Azərbaycanda etnik qruplar da var və dövlət rəhbərliyi həmin etnik qruplar arasında bölücülüyə xidmət etməsindən ehtiyatlanaraq dilimizin dəyişdirilməsi ilə bağlı atdığı addımı belə izah etmişdi. Amma mən düşünürəm ki, bu, heç də vəziyyətdən çıxış yolu deyil. Ölkəmizdə başqa xalqların nümayəndələri də yaşayır, bu isə bizə heç də haqq vermir ki, dilimizin adını dəyişdirək, kimlərəsə xoş gəlsin deyə onu ”Azərbaycan dili" adlandıraq. Bu nöqteyi-nəzərdən düşünürəm ki, dilimizin öz həqiqi adını alması çox yaxşı olardı. Azərbaycan dili türk dilləri ailəsinə mənsubdur. Bu dillərin hər biri müstəqil olsa da qardaş dillərdir, bir-birinə çox yaxındır. Türkoloqların, dilçi alimlərin fikirlərinə də istinad etsək, belə demək olar ki, türkdilli xalqlar arasında ədəbi dilə ən yaxın olanı məhz Azərbaycan türkcəsidir. Bu baxımdan düşünürəm ki, dilimizin adı bərpa edilməli və onun inkişafına dövlət səviyyəsində şərait yaradılmalıdır. Bununla da illərdən bəri müzakirə olunan ortaq türk dili məsələsini yoluna qoymaq olar. Çünki Azərbaycan türkcəsi elə bir səviyyədədir ki, bunu bilən hər kəs Osmanlı ləhcəsini də başa düşür, Orta Asiya türkcəsini də. Ortaya dilimizin istər adı, istərsə də inkişafı ilə bağlı çox ciddi proqram qoyulmalıdır".
A.Quliyeva türk filmlərinin tərcümə olunmasına da münasibət bildirdi: “Düşünmürəm ki, Milli Teleradio Şurasının son zamanlar qəbul etdiyi absurd qərarlar dilimizin inkişafına kömək edəcək. Çünki Osmanlı türkcəsini Azərbaycan türkcəsinə tərcümə etməkdə heç bir məntiq görmürəm. Ümumiyyətlə, efirdən səslənən fikirlər anlaşılmırsa, bu halda tərcüməyə ehtiyac var. Amma hər bir azərbaycanlı Osmanlı türkcəsini heç bir tərcümənin köməyi olmadan anlaya bilirsə, ”tərcümədən" söhbət gedə bilməz. Bu, dövlət büdcəsini havaya sovurmaq deməkdir. Çünki bütün bu tərcümələrdən, dublyajlardan ötrü əlavə xərclər tələb olunur ki, bu da büdcənin hədər yerə xərclənməsi deməkdir".
Deputat Gülər Əhmədova isə dilimizin “Azərbaycan dili” adlandırılmasının tərəfdarıdır: “Mən bir millət vəkili kimi dilimizin Azərbaycan dili adlandırılmasının siyasi baxımdan tərəfdarıyam. Çünki məlum məsələdir ki, bu məkanda etnik qruplar da var və bunları nəzərə almaq lazımdır. Mən bu addımı başa düşürəm. Konstitusiyaya hörmət əlaməti olaraq telekanallarda filmlərin Azərbaycan dilində səslənməsini də təqdirəlayiq sayıram. Amma bir vətəndaş kimi səmimi etiraf etmək istəyirəm ki, türk dilindəki filmlərin tamamilə təcrid olunmasının və tərcümə edilməsinin tərəfdarı deyiləm. Çünki mən Osmanlı türkcəsini sadəcə bir ləhcə kimi qəbul edirəm. Bu dil mənə çox doğma və əzizdir. Bu dilin əcnəbi dil kimi qəbul olunmasını heç istəməzdim. Hər halda elə məsələlər var ki, onların üzərinə çox getmək olmaz. Slavyandilli xalqların bir-birinə münasibəti necədir? Məncə, biz Osmanlı türkcəsini özgəlləşdirməklə münasibətlərimizi də özgəlləşdiririk”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR