İnsanlara hürriyət, millətlərə istiqlal!

4 ZABİTİMİZİN ÖLDÜRÜLMƏSİNDƏ PKK İZİ...

10741 12.02.2010 09:37 Gündəm A A

Hələlik görünən budur ki, 4 zabitin - polkovnik leytenant Yusif Cumayevin, kapitan Vasif Sadıqovun, baş leytenant Anar Quliyevin, gizir Elgün Səmədovun, habelə hadisəni törətmiş əsgərlər Elxan Əzizov və Sadiq Məmmədovun ölümü, mayor Valeh Babayev və müddətdən artıq xidmət keçən Samir Abbasovun yaralanması ilə nəticələnən faciənin əsl səbəblərinin ört-basdır edilməsinə çalışılır. Bir zabiti yetişdirmək üçün azı 10 il vaxt tələb olunur. Əgər 4 zabitin qətlə yetirilməsi, ikisinin isə yaralanması bu hakimiyyəti ilgiləndirmirsə, bu, orduya, xalqın güvən yerinə münasibətin göstəricisidir...

***

Dünən məlumat aldıq ki, qətlə yetirilmiş Vasif Sadıqovun Bakıda yas mərasimi təşkil edilib. Həm zabitin yaxınlarına başsağlığı vermək, həm də onların dərdini, bildiklərini dinləmək üçün hüzn mərasimində iştirak etdik.

Hər yer rüşvət, hər an rüşvət...

Yas mərasimi (Cümə axşamı) mərhumun Babək prospektində - Keşlə qəsəbəsində yerləşən hərbi şəhərcikdəki uçuq-salxaq binada yerləşən mənzilində təşkil edilmişdi. Vasif Sadıqovun yaxınları mətbuatdan olduğumuzu bilincə, dərdləri açıldı. Söhbət əsnasında bəlli oldu ki, Ağdaş rayonunda anadan olan Vasif Sadıqov 1992-ci ildə orduya çağırılıb. Döyüşlərdə göstərdiyi şücaətə görə ona rütbə verilib. Atəşkəsdən sonra - 1996-ci ildə Vasif Sadıqov Gəncədə yerləşən “N” saylı hərbi hissənin Bakıda Keşlə qəsəbəsində saxlanılan və təlim keçən xüsusi təyinatlı əlahiddə bölümündə (“spesnaz”) qulluq edib: “Bura polk idi. Polkun komandiri 2002-ci ildə zabitlərə elan edib ki, onların Bakı şəhərində qalmaları üçün rüşvət istənilir. Zabitlər pultoplama kampaniyasına qoşulmadıqları, polk komandiri özü də həmin məbləği düzəldib vermədiyi üçün bu əlahiddə bölməni Daşkəsənə - indiki yerinə göndərdilər. Sonradan həmin polkun statusu bir qədər dəyişdi. Daşkəsənə köçürüldükləri gündən qətlə yetirildiyi günə qədər Vasif bu hərbi hissədə qaldı. Ona hərbi hissələri Keşlədə yerləşəndə buradakı hərbi şəhərcikdə 2 otaqlı ev verilib. Özünüz də görürsünüz, bina dağılmaq üzrədir. Ailəsi də ötən ilə qədər Daşkəsəndə qalırdı. Lakin orada uşaqlarının təhsil alması problemi olduğundan 1 il idi ki, ailəsini bura gətirmişdi... Mərhumun 3 azyaşlı övladı - böyüyü 11 yaşında olan iki qızı və 3 yaşında olan bir oğlu vətənə əmanət qalıb. Ölümündən bir neçə gün əvvəl yanvarın 24-də övladının ad gününə gəlmişdi. Yanvarın 26-da getdi, 28-də isə bu hadisə baş verdi...”

Zabit yoldaşları Sadıqov haqda nə dedilər?

Azərbaycan zabitinin ailəsinin yaşadığı evYas mərasimində Vasif Sadıqovun xeyli zabit yoldaşları, hətta onun əsgərləri olmuş şəxslər də iştirak edirdilər. Onlar V.Sadıqovu cəsur, vətənpərvər bir hərbçi kimi xatırlayırlar. Vüqar adlı bir zabitin dedikləri: “Bir əsgər ortaya çıxıb deyə bilməz ki, Vasif onu incidib. Çünki Vasif özü döyüşlərə əsgər kimi qatılmışdı, əsgərin qədrini bilirdi. Onun çox gözəl bir adəti vardı. Əsgərləri ruhlandırmaq üçün onlara simvolik adlar verirdi. Məsələn, əsgərlərə ”şanlı əsgər", “cəsur əsgər”, “boevik”, “düşmən qənimi” kimi ayamalar verirdi. Hərbi hissədə dərd-səri olan əsgərlər ona müraciət edirdilər. Biz bu hadisənin əsgərlərin incidilməsi üzündən baş verdiyini eşidəndə təəccübləndik. Düzdür, orduda əsgərləri incidən zabitlər var. Amma Vasif belələrindən deyildi. O, güdaza gedib. Biz hesab edirik ki, burada bir qurama, təxribat var..."

Faciə barədə Sadıqovun yaxınları nə bilir?

Azərbaycan zabitinin ailəsinin yaşadığı evV.Sadıqovun yaxınlarından bu faciə barədə nə eşitdiklərini, onlara nə cür izahat verildiyini də soruşduq. Adının çəkilməsini istəməyən bir yaxın qohumu bu haqda onlara heç bir rəsmi məlumat verilmədiyini dedi: “Biz yalnız onun zabit yoldaşlarından məlumat ala bilmişik. Bizim əldə etdiyimiz məlumatlara və gəldiyimiz qənaətə görə, bu, bir quramadır, öncədən hazırlanmış bir plandır. Bu hərbi hissə əlahiddə divizion olub. Vasif burada kəşfiyyat rəisi idi, birbaşa tabeliyində bir əsgər də olmayıb. Ümumiyyətlə, bu hərbi hissədə qulluq edənlərin əksəri zabitlər, gizirlər və ”svedsroçnik"lər - müqavilə ilə müddətdən artıq qulluq edən mütəxəssis hərbçilər olub. Burada çox az sayda əsgər olub. Maraqlısı odur ki, güllələnən zabitlərin heç biri birbaşa şəxsi heyətlə, yəni əsgərlərlə işləməyiblər. Hadisəni törədən əsgərlər rabitə taqımında qulluq edirlərmiş. Rabitəçilərdə bir qayda olaraq silah olmur. İlkin məlumatlarda deyilirdi ki, əsgərlər qarovul xidmətinə yola düşmək üçün silahlandırılarkən bu hadisəni törədiblər. Bu əsgərlər rabitəçi olduqlarından onlar qarovula aparıla bilməzdilər. Onlara silahı kimsə qəsdən, bu hadisəni törətmək üçün veriblər. İkincisi, biz məlumat almışıq ki, həmin əsgərlərin istifadə etdikləri güllələr bu hərbi hissənin silah anbarında saxlanılan, ümumiyyətlə, Azərbaycan ordusuna verilən güllələr deyil! Hərbi qaydalara görə, hər bir ölkənin aldığı güllələr xüsusi nömrələrlə kodlaşdırılır. Yəni gülləni istehsalçıdan alanda onun üzərindəki nömrələrlə göstərilir ki, bunlar hansı ölkəyə verilib. Bizim ehtimalımız odur ki, bu işin arxasında ciddi məsələlər dayanır. Bu, Azərbaycan ordusunu sarsıtmağa yönələn, Müdafiə Nazirliyinin rəhbərliyində baş verən intriqanın nəticəsi olan və eyni zamanda hansısa maraqlı xarici qüvvələrin iştirakı olan bir hadisədir. Bu gün Daşkəsən ərazisində, ümumiyyətlə bu ətrafda PKK-ya bağlı şəxslərin gizli düşərgələri var. Şübhə var ki, bu faciəni onlar da törədə, əsgərlərə güllələri onlar ötürə bilərlər. Amma güman ki, bu işdə hansısa bir zabitin də iştirakı var. Əsgərlər özbaşına bu fitvaya gedə bilməzdilər. Görünür, bu oyunda iştirak edən zabitin hərbi hissə rəhbərliyi ilə intriqası olub. yaxud qisas almaq istəyib. Müəmmalısı odur ki, hadisədə həlak olan zabit və qətli törədən əsgərlərin meyitlərini ciddi ekspertizadan keçirmədilər, tez-tələik onları dəfn etdilər.

Faciədə PKK izi!...

Bizim eşitdiyimizə görə, həmin əsgərlər qəfildən əllərində döyüş vəziyyətinə gətirilmiş avtomat hərbi hissənin qərargahına daxil olublar. Qərargahda növbətçi olan və “piser” işləyən əsgərlərdən buradan çıxmaqlarını tələb ediblər və “biz zabitləri qıracağıq” deyiblər. Səs-küyə otaqdan çıxan qərargah rəisi Yusif Cumayev əsgərlərin əlindən silahı almağa cəhd edib. Bu zaman öncə onun ayaqlarına atəş açıblar, o dizi üstə çökəndə alnına güllə vurublar. Onun ardınca Vasif əsgərlərin üzərinə gedib və onları, psixoloji təsir göstərərək, tərksilah etmək istəyib. Ona da atəş açıblar, güllələrdən biri boğazına, biri də qarnına dəymişdi. Daha sonra həmin əsgərlər qarşılarına çıxan zabitləri gülləboran ediblər. Qərargahda olan zabitlərin hamısını güllələyiblər. Cəmi iki zabit pəncərəni qıraraq aşağı tullana biliblər. Hadisə zamanı bir əsgər də yaralanıb, “piser” olub. Amma onu gizlədirlər. Vasifin meyitini gətirən zabitlərdən biri dedi ki, faciədən təxminən 15-20 dəqiqə əvvəl o da qərargahda olub. O bizə söylədi ki, Vasifi birlikdə yemək yeməyə dəvət edib. Lakin Vasif aclığı olmadığını bildirib. Hətta zabit dedi ki, zorla onun qolundan dartıb aparmaq istəyib, rəhmətlik getməyib. O, yaxınlıqdakı yeməkxanada olanda hərbi hissədə atəş səsləri eşidib və ora gəlib. Hadisə zamanı qərargahda olan və sağ qalan zabitlərdən biri maraqlı bir halın da şahidi olub. Bunu də bizə meyiti gətirən zabitlər dedilər ki, əsgərlər əllərində silah qərargaha girəndə burada hərbi “odeyal”a bürünmüş və qapının arxasında gizlənmiş bir adam görüblər. Həmin əsgərlər ona atəş açmayıblar. Bu adamın kimliyi bilinmir. Ehtimal edilir ki, əsgərləri güllə ilə təchiz edən, bu hadisəni təşkil edən və sonda da izi itirmək üçün qətliam törədən əsgərlərin özünü güllələyib öldürən bu adamdır!"
Sadıqovun yaxınları bu hadisənin təsadüf olmadığına tam əmindir: “Bu əsgərlərin həmin hərbi hissədə incidilməsi haqda da məlumatlar var. Görünür, onları qəzəbləndirmək, işgəncə göstərişlərinin qərargahda oturanlardan gəldiyi təsəvvürünü yaratmaq və onları qisasa yönləndirmək üçün onları işgəncələrə məruz qoyublar. Yəni əsgərləri ”verbovka" etmək, qətliama hazırlamaq məqsədilə də incidə bilərlər. Ən dəhşətlisi odur ki, ölənlərin heç biri əsgərlərə işgəncə verənlər olmayıb. Əksinə, hamı onları tərifləyir. Artıq bu hərbi hissənin şəxsi heyətini dəyişiblər. Buradakı hərbi qulluqçuları Tovuz və Murovdakı briqadalara köçürüblər. Bununla cinayətin izini itirmək istəyirlər. Biz hesab edirik ki, bu faciənin baş verməsinə səbəb ordu rəhbərliyində gedən intriqalardır. Necə olur ki, ötən il Şəmkirdə qətliam olur, bu il Daşkəsəndə?! Özü də hər iki hadisə eyni korpusda - Səfər Əbiyevin qohumu Çingiz Şəfiyevin rəhbərlik etdiyi hərbi birləşməyə tabe olan hissələrdə baş verib. Bunun özü də bir çox şübhələrə yol açır".
V.Sadıqovun yaxınlarının PKK-ya bağlı olan kürdlərin bu faciədə iştirakına dair səsləndirdikləri versiya bir müddət əvvəl deputat Vahid Əhmədovun sensasiyalı bir bəyanatını yada salır. O, kürdlərin ordunu ələ keçirmək istədiklərini, bunun üçün təxribatlar həyata keçirə biləcəklərini söyləmişdi!... İndi bu məsələnin ortaya çıxması bir versiya kimi araşdırılmalıdır.

Həlak olanların ailəsinə dövlət tərəfindən yardım verilməyib

Vasif Sadıqovun evində olarkən onun ailəsinin kasıb vəziyyətdə yaşaması diqqətimizdən yayınmadı. Ailə üzləri “kimsəsiz idi deyə, dağ-dərədə qulluq etdi ömrü böyu. İndi də balaları gözüyaşlı qalıb” deyə fəryad etdilər. Vasif Sadıqovun azyaşlı balalarının üzünə belə baxmaq çətin idi...
Qohumlarından onu da öyrəndik ki, bu günədək ölən zabitlərin ailələrinə dövlət tərəfindən yardım verilməyib. Onlara istintaq başa çatandan sonra status veriləcəyini deyiblər. Yalnız V.Sadıqovun Ağdaşda keçirilən yas mərasiminin təşkilinə rayon icra hakimiyyəti köməklik göstərib. Ondan sonra kimsə zabitin ailəsi ilə maraqlanmayıb...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR