Gültəkin Hacıbəylinin keçmiş əri 2-ci arvadını da məhkəməyə verib
Qaynağımızın verdiyi məlumatla bağlı əlavə xəbərlər toplamaq üçün Nərimanov Rayon Məhkəməsinin saytına nəzər saldıq. Dövlət qurumlarının elektron hökumət layihəsində iştirakını təmin etmək üçün dövlət büdcəsindən milyonlarla manat ayrılsa da, Nərimanov Rayon Məhkəməsinin saytı da bəzi dövlət qurumların saytı kimi işlək və funksional deyil. Sayta görüntü xatirinə 1-2 məlumat yerləşdirilib. Halbuki saytda məhkəmələrə daxil olan işlərə baxış qrafiki hər gün yenilənməli, çıxarılan qətnamələr haqda məlumatlar yerləşdirilməlidir. Saytdan əlavə məlumat toplamaq istəklərimiz baş tutmadığından hakim V.Məmmədovun köməkçisini aradıq. M.Mehdiyevin iddiası ilə bağlı sualımıza son dərəcə kobud cavab verən Roman adlı hakim köməkçisi “gedin suallarınıza cavabı ədliyyə nazirindən soruşun” deyib telefonu qapatdı. Qeyd edək ki, M.Mehdiyev G.Hacıbəyliyə qarşı iddiasına Nəsimi Rayon Məhkəməsinin görünməmiş bir sürətlə 2, 3 və 4 iyul tarixlərində baxıb. Hakim Etibar Hümbətov Gültəkin Hacıbəylinin 9 yaşlı oğlu Toğrulun anasından alınaraq 9 ildə üzünü görmədiyi atası M.Mehdiyevə verilməsilə bağlı qətnamə çıxarıb. Xatırladaq ki, bir müddət əvvəl Mahmud Mehdiyev mətbuat konfransı keçirərək Gültəkin Hacıbəylinin əleyhinə bəyanatlar vermişdi. Buna Gültəkin Hacıbəylinin hazırkı siyasi mövqeyinin səbəb olduğu isə heç kimdə şübhə doğurmur.
Nəsimi Rayon Məhkəməsinin absurd qərarının da keçmiş millət vəkilinin siyasi mövqeyi ilə bağlı olduğu şübhə doğurmur.
“Azadlıq” qəzeti yazıb ki, bu işlə bağlı məhkəməyə təzyiq o qədər güclü olub ki, hakim vəkilin təqdim etdiyi bütün vəsatətləri nə qəbul, nə rədd etməyərək, baxılmamış saxlayıb. Maraqlıdır ki, Səbayel Rayon İcra Şöbəsindəki icraat üzrə Mahmud Mehdiyevin Toğrulla dörd görüşü olub və bütün görüşlərdə uşağın tələbkarla ünsiyyətdən qəti şəkildə imtinası vəkilin və icra məmurlarının iştirakı ilə aktlaşdırılıb. Görüşlərin uşağın səhhətinə və psixikasına sarsıdıcı zərbə vurması və görüşlərin dərhal dayandırılması haqda psixoloqun rəsmi rəyi də var. Bütün bunlardan və uşağın həftədə bir dəfə görüşdən təkidlə imtina etməsindən sonra, heç bir məhkəmə araşdırması aparmadan Toğrulun onu 9 il ərzində böyüdən, təhsil verən və təmin edən anasından faktiki olaraq alınması haqda qərar verilib. Mövzuya qayıdacağıq.
P.S. Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.






