Son 1 həftə ərzində hamımızın diqqəti cəbhə bölgəsinə yönəlib. Belə də olmalıdır. Orada oğullarımız şəhid olur, yaralanırlar. Torpaq, vətən məsələsi bizim üçün önəmlidir.
Döyüşlər başlayandan bu yana hər gün müxtəlif xəbərlər yayılırdı və yayılmaqda davam edir. Gah sevindirici, gah da çox kədərləndirici xəbərləri oxuduqca nəyə inanacağımızı bilmirik. Bu şeylərə son qoymaq üçün peşəm gərəyi bir qrup jurnalist həmkarlarımla yollandıq cəbhə bölgəsinə.
Məqsədimiz, cəbhə xəttinə yaxın olan rayonlarımızın kəndlərində olub, mövcud durumu öyrənmək və aldığımız məlumatları oxucularımızla bölüşmək idi.
İlk olaraq Qazax rayona yollandıq. Öyrəndik ki, ən gərgin şərait Quşçu Ayrım və Məzəm kəndlərindədir. Oraya getmək üçün bizə taksi lazım idi. Amma taksi sürücüləri həmin kəndlərə getməkdən boyun qaçırırdılar. Çünki yollar təhlükəli idi.
Uzun sözün qısası. Bir gənc sürücü ilə anlaşdıq və yola düşdük. Sürücü bizdən kim olduğumuzu soruşdu. Təbii ki, ona jurnalist olduğumuzu deyə bilməzdik. Çünki bizi aparmayacaqdı. Hər kəs bilirdi ki, jurnalistləri həmin kənlərə kim aparsa ona problem yaşada bilərlər. Biz sürücüyə Bakıdan gəldiyimizi və Quşçu Ayrım kəndində olan qohumumuzu ziyarət edəcəyimizi dedik.
Kəndə gedən yolun üzərində əsgərlərin qurduğu bir post var idi. Oraya çatanda əsgərlər də bizim kimliyimizi soruşdu. Onlara da eyni sözləri dedik. Birtəhər postdan keçdik. Sürücü bizə dedi ki, kəndə gedən əsas yol təhlükəlidir. Ermənilər həmin yolla gedənləri atəşə tuturlar. Ona görə də, Kəmərli kəndinə yaxın olan yoldan gedəcəyimizi dedi.
Xülasə düşdük yola. Sürücü yolları yaxşı tanımadığı üçün bir az çəkinirdi. Və bəzən hansı istiqamətə gedəcəyinə tərəddüd edirdi. Sözün düzünü desəm bir az qorxurduq. Çünki yol boyu bəzi yerlərdə sürücü deyirdi: “Buradan sürətli keçməliyik. Ermənilər bizi görür və məsafə uzaq deyil. Birdən atarlar”. Bu sözləri deyirdi və bir siqaret yandırırdı. Bizi qorxudan həm də sürücünün cavan olması idi. Əgər atəş açılsaydı özünü itirə bilərdi və nəzərə alsaq ki, yol ensizdir və dağ yoludur, bu zaman erməni gülləsindən deyil, dağdan aşaraq ölə bilərdik.
Bir sözlə. Birtəhər çatdıq Quşçu Ayrım kəndinə. Kəndlilər bizi görən kimi dərdlərini bölüşməyə başladılar. Onları düşündürən bir çox səbəb var idi. Həm ermənilərin gülləsinə tuş gəlirdilər, həm də sosial problemləri onları boğaza yığmışdı.
Kəndlilər su, yol, qida problemi yaşayırlar. Kənd sakinlərindən biri bu sözləri deyirdi: “And olsun Allaha. 1 aydın evdə səhər-axşam südlü düyü yeyirik. Artıq qaytarmaq üzrəyik. Çörəyi təndirdə bişiririk. Həmin çörək qalıb qurusa da, onu isladıb yeyirik”. O, bu sözləri deyəndə utandım. Həm də çox utandım.
Necə utanmaya bilərdim? Mən şəhərdə oturub doyunca yemək yeyib, istədiyim suyu pulla ala bildiyim halda, onlar bir stəkan kirli suyu içmək üçün kilometrlərlə yol gedib, ermənilərin nəzarətində olan çaydan su gətirilər. Amma bu belə hər zaman baş tutmur. Çünki su götürmə məsələsi belə erməninin kefindən asılıdır. Bəzən uzunqulaqla su gətirməyə gedən kəndlini gülləyə tuturlar. Məcbur geri qayıdan kəndli 2-3 gün susuz qalır. Ya da qonşusunun ümidinə qalır. Kənddə bütün həyətlərdə dəmir su qabları var.
Hava isti idi, çətin və uzun yol gəlmişdik. Susamışdıq. Su gətirdilər. Normal zamanlarda stəkanın dibində qalan suyu yerə tökürük ki, məndən sonra içən şəxs iyrənməsin. Amma bu dəfə əlim gəlmədi onu etməyə. Suyun gətirilmə əziyyətini gözümün qabağına gətirdim. Suyu yerə tökə bilmədim.
Kənddə bir neçə evdə olduq. Ev deyərkən belə tərəddüd edirəm. Çünki ev deyəndə insanın ağlına ən azından yata biləcəyin, üstü örtülü normal bir yer gəlir. Amma bu kənddə bu tipli evlərin sayı barmaqla sayılacaq qədər də yox idi. Evlərin böyük hissəsi təmirsiz, uçulmuş, divarlar çatlamış vəziyyətdə idi.
Getdiyimiz evlərdən birinin 80 yaşlı sahibəsi olan yaşlı nənənin sözləri hələ də yadımdan çıxmır. Birlikdə getdiyimiz jurnalist həmkarlarımdan biri olan Sevinc Vaqifqızının əllərindən tutdu və dedi: “Hara gedirsənsə məni də özünlə apar. Nə olar apar. Yaşlı insanam. Artıq dözə bilmirəm. Son günlərimi belə əziyyət içində yaşamaq istəmirəm. Məni də özünlə apar”. Oradan uzaqlaşanda belə arxamızca əl salladı. Buna baxmaq belə hər şeyi anlamaq üçün bəs edirdi.
Bir neçə saat kənddə qaldıq. Geri dönməyə hazırlaşan vaxt kəndə atəş açmağa başladılar. Hamımız bir yerə qaçaraq sığındıq. Ara sakitləşdikdən sonra geri qayıtmaq üçün maşın axtarmağa başladıq. Amma heç kəs rayonun mərkəzinə getmək istəmirdi. Çünki qorxurdular. Necə gedə bilərdi. Yenicə atışma olmuşdu və yenə də ola bilərdi. Bu kənddə kimsə rayona gedəndə ailəsi ilə halallaşır ki, birdən geri dönə bilməz.
Bir az keçmişdi ki, bir ağsaqqal bizə yaxınlaşdı. Özünün Müsavat Partiyasının üzvü olduğunu və bizi rayona apara biləcəyini dedi. Qayıdarkən yenə dağların ətəyi ilə qayıtdıq. Amma bu dəfə daha təhlükəli yol ilə. Çünki gəldiyimiz yolu artıq ermənilər güllə atəşinə tutmuşdular. Xülasə. Bir xeyli yol getdik. Çatmağa az qalmış sürücü maşını saxladı və bir az düşündü. Dedi ki, əsas yolla getməliyik. Başqa yolumuz yoxdur (əsas yola ermənilər yaxın olduqları üçün nəzarət edirlər. Oradan keçən avtomobilləri güllə atəşinə tuturlar). Bu yolu keçib qurtarana kimi açığı deyim ki, bir az qorxdum. Ona görə yox ki, ölə bilərdik. Səbəbi bu idi ki, biz buraya gələrkən hər şeyi gözə almışdıq. Amma sürücüyə nəsə olsaydı ailəsinə cavab verə bilməzdik.
Bu kənd mənim yaddaşımda daima qalacaq. Heç vaxt da çıxmayacaq. Bir gün həmin kəndə yenə gedəcəyəm. Ümid edirəm ki, bu dəfə eyni problemləri görmərəm.