“Gülər Əhmədova maşın və ev söhbətini əbəs yerə qabartmadı...”
Gülər Əhmədovanın son məhkəməsi ötən ilin dekabrında dünyasını dəyişən Sevinc Babayevanın oğlu Ayxan Məmmədovla sabiq deputatla arasında yaşanan dialoqla yadda qaldı. G.Əhmədovanın verdiyi bəzi suallara cavabları, eləcə də məhkəmə iştirakçılarına qaranlıq qalan müəyyən detallarla bağlı A.Məmmədovla danışdıq. Müsahibimiz öncə məhkəmə barədə öz təəssüratlarını bölüşdü.
- Düzü, o məhkəmədə məntiqsiz söhbətlər çox idi. Hakim də, Gülər Əhmədovanın vəkili də o qədər mənasız şeylərdə səhv tutmağa çalışırdılar ki. Məsələn, oxuduğum Təfəkkür Universitetinin adını çaşıb “Təvəkkül” yazmışam, elə demişəm. Durub hamısı düşüb üstümə ki, universitetin adını niyə səhv yazmısan? Bəyəm məhkəmədə bu məsələ müzakirə olunur? Nə dəxli var? Gülər Əhmədova mənə sual verir ki, bizdə olmusanmı? Mən də dedim, olmuşam. Dedim, həmin vaxt Milli Məclisin arxasında qalırdınız, balaca oğlunuz yox idi. Ola bilər, nəyisə səhv salım. Yenə də deyirəm, bunun ümumi məsələyə nə aidiyyəti var? Daha bir tərəfdən, bizim həmişə maşınlarımız olub. O vaxt şəhərdə bir “Audi” markalı maşın var idisə, o da mənim babamın idi. 15-20 min manatı olan hər adam maşın ala bilər də. Burda nə var ki?
- Maşınlarla bağlı sorğu-sual da ilginc idi. Gülər Əhmədova ananızın aldığı maşınların markasını, hansı ildə alındığını detalları ilə soruşdu sizdən. Biz bu sualların mənasını anlamadıq. Sizcə, Gülər Əhmədova nəyi dəqiqləşdirməyə çalışırdı?
- Baxın, o, artıq çox şeyi etiraf edir: anamı Türkiyəyə göndərməyini, ordakı adamlarla əlaqə saxlamağını... İndi də başqa plan qurub. İstəyir axırda bu məsələni belə təqdim etsin ki, Elşad Abdullayevdən alınan pulları Sevinc Babayeva özü yeyib və həmin pullarla da özünə bahalı maşınlar alıb. Maşınların hansı illərdə alındığını ona görə dəqiqləşdirmək istəyirdi. Anamın aldığı evləri, onların harda yerləşməsini də məhz ona görə soruşurdu. Məqsədi ancaq bu idi. Siz jurnalistlər də ali savadlı insanlarsız. Əgər məhkəmə Gülər Əhmədovaya qarşı dələduzluq maddəsi ilə açılıbsa, bu sorğu-sualın başqa nə məqsədi ola bilərdi ki?
Daha bir tərəfdən, əgər anam Elşad Abdullayevdən pul alıb tək yeyibsə, niyə Gülər Əhmədova onu İstanbula göndərirdi? Niyə bu işdə ona köməklik göstərirdi? Göstərməyəydi də. Nə marağı vardı ki, onluq olmayan bir işə görə bu qədər başını ağrıtsın? O elə adamdır ki, özünə aidiyyəti olmayan heç bir işə görə nəsə əziyyət çəkməz. Özü də sizə bir şey deyim. Əgər mənim anamın bu məsələdə nəsə pis bir işi, günahı olsaydı, mən heç vaxt məhkəməyə çıxmazdım, özümü biabır etməzdim. Ora çıxmağa utanardım ki, orda nəsə yalanlar danışım. Orda görün nə qədər göz, qulaq var, adama baxır, eşidir.
- Məhkəmə ilə bağlı media orqanlarında yazılan yazılarda bu məqam vurğulandı ki, ailəniz 2006-2007-ci illərdən sonra varlanıb.
- Oxudum onları. Amma mən məhkəmədə də dedim, indi də təkrarlayıram ki, bizim həmişə pulumuz olub. Mənim babamın bacısı nazir olub. Babam da az vəzifələrdə işləməyib. Bizim hər şeyimiz olub bu günə qədər. İnşallah, bundan sonra da hər şeyimiz olacaq. Vidadi Qədirov gəlmişdi ha məhkəməyə, şahid kimi. Bax o da Gülər Əhmədovanı yaxşı tanıyır. Mənə deyir, deputatlıqdan əvvəl də mən dövlət idarələrində, vəzifələrdə olmuşam. Bəs 96-97-ci illərdən niyə danışmır? Həmin vaxt da vəzifəli idi bəyəm?
- Bəs prosesi izləyəndən sonra təəssüratınız necə oldu? Hansı istiqamətdə gedir proses, sizcə?
- Mən bu günə qədər nə demişəmsə, hamısını da düz demişəm. Bax, mənim onunla bağlı şəxsi qərəzliyim olmayıb, mübahisəmiz düşməyib. Mən bəyəm dəliyəm ki, durub onun üstünə şər atım? O, mənə dedi ki, mən bilirəm, sənin müəllimin kimdir.
- Söhbət kimdən gedirdi ki?
- Elşad Abdullayevi nəzərdə tuturdu. Amma Allaha and olsun ki, mənim heç kimlə əlaqəm yoxdur. Mənim müəllimim də yoxdur. O qədər savadsız insan deyiləm ki, kimsə mənə ağıl versin. Dünyagörüşlü insanam, pisi-yaxşıdan ayıra bilirəm.
- Məhkəmədəki ilginc detallardan biri də ananızın qolundakı döymə ilə bağlı oldu. Siz dediz ki, o döymədə “Allahu əkbər” yazılıb. Gülər Əhmədova isə hakimdən icazə alaraq, sizin qulağınıza o döymənin mənasını demək istədiyini bildirdi. Hakim buna icazə vermədiyi üçün siz də, biz də bu söhbətin mənasını anlaya bilmədik. O döymədə hansı sirr ola bilərdi? Təxmininiz varmı?
- Mən bilmirəm, o mənim qulağıma nə deyəcəkdi. Bəlkə də döyməni bəhanə edib, qulağıma başqa şey deyəcəkdi. Özü də ki, döymə nə olan şeydi ki, onun sirri də olsun? Orda xərçəng, nə bilim, əjdaha şəkli olmayıb ki, xüsusi sirri olsun. Allahu əkbər sözləri yazılıb - Allaha qurban olum, onun da mənası aydındır da. Onu mənim qulağıma deməyə nə ehtiyac var ki? Bunun nəinki Gülər Əhmədovaya, heç kimə dəxli yoxdur.
- Məhkəmədə iddia etdiniz ki, pulun Gülər Əhmədovaya harada verilməsindən xəbəriniz var.
- Bəli, şahidim də var, lazım gəlsə, onu da çağırsınlar. Pulun bir hissəsi Mərdəkan yolunda verilib. Gülər Əhmədova bağa gedəndə anam da gedib ora. Yolda verib ona pulu. Göy klyokun içində olub.
- Amma o puldan ananıza bir qəpik də çatmadığını deyirsiz...
- Allah haqqı, çatmayıb. Gördüz mənim anam neylədi? Gülər Əhmədovanı da çağırdı, Elşad Abdullayevi də. Dedi, öz aranızda həll edin bu məsələni. Anam gizlində pul yeyən olsaydı, heç onları çağırıb danışdırardı. Onları görüşdürdü, dedi ki, Elşad, bax sənin işini bu həll edəcək, filan qədər pul istəyir. Biz heç vaxt heç kimə pul atmırıq, aldatmırıq. Anam yaxşılıq eləmək istəyib, amma Gülər Əhmədovanın hesabına hər şey pis olub, camaat bədbəxt oldu. Əvvəl boynuna almırdı ki, anamın İstanbula getməsindən xəbəri olub, onunla orda danışıb və sair. Gördüzmü, məhkəmədə hər şeyi boynuna aldı. O 20 min dollar məsələsi var ha, mənə verilən. Gülər Əhmədovanın borcu idi ki, o pulu mənə versin. Mən o boyda anamı itirmişdim, onu necə gətirməliydim, necə yola verməliydim yas məclislərini? Özü də Gülər Əhmədova heç nəyi elə-belə edən adam deyil ha. O, deputat kimi çox pullar qazanıb. Mən hələ onlardan danışmıram. O, bizim pullarımızdan danışmasın. Biz nə qazanmışıqsa, onu yemişik, xərcləmişik, sonra yenə qazanmışıq. Anam hamıya yaxşılıq etmişdi. Sizə adi bir şeyi deyim də. O vaxt anam qoyun alıb yetimlər evinə aparırdı, Gülər Əhmədova da bizim yanımızda gedirdi ki, guya bu qoyunları o alıb, guya xeyriyyəçidir. Daha bir şey var. Gülər Əhmədova əvvəlki məhkəmə proseslərində anamla aralarındakı münasibətlərin isti olmasını danırdı. Amma axırıncı prosesdə etiraf elədi ki, münasibətlər yaxşı olub. Bizim onlara getməyimizi, onların bizə gəlməyini boynuna aldı. Onun balaca oğlu olanda Milli Məclisin arxasındakı evdə qalırdı. Uşağı oldu, evə gəldi. Gedib yekə bir buket bağlatdırdım. Düzdü, mən qalxmadım. Anam qalxdı yuxarı, təbrik etdi. Mən dünən həmin evi Gənclik tərəfdəki - Karl Marks həndəvərindəki evi ilə səhv saldım.
- Ailə üzvlərinizdən başqa kim məhkəmədə çıxış edəcək?
- Qohumlardan istintaq vaxtı kimi dindiriblərsə, onlar da ifadə verməlidir məhkəmədə. Amma kim gələr, kim gəlməz, Allah canlarını sağ eləsin.
Sevinc TELMANQIZI






