İnsanlara hürriyət, millətlərə istiqlal!

Gülcahan Salamova: “Gəncliyimdə bu sənətə qapandım.... illərimi itirdim” – Müsahibə, fotolar

2832 22.02.2019 17:26 Mədəniyyət A A

“Yeni Müsavat”ın bu dəfəki qonağı aktrisa Gülcahan Salamovadır. Qeyd edək ki, aktrisa bu günə qədər “Bankir adaxlı”da Gülbikə, “Subaylarınızdan görəsiz”də Qəndab, “Milyonçunun dilənçi oğlu”nda Xanım, “Qızıl toy”da Aygün, “Bağdada putyovka var” filmində Solmaz və digər obrazları ilə yadda qalıb, sevilib. Onun son vaxtlarda çəkildiyi “Niyə?” serialındakı Südabə ana obrazı getdikcə daha çox populyarlaşmağa, dediyi replikalar fenomenə çevrilməyə başlayıb. Müsahibəmizə də elə bu serialla bağlı sualla başladıq:

- Serialdakı Südabə ana obrazına öz münasibətiniz necədir?

- Elə bilirdim, suallar təkcə teatrla bağlı olacaq (gülümsəyir). Təbii ki, əgər aktrisayamsa, həm səhnədə, həm də filmlərdə olmalı, çalışmalıyam. Qeyd edim ki, “Niyə?” serialına təsadüfən dəvət almışdım. İlk olaraq köməkçi qadın roluna dəvət almışdım. Çəkilişlər oldu, düşündüm ki, təxminən bir aya ekranlara çıxar. Lakin bir müddət səs-səmir çıxmadı. Günlərin bir günü mənə zəng gəldi və bildirdilər ki, həmin serialda Asimanın anası, Südabə roluna çəkilməliyəm. Sözün düzü köməkçi qadın roluna çəkiləndə Südabə rolunu görmüşdüm və bu obrazdan çox xoşum gəlmişdi. Ürəyimdən keçirirdim ki, kaş o rolu oynayardım. Zəng vasitəsi ilə mənə bildiriləndə ki, bu rolu mən oynayacam, sevincimin həddi-hüdudu yox idi. Beləliklə, getdim seriala, Südabə obrazına çəkildim. Elə birinci gündən obrazımı çox sevdim. İctimaiyyətdə, sosial şəbəkələrdə gedən müzakirələrdən, şərhlərdən belə anlayıram ki, tamaşaçıların da xoşuna gəlir, bəyənirlər.

- Tənqidlərlə də rastlaşdızmı?

- Təbii ki, replikaları, jarqon sözləri bəyənməyənlər, buna neqativ tərəfdən yanaşanlar da var. Lakin mən hər kəsin fikrinə hörmətlə yanaşıram. Ssenarist çox şey yaza bilər, amma o demək deyil ki, bütün jarqon sözləri onun yazdığı formada tamaşaçıya çatdırmalıyam. Yəni, yaşımın bu zamanında hansısa sözə görə özümü gözdən sala bilmərəm. Mən həmin sözləri özününküləşdirir, bəzən sinonimlərini tapıb, mədəni formada düzürəm ki, tamaşaçı qəbul edə bilsin. Təbii ki, bu zaman müəllifin çatdırmaq istədiyi fikri öz yerində qalır. Yəni, çalışıram ki, replikalar bayağı səslənməsin.

- Tamaşaçılar teatr səhnəsində sizi “Bankir adaxlı”da Gülbikə, “Subaylarınızdan görərsiz”də Qəndab və digər bu kimi obrazlarda görüb. Ənənəvi səslənsə də, soruşmaq istərdim, bu obrazlarınızın arasında hansı sizə daha çox əziz, doğma, daxilən çox yaxındır?

- Əgər mənə verilən obrazları özümünküləşdirməsəm, sevməsəm, onu oynaya bilmərəm. Ona görə də oynadığım bütün rollar mənim üçün çox doğma, əzizdir.

- Bəyənmədiyiniz obrazı oynamaq məcburiyyətində qalmısızmı?

- Əlbəttə ki, elə obrazlar ola bilər ki, aktrisa kimi özümüzü onda görə bilmərik və bu zaman teatr rəhbərliyinə müraciət edib, obrazdan imtina edə bilərik. Xatırlamıram ki, məcburiyyətdən hansısa obrazı yaradım.

Bir az öncəki sualınıza qayıtmaq istərdim, bəli, bir obraz var ki, o mənim üçün daha əziz, doğma, özümünküdür. Bu, “Bankir adaxlıda”kı Gülbikə roludur. Gülbikə çox xarakterli roldur. Mən onu 2 quruluşda oynamışam. Belə ki, ilk dəfə rejissor Faiq Zöhrabovun quruluşunda xalq artisti Hacıbaba Bağırovun, sonralar xalq artisti İlham Namiq Kamalın iştirakı ilə olan tamaşada, daha sonra isə xalq artisti Afaq Bəşirqızının yeni quruluşu əsasında səhnələşdirilən tamaşada oynamışam. Qeyd edim ki, bu obrazı müxtəlif quruluşda, müxtəlif cür oynamışam. Məsələn, Hacıbaba Bağırovun iştirakı ilə olan tamaşada Gülbikəni daha şıltaq, yəni öz yaşıma uyğun oynamışdım. Sonrakı quruluşda Gülbikəni artıq yaşlı qız kimi deyil, digər xüsusiyyətlərini, zehni çatışmazlıqlarını və sairəni də göstərməyə çalışmışam. Hətta obraz yenidən mənə həvalə olunanda bir qədər ürəklə yanaşmamışdım ki, artıq yaşım buna uyğun deyil. Lakin teatrdakı həmkarlarım bildirdi ki, “Gülcahan, sən bu obraza öz imzanı vurmusan”. Doğrudur, mənim bu sözdən heç xoşum gəlmir, yəni “filankəs bu obraza möhürünü vurub, imzasını verib” kimi ifadələri qəbul etmirəm. Hətta gənc həmkarlarıma da təklif etdim ki, bu dəfə onlar bu obrazı yaratsın. Lakin yenidən Gülbikəni oynadım.

- 1988-ci ildən bu yana, tam 31 ildir ki, Musiqili Teatrda çalışırsız. O illərdən bu ilə qədər teatrda nə dəyişib? Təbii ki, bu illər ərzində teatrın binası müasir standartlara uyğun təmir olundu və sairə. Sualım əsasən yaradıcılıqla bağlıdır, nə kimi yeniliklər olub?

- Bəli, binamız çöx gözəl təmir olunub, dəyişib. Bir də o dəyişib ki, mən yaşlamışam, görünüşümdə dəyişikliklər var, artıq sevən gənc qız obrazları mənim deyil. Mən həmin obrazların estafetini gənclərə vermişəm. İndi isə xarakterik obrazlar oynayırm. Beləliklə, hazırda rollarımın xarakteri dəyişib, öz xarakterimə uyğun obrazlar oynayıram. Və bu obrazlarıma daha məsuliyyətli yanaşır, üzərində çox çalışıram. Qeyd edim ki, xarakter obrazı yaratmaq çox çətindir, kənardan göründüyü kimi, asan deyil. Bildiyiniz kimi, əvvəllər teatrımızın adının qarşısında komediya sözü də var idi. Lakin indi komediyalar kimi, dramatik tamaşalar da səhnələşdiririk.

Çalışıram ki, tamaşaçının zövqünü oxşayan bir obraz yaradım, ortalığa qoyum.

İki gün öncə teatra daxil olanda yeni oynanılacaq tamaşalarla bağlı olan lövhə ilə maraqlandım. M.S.Ordubadinin qələmindən çıxmış, musiqisi Səid Rüstəmovun olan “5 manatlıq gəlin” tamaşasında oynayacaq aktyor və aktrisaların siyahısına baxanda gördüm ki, tamaşada Cəlbi obrazının qarşısında mənim adım var. Bir anlıq gözlərim doldu. Çünki əvvəllər Naznazı oynamışam, indi isə bu tamaşada ana obrazını yaratmalıyam (gözləri dolur, bir müddət qəhərdən danışa bilmir)... Bu məni çox sevindirdi, yəni gəncliyimi boşuna ötürməmişəm. Bu gün artıq daha ciddi obrazlar yaradıram.
Tamaşanın rejissoru olan Əsgər Əsgərova minnətdaram ki, bu tamaşada ana obrazını mənə həvalə edib. Ümumiyyətlə, teatrın direktoru Əliqismət müəllimin diqqəti və qayqısı biz aktyorların üzərindədir , bu da bizi ruhlandırır, öz işimizə məsuliyyəti artırır.

- Bir aktrisa üçün əvvəl gənc qızı, sonra da ana obrazını yaratmaq xoşbəxtlikdirmi?

- Əlbəttə. Bu teatra illərimi vermişəm. Deməli, bu illəri yaşayıb, yaratmışam ki, indi ana obrazları mənə həvalə olunur.

- “Niyə?” serialında da ana obrazını oynayırsınız. Səhnədə, seriallarda artıq ana obrazında olsanız da, həyatda hələ də subaysız. Səbəb nə olub? Ümumiyyətlə diqqət etsək görərik ki, kişi aktyorları ilə müqayisədə aktrisalarımız ya çox gec ailə həyatı qurur, ya da ümumiyyətlə ömrünün sonlarına qədər subay qalır. Bunun əsasında hansı səbəb dayanır?

- Deyərdim ki, bu taleyin yazısı, qismətidir. Gəncliyimdə bu sənətə, səhnəyə qapandım. Həyatımızın ən gözəl çağında, yəni sevilib-sevən zamanımda anam dünyasını dəyişdi. Həmin vaxt institutun son kursunda oxuyurdum. Daha sonra teatra gəldim. Yaralarımı işimlə, sənətimlə ovutmağa çalışırdım. Eyni zamanda atamın tənhalığı və sairə, bütün bunlardan qayğılandım, illərimi itirdim... (yenə kövrəlir, qəhər onu boğur).

- Bundan sonrakı həyatınızda yalnız xoşbəxtlik arzulayırıq... Təxminən 2000-ci illərdə ekranlara çıxan “Bağdada putyovka var” filmində Solmaz obrazını yaratmışdız. Bu obraz kiçik epizodla olsa belə, tamaşaçıların yaddaşında həmişəlik qala bildi. Xüsusən də sizin olduğunuz epizodda Elza Seyidcahanın “Vida” mahnısının səslənməsi bu obrazı daha təsirli etmişdi. Nədənsə sizinlə söhbət zamanı mənə elə gəldi ki, o Solmaz elə sizin özünüzsüz. Həqiqətən Solmazı həyatda da yaşamısızmı?

- Bəzən məndən soruşurdular ki, “Gülcahan xanım, o musiqini siz özünüz səsləndirmisiz?” Yəni, müğənni ilə mənim səs diapozonum üst-üstə düşmüşdü. Bu səbəbdən elə bilirdilər ki, mahnını da mən oxumuşam.
Düşünürəm ki, bəlkə də Solmazı yaşamışam...

- “Niyə?” serialından sonra sizə başqa seriallar üçün də təkliflər aldınızmı?

- Hələ ki, xeyr. Amma bu serial mənim üçün ilk dəfə deyil, bundan əvvəl “3 bacı”, “Qaynanamız”, “İmtahan” serialında çəkilmişəm.

- Yaxın günlərdə tamaşaçılar teatr səhnəsində sizin hansı obrazlarınızı görə biləcək?

- Hazırda teatrda tamaşaya qoyulan “Molla Nəsrəddinin 5 arvadı” komediyasında 1-ci arvadı obrazını yaradıram. Deyim ki, çox sevdiyim obrazdır, ümumiyyətlə, tamaşa çox gözəldir, musiqi tərtibatı heyranedicidir. İlk səhnə başlayarkən çox gözəl musiqi səslənir. Bu zaman biz çarşabın altında oluruq və musiqi bizi tamam başqa aləmə alıb, aparır. Bütün tamaşaçıları bu tamaşaya dəvət edirəm, gəlib zövqlə izləsinlər.

Daha sonra isə, bir qədər öncə qeyd etdiyim kimi, yaxın vaxtlarda, mart ayında “5 manatlıq gəlin” tamaşasının məşqlərinə başlayacağıq.

- Bəs tamaşaçıların marağı sizi qane edirmi?

- Niyə də yox? Əlbəttə ki, qane edir. Çünki işlədiyim müddət ərzində məhz bizim teatrda tamaşaçı qıtlığı görməmişəm. Deməli yaxşıyıq, varıq, işimiz peşəkardır ki, tamaşaçımız daim var.

- Televiziya proqramlarında isə sizi, demək olar ki, görmürük.

- İndiki proqramların, demək olar ki, hamısı qalmaqallardan, söz-söhbətdən ibarətdir. Mən də ömür boyu qalmaqallardan qaçan adamam.

- Amma bəzən qalmaqalın özü piara hesablanır.

- Mənə belə tanınmaq lazım deyil. Yalnız işimlə, obrazımla tamaşaçının qarşısına çıxmaq istəyirəm. Nəinki tamaşaçı məni görəndə desin ki, “bu aktrisa o gün belə bir qalmaqal çıxartdı”. Yox, istəmirəm...

- Məlum məsələdir ki, ölkəmizdə təkcə teatr maaşı ilə dolanmaq, yaşamaq çox çətindir. Bu baxımdan bir çox aktyor və aktrisaların əlavə işləri, gəlir yerləri olur. Bəs sizin necə?

- Yox, yoxdur. Mən bütün ömrümü, işimi teatrla, aktrisalıqla bağlamışam.
İndi xatırlayıram ki, əvvəllər nə vaxtsa mən də hansısa məclisə getmişəm. Lakin oradakı mühit, ab-hava məni bu yoldan uzaqlaşdırdı. Düşünürəm ki, əgər aktrisa olmasaydım, yəqin ki, müğənnilik sənəti ilə məşğul olardım. Çünki solist-vokalistəm, muğamı da bilirəm. İstəsəm toylara, məclislərə gedərəm, lakin bunu istəmirəm, həm də yoruluram.

- 31 ildir həyatını, ömrünü sırf sənətə həsr edən Gülcahan Salamova öz dəyərini ala bilib?

- Ən böyük arzum budur ki, zəhmətimin bəhrəsini görüm. Bir neçə il bundan əvvəl “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunmuşam. Lakin bundan sonrasını da gözləyirəm. İnşallah, inanıram ki, Allah arzuma çatdıracaq... “


Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR