O, “musavat.com”a açıqlamasında deyib ki, T.Novruzovun kimliyi Azərbaycan ictimaiyyətinə məlumdur: “Neçə belə cinayətlərdə Təhmasib bəyin adı bir oyunçu kimi hallandırılıb. Onun kimliyi ilk növbədə demokratik hərəkata bir zərbədir. Onun səsləndirdiyi ittihamları heç bir zaman ciddi qəbul etməmişik”.
Gözəl Bayramlı bildirib ki, o Əli Kərimlinin adını hallandırmaqla özünü satışa çıxarmaq istəyir: “Onu hamı tanıyır. Təhmasib bəy getsin öz işi ilə məşğul olsun. Ölkənin mübarizə aparan insanların qarşı çamur atmasın. Yəqin yenidən pula ehtiyacı var. Gündəmə gəlib satılmaq istəyir”.
Qeyd edək ki, Təhmasib Novruzovun keçirdiyi toplantı “Millətim” qəzetində “Əli Kərimlini fiziki məhv etsəydim indi azadlıqda idim” başlıqlı yazı ilə bağlı olub. Novruzovun sözlərinə görə, qəzetdə gedən bu yazı törətdiyi əməllərinə görə, 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Bəhlul Muradovun imzası ilə çap olunub.
T.Novruzov yazının böhtanlarla, ağlasığmaz fantaziyalarla dolu olduğunu deyib. Keçmiş cəbhəçi bildirib ki, mənim üçün ən acınacaqlısı isə odur ki, AXCP sədri Əli Kərimov mətbuata açıqlama verərək, bunların həqiqət olduğunu bildirməsi və hadisələrin 2005-ci ilin yayında baş verdiyini vurğulamasıdır. “Əli Kərimli hələ 1992-ci ildə AXC sədrinin müavini olduğu zaman “Azadlıq” qəzetində (17 aprel 1992, N31 (131)) mənə qarşı böhtan yazı ilə çıxış etmiş, həmin qəzetin 24 aprel 1992-ci il tarixli N32 (132) sayında redaksiya bu yanlışlığa görə, Təhmasib Novruzovdan və oxuculardan üzr istəməli olmuş, 28 aprel 1992 tarixli 33(133) sayında isə həmin böhtanla bağlı AXC Ağdam rayon şöbəsinin geniş məlumatı dərc olunmuşdur. Əli Kərimlinin bütün həyatı şər və böhtanlarla zəngindir. İndiki halda AXCP sədri Əli Kərimlinin qeyd olunan məsələyə münasibəti də, bu baxımdan təəccüb doğurmur”.
Təhmasib Novruzov məsələ ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralova rəsmi ərizə ilə müraciət edərək məsələnin hüquqi müstəvidə araşdırılmasını xahiş etdiyini də bildirib.
Fərahim İLQAROĞLU






