Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində tapılan meyitin kimliyi məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, Qırmızı Samux adlanan ərazidə tapılan meyit polis tərəfindən axtarışda olan 1967-ci il təvəllüdlü Kəlbəcər rayonundan məcburi köçkün olan və Göygöl rayonunun Tulalılar kəndində məskunlaşmış Firudin Əlif oğlu Ələsgərova məxsusdur.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qətl hadisəsi Göygöl rayonunun "Hacıməlik" dəirəsi adlanan ərazisində baş verib. 1967-ci il təvəllüdlü Firudin Ələsgərov həyat yoldaşı, 1973-cü il təvəllüdlü Laləzar Abdullayeva ilə birlikdə evdən çıxıb. Onlar Şəmkir rayonuna işləməyə gedən zaman yolda aralarında mübahisə yaranıb. Qadın hər gün Şəmkirdə təsərrüfatda fəhlə işləməkdən yorulduğundan şikayətçi olub. Banka olan borca görə, ər və arvad Şəmkirə hər gün işləməyə gedirlərmiş. İlkin ehtimalara görə, həmin gün də onlar Şəmkirə getmək üçün yola çıxıblar və qadın daha işə getmək istəmədiyini bildirib. Bu zaman əri ilə aralarında mübahisə yaranıb. F.Ələsgərov arvadına çoxlu saylı bıçaq zərbələri vuraraq onu öldürüb və hadisə yerindən qaçıb. Ailənin 3 övladı var.






