İnsanlara hürriyət, millətlərə istiqlal!

Göydə namaz, gecə saat 2-də toplu ibadət, politoloq-sürücü və 102 manata üç qab yemək

4234 22.06.2017 08:10 Reportaj A A

Bu, Qazaxıstanın paytaxtı Astanaya ikinci səfərimiz idi. İlk dəfə orada ötən ilin aprelində olmuşduq. O vaxt hələ ağaclar yenicə çiçəkləyirdi, Astananın nə qədər gözəl olduğunu duymaq olmurdu. Üstəlik, bu dəfə şəhərin başqa səmtinə düşdük və şəhərin heç də təkcə mərkəzinin gözəl olmadığını, hər tərəfinin abad olduğunu, Astanada çoxlu geniş prospektlərin, minlərlə möhtəşəm tikililərin mövcud olduğunu gördük. 

 

Səfərimizin ilk günündə başqa maraqlı detallar da müşahidə etdik.

 

Göyün yeddinci qatında namaz

 

Bakıdan Almatıya uçan təyyarədə heç gözləmədiyim bir şey oldu. Məndən ön cərgədə oturan şəxs, milliyyətcə qazax olan 40-45 yaşlı kişi təyyarə 11 500 km yüksəklikdə olarkən və üzü şərqə doğru 850 km\saat sürətlə uçarkən gedib dəstəmaz aldı, başına araqçın qoydu, illüminatorun qapağını açdı və üzü qibləyə namaz qılmağa başladı. Günorta saat ikiydi, günorta namazının vaxtıydı, amma göyün yeddinci qatında bu dini ibadəti yerinə yetirmək bu qazax üçün hər şeydən vacib imiş.

Onun ardınca təxminən o yaşda daha bir kişi həmin oturacaqda namaz qıldı, daha sonra eyni ayini 28-30 yaşda olan bir qazax gənc də icra etdi. Onların üçü də bir-biriylə tanış idilər, Bakıdan Almatıya gedirdilər.

Mənim səfər yoldaşlarım da dindardırlar və biri namazının vaxtını heç bir halda keçirməz. Həmin saatlarda onlar hətta səfərdə olsalar belə oruclarını pozmamışdılar. Birinə sualedici nəzərlə baxdım, yəni, bu vacibdirmi, elədirsə, sən niyə namaz qılmırsan. O cavab verdi ki, təyyarədə vacib deyil, ancaq aeroportda o da namaz qılacaq.

Bu olay qazaxların möminliyinə dair ilk təəssüratım idi. Buna qədər mən qazaxların bu qədər dindar olduğunu bilmirdim, daha çox yeyib-içən, əhlikef qazaxlarla rastlaşmışdım.

 

Gecə saat 2-də məsciddən çıxan minlərlə qazax

 

Yuxarıda yazdığım fikirlərə qüvvət ola biləcək epizodu bir də gecə saat 2-yə 15 dəqiqə qalmış müşahidə etdim. Dostlarla şəhəri gəzib, çay içib otelə qayıdırdıq. Fikir verdim ki, prospektlərin birində yerləşən möhtəşəm məscid kompleksinin yanında qələbəlikdir: minlərlə avtomobil yol kənarında, səkilərdə bir neçə cərgədə düzülüb, saxlayıb və bu maşın karvanı az qala kilometrlərcə uzanır. Bundan başqa, ətrafda artıq məscidi tərk etməkdə olan minlərlə mömin kişi və başörtülü qadın var. Müşayiətçilərimizdən soruşdum, dedilər ki, bu Sultan Həzrət məscididir, gecə saat 2-də ibadətdən dönənlər isə dindarlardır, bu gün Qədr gecəsi olduğuna görə bu saata qədər ləngiyiblər.

unnamed (2).jpg (38 KB)

Bu, qazaxların dinə münasibətinə dair yeni təəssürat idi. Belə məlum olurdu ki, dövlət ekstremist dini təşkilatları nə qədər öz nəzarətində saxlasa da, onlara qol-qanad açmağa imkan verməsə də, hər halda insanların dini inancına hörmətlə yanaşır və onların dini ayinləri icra etməsindən, kütləvi şəkildə şəhərin mərkəzinə toplaşmasından narahat olmur.

 

Politoloq-sürücü

 

Hər kəsə məlumdur, dünyanın çox yerində taksi sürücüləri söhbətcil olurlar. Görünür, peşələri bu cür tələb edir. Bir ölkə, şəhər haqqında məlumat toplamaq üçün ən mötəbər mənbələrdən biri də taksi sürücüləridir.

Amma kim deyərdi ki, bizi Astana aeroportundan otelə aparan 40-42 yaşlı sürücü politoloq və olduqca məlumatlı bir adam çıxacaq.

Biz onunla söhbətə Bakı barədə başladıq. Marlen adlı sürücü dedi ki, bu günlərdə Rusiya televiziyasında gedən “Orel i reşka” adlı verilişdə aparıcılar Bakıdan bəhs edib, onun adının mənasının “küləklər şəhəri” olduğunu deyiblər və süjetlər göstəriblər. Gördükləri sürücünün çox xoşuna gəlib, xüsusilə də Naftalan nefti haqqında deyilənlər. Sürücü soruşdu ki, “Brilyant əl” filmində yer alan və aktyor Mironovun özünü yerə çırparaq, “çort poberi” dediyi küçə dururmu, söküb-dağıtmayıblar ki. Dedik, durmağına durur, amma İçərişəhər vaxtaşırı oliqarx təzyiqinə məruz qalır. Bu yerdə onun da dərdi açıldı, dedi ki, Astanada da vəziyyət o cürdür, varlılar beş metr boş yer qoymurlar, hər yanı alır, tikintiyı başlayırlar, artıq uşaqların oynamağa yerləri də qalmayıb, hər tərəfdə sürətli tikinti işləri gedir.

Biz ondan prezident Nazarbayevin idarəçiliyini soruşduq, həmsöhbətimiz, prinsipcə, ondan razı olduğunu dedi və qeyd etdi ki, ancaq yüksək mənsəbli məmurlar arasında canavar xislətli adamlar çoxdur, talançılığa, sərvət toplamağa meyllidirlər. “Bəs Nazarbayevdən sonra necə olacaq, onun yerinə qızı keçə bilərmi”, - soruşduq. Sürücünün cavabı belə oldu: “Bu az ehtimallıdır. Dariqa savadlı, ağıllı, təmkinli qadındır ,amma zəif və mülayimdir, canavarların öhdəsindən gələ bilməz. Nazarbayev hakimiyyəti qardaşına da verə bilər, amma onun yaşı Nazarbayevinkindən az olsa, o da yaşlı adamdır, üstəlik, syasətçi deyil, necə deyərlər, iş adamıdır. Hələlik Nazarbayevin vəliəhdi yoxdur, varsa da, gizli saxlayırlar, önə, hədəfə çıxarmırlar”.

Marlen söhbət əsnasında Nazarbayevin Avstriyada həbsxanada ölmüş keçmiş kürəkəni Rahat Əliyevdən də danışdı və onun artıq böyümüş oğlunun hakimiyyətə gəlmək şansını analiz etdi. Belə anlaşıldı ki, bu şəxs bu işləri bilir.

 

Yeyilməyən üç nimçə xörəyə görə 102 manat

 

Astanada möhtəşəm, gözəl, modern otellər, yaxşı, lüks restoranlar var. Nə yazıq ki, onların ikisinin bir yerdə olmasına çətin rast gəlinir. Yəni hansısa 4, 5 ulduzlu otelin yaxşı yemək verən restoranına rast gəlmək çətindir.

unnamed (1).jpg (60 KB)

Biz şəhərə gec, təxminən saat 10 radələrində çatmışdıq, köhnədən tanıdığımız iaşə müəssisələrinə getməyə vaxt yox idi. Bu şəhərdə iaşə sferasında azərbaycanlıların və Anadolu türklərinin işlətdiyi yaxşı kafe-restoranlar var və müştəriləri heç vaxt əskik olmur.
Məcburiyyət üzündən axşam yeməyini otelin restoranında yeməli olduq. Ağız dadımıza uyğun olaraq tərəvəzlə qovrulmuş qoyun əti, su, limonad sifariş verdik. Yarım saata hazırlayıb gətirdilər. Hərəmiz bir tikə yedik. Yeyiləsi bir şey deyildi. Axırda hesabı gətirəndə məlum oldu ki, bizim pulla 102 manat ödəməliyik. Ödədik, ofisianta yeməyin əla olduğunu, “ancaq çalışın, bir də heç kəsə təklif etməyin”, dedik və qərara gəldik ki, birdəfəlik vegetarian olmamaq üçün bir də bu restoranda nahar etməyək.

Belə yerdə azərbaycanlılar adətən “Allah versin öz mətbəximizə” deyirlər. Biz də elə deyəsi olduq. Çünki bu, bir gerçəklikdir. Bizim ölkəmizdə qonaq olub gedən xaricilər yalnız və yalnız yeməklərin çox dadlı olduğundan, adama pəhriz pozdurduğundan şikayət edirlər. Bir az da qiymətlərin bahalığından giley edə bilərlər, o da yerinə, adamına baxır, nabələd adamları hər yerdə qazlayırlar. Hər halda bizdə üç qab yeyilməmiş yeməyə görə heç kəsdən 102 manat hesab almazlar.

 Qeyd edək ki, jurnalistlərin Astanaya səfəri JTİ şirkətinin maliyyə dəstəyi hesabına gerçəkləşdirilir.

Xalid Kazımlı, Astana

Musavat.com

 

unnamed.jpg (47 KB)

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR