"Üç qardaş” təlimi başladı – Azərbaycan-Türkiyə-Pakistan hərbi alyansının qurulması uzaqda deyil. Sentyabrın 12-də ilk dəfə olaraq Türkiyə-Azərbaycan-Pakistan xüsusi təyinatlılarının “Üç Qardaş - 2021” təlimləri başlayıb. Sentyabrın 20-dək davam edəcək təlimlər heç şübhəsiz, 44 günlük müharibədəki tarixi hərbi qələbəmizi həm də tam siyasi-diplomatik qələbəyə çevirmək üçün mühüm önəm kəsb edir. Təsadüfi deyil ki, bu təlimlərdən ən çox narahat olanlar məhz 2-ci Qarabağ müharibəsindəki zəfərimizin nəticələrinə kölgə salmaq istəyən, həmin zəfəri təftiş eləməyə çalışan ölkələridir. Söhbət ilk növbədə Rusiya və Ermənistandan gedir. Bu ölkələrin mediasında gedən “şərhlər”dən bu qənaət hasil olur.
Lakin nə Moskva, nə də ələlxüsus onun bölgədəki marioneti və heç bir söz sahibliyi qalmayan Ermənistan tarixin təkərini geri döndərə bilməz. Ermənistanın mövqeyi aydındır. Bəs Rusiya nədən əndişə keçirir? Hərçənd Bakıdakı təlimlər hansısa 4-cü ölkəyə qarşı yönəlməyib və sırf özünümüdafiə xarakterli bir tədbirdir. Nə Azərbaycanın, nə də qardaş Türkiyə və Pakistanın region ölkələrinə, o sırada Ermənistana və Rusiyaya qarşı ərazi iddiası yoxdur. Demək, üç qardaş ölkəyə qarşı hansısa iddiaları, maraqları mövcuddur ki, belə narahatlıq keçirirlər. Daha bir səbəb budur ki, bu cür üçlü təlimlər gələcəkdə Azərbaycan-Türkiyə-Pakistan hərbi alyansının qurulmasına gətirə bilər. Özünün nüvə silahı potensialı ilə birgə (Pakistan).
Bu da diqqətə layiqdir ki, ortaq təlimlərlə yanaşı üç ölkə arasında ən yüksək səviyyədə hərbi əməkdaşlıq da davam edir. Məsələn, hazırda Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyədə səfərdədir. Sentyabrın 14-dək davam edəcək səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə hərbi rəhbərliyi ilə bir sıra görüşlərinin keçirilməsi planlaşdırılır. Görüşlərdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq. Bu xüsusatlar nədən xəbər verir?
Müdafiə Nazirliyindən Rusiyaya növbəti etiraz və Moskvaya incə mesaj
Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin Qarabağdakı komandanlığına məktublar ünvanlayıb. Məktublarda digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı narahatlqılar əksini tapıb. Məktublarda qeyd olunur ki, bu kimi hallar Azərbaycan və Rusiya Prezidentlərinin və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanata ziddir və onların qarşısının alınması xahiş olunur. “Azərbaycan Respublikasının razılığı olmadan digər ölkələrin hüquqi və fiziki şəxsləri və onlara aid nəqliyyat vasitələri Azərbaycan ərazisinə daxil ola bilməz və bu kimi hallar ölkəmizin qanunlarının pozulmasıdır", - deyə məktublarda bildirilib.
Müraciətin İrana məxsus yük maşınlarının Azərbaycan XİN-in İrana notasına rəğmən, hələ də Qarabağa qanunsuz girməsinə dair yeni faktların üzə çıxması fonunda edilməsi diqqət çəkir. Ancaq söhbət təkcə nəqliyyat vasitələrindən yox, həm də fiziki şəxslərdən gedir. Bununla Bakı son vaxtlar Xankəndinə Ermənistandan, Fransadan, yunan Kiprindən və digər Avropa ölkələrindən təxribatçı səfərlərin yolveriıməzliyini Moskvanın nəzərinə çatdıraraq, nəticələrə görə məhz Rusiyanın cavabdehlik daşıması haqda ona xəbərdarlıq edilir.
Maraqlıdır ki, müraciət Laçında Azərbaycan-Türkiyə təlimləri başa çatan gün, Bakıda isə “Üç qardaş – 2021” təlimləri başlayan gün edilib. Az öncə isə müdafiə naziri Zakir Həsənov Rusiya sülhməramlıların nəzarətindəki ərazilərdə törədilən erməni təxribatlarına ən sərt cavab verilməsi üçün orduya əmr vermişdi.
Bütün bunlar Müdafiə Nazirliyimizin ərazi bütövlüyümüzə sayğısızlıq edən Rusiya başda olmaqla ölkələrə incə mesajı da saymaq olar.
ABŞ və Fransanın İrəvandakı səfirləri “status” deyib durur. Bu dəfə çeynənmiş ifadəni Amerika səfiri Linn Treysi dilə gətirib. 11 sentyabr teraktının ildönümü tədbiri çərçivəsində xanım diplomat deyib: “Dağlıq Qarabağın status həll edilməyib, bu məsələ ATƏT-in Minsk Qrupunun gündəliyindədir”.
Təbii ki, rəsmi Bakının sərt cavabı gecikməyib. Azərbaycan XİN-in yaydığı açıqlamada bildirilir: “ABŞ səfirinin “Dağlıq Qarabağın statusu məsələsinin həll olunduğunu hesab etmirik. Bu məsələ Minsk Qrupunun gündəliyindədir” deyə açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və AR Prezidentinin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hansı statusdan söhbət gedə bilməz. 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı ilə bölgədə yeni reallıqlar, o cümlədən beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşdırılması imkanı yarandığı bir vaxtda ABŞ rəsmisinin belə bir açıqlama ilə çıxış etməsi vəziyyətin gərginləşdirilməsinə xidmət edir və qarşı tərəfdə əsassız gözləntilər yaradır. Hazırda ATƏT-in Minsk Qrupunun gələcək fəaliyyəti müzakirə olunduğu bir vaxtda həmsədr ölkə nümayəndəsinin belə bir açıqlama ilə çıxış etməsi, məhz Minsk Qrupunun gələcək fəaliyyətinə xələl gətirir”. Ancaq rəsmi Bakı öz mövqeyini hər dəfə qətiyyətlə ortaya qoysa da, MQ-ni israrla diriltməyə və ermənidən çox erməni olmağa çalışan ABŞ və Fransa yenə öz dediklərində qalırlar. Bununla onlar nəyə ümid edilər? Belə ritorika, dirəniş daha nə qədər sürəcək və bu iki ölkə yeni reallıqla nə vaxtsa barışacaqmı?
Qarabağdakı Rusiya sülhməramlılarının komandanı Mixail Kosobokov kimdir? Onun gəlişi nələri dəyişəcək? Onun separatçı bölgələrdə xidmət keçməsi Bakıda narahatlıq yaradıb. Amma bəzi təhlilçilər hesab edirlər ki, komandan amili heç nəyi həll etmir, məsələnin kökü Rusiya hakimiyyəti olduğu üçün, sülhməramlıların fəaliyyətini də Kreml müəyyən edir. Bəs bizim siyasətçilər, hərbi ekspertlər Rüstəm Muradovla Mixail Kosobokovun fəaliyyətlərinin fərqli olacağını düşünürlərmi?
Qarabağa qanunsuz keçən digər ölkə maşınlarını necə zərərsizləşdirməliyik? Bəzi təkliflər var ki, o maşınlar vurulsun. Amma bunun terror kimi alqılana biləcəyi ehtimalı yüksəkdir. Bu məsələdə əsas canfəşanlığı İran göstərir. İrana məxsus TİR-lər, digər yük maşınları intensiv şəkildə Qarabağa gedib-gəlir. Bu prosesi durdurmağın hansı yolları var?
Bu və gündəmdəki digər mövzuları bu gün saat 12.00-də AXP sədri Pənah Hüseynlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com






