İnsanlara hürriyət, millətlərə istiqlal!

GOREŞƏN FƏALİYYƏTİ

9848 22.07.2009 11:24 Yazarlar A A

Əslində, Şenderoviç daha kəskin demişdi, goreşənlərdən (bu, itəoxşayan heyvana zooloqlar giena və kaftar da deyirlər) mənəviyyat ummağın adını sərt qoymuşdu, sadəcə, mən o fikiri yumşaltdım ki, lətifəsi heç kəsə dəyməsin.

Bəli, goreşən ən murdar, ən mənfur məxluqatdır. Heyvanlar barədə sənədli filmlərdə hərdən onları da göstərirlər. Şirlər, pələnglər gedib əzələ sərf edib ov ovlayırlar, goreşənlər isə mırıldaya-mırıldaya qırada durub sümsünürlər ki, ovun artıq-urtuğundan öz paylarını götürsünlər. Hətta elə olur ki, goreşən sürüsü sağdan-soldan cumur, öz alnının təri, biləyinin haqqı ilə nahar qazanmış pələngi qısıxdırıb, karıxdırıb qaçırdırlar, sonra özləri bir-birini didə-didə qarınlarını doyururlar.

Dünyanın bütün millətlərinin goreşənlərdən zəhləsi gedir. Ona görə də hər yerdə bir çoxları zəhlələri gedən adamlara məhz goreşən adı verirlər.

Srağagün deputat Pənah Hüseyn də bu ayamanı siyasətə gətirib. Düzü, onun konkret olaraq kimi nəzərdə tutduğunu bilmirəm, amma belə başa düşürəm ki, deputat keçmişdə olub-keçən hadisələri yenidən araşdırma predmeti eləyən, artıq həyatda olmayan adamların dalınca alıb-verən şəxsləri qamçılayır və belə hərəkətləri goreşənlik adlandırır.

Doğrudan da eyzən keçmişdə eşələnmək, “filan şey elə olmamışdı, belə olmuşdu” deyə uzun-uzadı və mənasız müzakirələr, mübahisələr aparmaq xoşagələn iş deyil. Xüsusilə də o vaxt ki, adı çəkilən bəzi şəxslər həyatda olmamaları səbəbindən özlərini müdafiə edə bilmirlər. “Siyasi goreşənlər” isə bundan istifadə edir, mərhumların adlarını yaxşı-yaman şəkillərdə, eləcə də isimin bütün hallarında hallandırırlar.

Rusların (bu gün rusların kəlamlarını çox kullandıq, türkün sözü) belə bir hikmətli kəlamı var, deyir, ölülər haqqında ya yaxşı şeylər danış, ya da ümumiyyətlə, heç nə danışma.

Doğru fikirdir. Diriləri tənqid eləməklə ölüləri tənqid eləmək eyni şey deyil. Bunun rəhmətə gedən şəxsin siyasi perspektivinə ziyanı olmasa da, tarixi reputasiyasına birbaşa dəxli var və bu hərəkət daha çox ölü yiyəsini rəncidə edir. Hətta belə hərəkətin üstündə adamı itsürütməsi və danaboyun edə, minimum üzünə tüpürə bilərlər. Deyərlər, filan-şüdə qırışmal, sözün vardı, vaxtında, rəhmətlik sağ olanda deyəydin, ANS-in “Nəzər nöqtəsi”nə çıxaydınız, qəzetlərin “Polemika” rubrikasında danışaydınız, tərəf-müqabilin həyatda yoxdursa, ta sən nə danışırsan.

İntəhası, bir məsələ də var: xalq hər şeyi bilməlidir, xüsusilə də onun taleyini tərsinə döndərən, başqa istiqamətlərə yönəldən hadisələrin detallarını, personaların hərəkətlərini. Keçmişə əl, keçinmişlərə dil uzadanlar bu arqumentə istinad edirlər və guya ki, tarixi həqiqətlərin üzə çıxmasına çalışırlar.

Hərçənd bəzi tarixi həqiqətlərin (məsələn, filankəsin sağında bəhmənkəsin yox, peşmankəsin oturması, qərar qəbul edilən vaxt azlıqda qalan opponentin hirslənib ağlaması, çətirlə döyülən liderin şalvarının balaq nahiyəsinin cırılması və sair və ilaxır)  üzə çıxması o qədər də ictimai-siyasi əhəmiyyət kəsb etmir və biz bunları bilməsək, heç nə olası deyil. Şəxsən mən bu yaxınlara qədər bəzi detalları bilmirdim və çox rahat idim. Biləndən sonra da narahat deyiləm, sadəcə, özümə acığım tutur ki, niyə bir vaxtlar bəzi adamların əslində goreşən xislətli olduğunu bilməmişəm.

Gecdir, Napoleon və Jozefina ölüb gedəndən sonra bir iyul gecəsində Jozefinanın evindən çıxan kapitanın xanımı hansı niyyətlə ziyarət etməsini araşdırıb tapmaq, yaxud Fuşenin papağını İtaliyada yerə soxmuş gəncin adını dəqiqləşdirmək elə də ciddi tarixi əhəmiyyət daşımır. Bəlkə də bu, həqiqətin üzə çıxarılmasıdır, amma heç kəsə faydası olmayan həqiqətlər kimə lazımdır. Elə radioaktiv həqiqətlər var ki, onlar insanla məzara getməlidir və heç bir goreşən onu eşələyib çıxarmamalıdır.
   

 


 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR