İnsanlara hürriyət, millətlərə istiqlal!

Goranboydakı dəhşətli qəza ilə bağlı iddia - “maşını sərxoş halda oğlu sürürdü, atası boynuna götürür...”

1463 15.10.2021 20:06 Hadisə A A

Goranboyda bir neçə gün öncə dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Xanqərvənd kəndi ərazisində qeydə alınıb.

1987-ci il təvəllüdlü Pərviz Rəfi oğlunun Abbasovun idarə etdiyi “Naz Lifan” markalı, Az 26 BC 131 dövlət qeydiyyat nişanlı avtomobillə, 1999-cu il təvəllüdlü İlkin Ələsgər oğlu Nuruzadənin sürücülük hüququ olmadan idarə etdiyi “Mercedes-Benz” markalı, Az 90 ST 280 dövlət qeydiyyat nişanlı və 1971-ci il təvəllüdlü Arif Əjdər oğlu Hüseynovun idarə etdiyi eyni markalı, Az 10 RX 059 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri toqquşub.

Nəticədə “Naz Lifan” markalı avtomobilin sürücüsü Pərviz Abbasov ölüb, avtomobildə olan sərnişinlər: həyat yoldaşı 1993-cü il təvəllüdlü Məhəbbət Elçin qızı Allahverdiyeva, qızları 2013-cü il təvəllüdlü Kəmalə, 2015-ci il təvəllüdlü Sevda və oğlu 2019-cu il təvəllüdlü Abbas, eləcə də digər nəqliyyat vasitəsində olan sərnişin 2001-ci il təvəllüdlü Vüqar İlqar oğlu Hüseynov xəsarətlər alıblar.

Hadisə zamanı həyatını itirən Pərviz Abbasovun atası Rəfi Abbasov “Yeni Müsavat”a deyib ki, hadisəni törədən İmran Arif oğlu Hüseynovdur: “Bu şəxs idarə etdiyi “Mercedes” markalı, Az 10 RX 059 dövlət qeydiyyat nişanlı avtomobili saatda 200 kilometr sürətlə idarə edib və qəza da bu səbəbdən baş verib. Lakin qəzadan sonra o, hadisə yerindən qaçıb və əvəzində atası Arif Əjdər oğlu Hüseynov ortaya çıxıb”.

Rəfi Abbasov deyir ki, hadisəni törədən İmran Hüseynov həmin günü toyda olub: “Toyda alkoqollu içki qəbul edib və idarə etdiyi nəqliyyat vasitəsinin sürət həddi saatda 200 kilometr olub. Qəza onun sürət həddini aşdığına görə meydana gəlib. Lakin İmran Hüseynovun əvəzinə atasını qabağa verib cinayəti gizlətmək istəyirlər. Daxili işlər naziri cənab Vilayət Eyvazova müraciət edirəm. Xahiş edirən ki, bu cinayətin araşdırılmasını nəzarətə götürsün. Hadisə yerindən qaçan və yaralılara heç bir ilkin yardım göstərməyən İmran Abbasov istintaqa cəlb edilsin. Bu adam mənim evimi yıxıb, ailəmi məhv edib. Dönə-dönə xahiş edirəm ki, cinayəti törədən şəxsin əvəzinə atasının məsuliyyətə cəlb edilməsinin qarşısı alınsın”.

Rəfi Abbasovun redaksiyamıza yolladığı dəhşətli qəzanın fotolarını da təqdim edirik.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR