İnsanlara hürriyət, millətlərə istiqlal!

Girovgötürmə olayında vacib məqam – Əsas məqsəd girovları xilas etmək olmur

1706 17.06.2024 11:05 Yazarlar A A

Rusiyada həbsxana əməkdaşlarını girov götürən məhkumların üçünün də məhv edilməsi təəccüblü olmadı. Bu işlərin axırı belə olur.

Həbsxana işçilərini və ya xidməti presonaldan kimisə (xadimə, həkim, təsərrüfat işçisi və s.) girov götürən, amma bir-iki saatdan sonra əllərindəki silahı yerə atıb təslim olduqlarını bildirən məhkumları əfv etmirlər. Onlar adamları girov götürərkən artıq özləri haqqında son hökmü – edam qərarını çıxarıblar.

O Avropa ölkələrində olur, ən son anda təslim olan terrorçuya dəymirlər, ABŞ, Rusiya, İran, Çin və başqa bu kimi ölkələrdə isə girovgötürmə aktına qol qoymuş adamları mütləq vururlar. Belə şəxsləri ya dərhal, ya da qısa müddət sonra işgəncə ilə öldürürlər.

Bu baxımdan Rostov həbsxanasında türmə əməkdaşlarını girov götürən Şamil Akiyev, Tamerlan Gireyev və Azamat Tsitskiyevin vurulub öldürülməsi gözlənilən sonluqdur.

İnquşetiya Respublikasının sakinləri olan bu şəxslər dini ekstremizmə görə ötən ilin dekabrında məhkum olunublar və göründüyü kimi, onların həbs həyatı cəmi altı ay çəkdi.

Onlar adi cinayətkar (oğru, quldur, dələduz) deyildilər, dini fanatizmə “könül vermiş”, bu yolda baş kəsməyə, qan tökməyə, terror aktı törətməyə hazır adamlar idi. Onlar adi cani olsaydılar, anlayardılar ki, həbsxanada belə bir işə qol qoymaq, hətta adi itaətsizlik çox təhlükəlidir, axırı böyük ehtimalla ölümdür.

Bu şəxslər yaşadıqları ölkədəki yazılmış və yazılmamış qanun-qaydaları, dövləti idarə edənlərin bəlli situasiyada davranış üsullarını bilməli və nəticə çıxarmalıydılar. Görünür, beyinlərini çulğamış “ideya” onlara sağlam düşünmək imkanı verməyib.

“Nord-ost” hadisəsində, Beslan olaylarında və digər bənzər insidentlərdə insanları girov götürənlərin axırı necə olmuşdu ki, Rostovdakı hərəkətin də axırı fərqli olaydı?

Sözügedən hadisələrdə yüzlərlə adamı, o cümlədən qadınları və uşaqları girov götürənlərin hamısını güllələmişdilər və bu zaman baxmamışdılar ki, nə qədər mülki şəxs, məsum insan öləcək.

Dövlət başına Vladimir Putin gələndən bəri Rusiyada insanları girov götürən terrorçularla razılaşma, danışığa getmə, onların tələbinə boyun əymə söhbəti yoxdur. Girovların hamısı bir nəfər kimi həlak olsa da, terrorçularla razılaşmırlar. Belə situasiyalarda əsas məqsəd heç də girovları sağ-salamat azad etmək olmur, terrorçuları sağ-salamat buraxmamaq olur.

Bu, çox qəddar, amansız, insan haqlarına zidd davranışdır, amma Rusiya rəhbərliyi terrorçuluğun bu növü ilə yeganə effektiv mübarizə üsulu kimi bu yolu seçib: girov götürənlərə rəhm və güzəşt etməmək.

Əslində bir ara (Boris Yeltsinin prezidentliyi dövründə) Rusiyada tüğyan edən girovgötürmə olaylarının sonradan səngiməsində bu davranışın ciddi təsiri olub. Terrorçular axırda anladılar ki, dinc insanları girov götürüb hökuməti hədələməyin heç bir mənası yoxdur, onsuz da onların tələbi ilə razılaşan olmayacaq, ara yerdə günahsız insanlar və özləri öləcək, təbliğ etdikləri ideologiya isə yalnız və yalnız nifrət qazanacaq.

İndi ən maraqlısı odur ki, son girovgötürmə olayında hadisələr necə cərəyan edib? Girov götürülənlərin ad-soyadları nədir? Onlar necə xilas edilib? Ümumiyyətlə, girovlar sağ-salamat qurtarılıbmı, yoxsa onların da aqibəti ötən illərdə girov götürülənlərinki kimi olub?

Rusiya mediasında girovlar barədə ümumi və səthi materiallar verilir, sadəcə, onların azad edildikləri bildirilir. Amma bu, necə baş verib, məlum deyil. Necə olub ki, terrorçular öldürülüb, amma girovlar salamat qalıb? Hər şey doğrudanda deyildiyi kimi olubsa, onda bu, Rusiya hüquq-mühafizə orqanlarının müvafq təcrübəsində bir ilkdir.

Ancaq şübhə var ki, bu dəfə də girovları terrorçulara qatıb “zərərsizləşdiriblər”. Bu, çətin deyil. Rusiyada belə situasiyalarda piyadaları qurban verərək durumu, şahı, vacib fiqurları xilas edən şahmatçılar kimi hərəkət etmək nümunəsi çoxdur.

Bu ölkənin həbsxanalarında bir özəllik də var və xüsusilə də son 5-6 ildə daha yayğın şəkil alıb. Kiməsə həbsxanalarda özü üçün hakimiyyət qurmaq, “krallar kimi yaşamaq” imkanı vermirlər. Xüsusilə də dini ekstremizmdə və terrorçuluqda ittiham olunaraq məhkum edilmiş şəxslərin günü cəzaçəkmə müəssislələrində qaradır.

Bu günlərdə belə bir məlumat vardı ki, qəddarlığı ilə ad çıxarmış çeçen terrorçulardan birinin kamerasına elə bir vəhşi və güclü dustaq yerləşdiriblər ki, terrorçu qapını döyərək nəzarətçilərdən kamerasının dəyişdirilməsini tələb edirmiş.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR