İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ginnesin rekordlar kitabı”na düşən soydaşımız “Yeni Müsavat”a danışdı

3163 02.06.2014 08:38 Müsahibə A A

Biz azərbaycanlıların kompakt yaşadığı Marneulidə olduğumuz zaman baş nazir və enerji nazirinin əhali ilə görüşə gələcəyi xəbəri yayılmışdı. Ancaq sonradan məlum oldu ki, görüşə yalnız Rustavinin qubernatoru gəlib. Bu da camaatın etirazına səbəb olub. Yerli əhali deyirdi ki, ikinci dəfədir yüksək çinlilər söz verir, amma onları aldadıb gəlmir. Təəssüf doğuran hal budur ki, artıq saxtakarlıq Gürcüstan cəmiyyəti üçün də adiləşməkdədir. Hətta 5-10 min lariyə namizədlər siyahısına düşməyin, qalib olmaq üçün böyük paralar xərcləməyin mümkünlüyündən açıq şəkildə danışılır. 

Söhbət etdiyimiz bəzi sakinlər isə Gürcüstanda seçkilərin saxtalaşdırılmasının artıq adi hala çevrildiyini bildirdi. “Seçkidə qutudan kim çıxırsa, fərqi yoxdur, istədikləri namizədin adını yekun protokola yazırlar. Özü də seçki bitəndən sonra protokolları götürüb icra hakimiyyətinə gedirlər və orda doldururlar. Yerlərdə isə bir qayda olaraq səslər sayılan vaxt işıqlar keçirilir. Protokolların nüsxələrini isə komissiya üzvlərinə vermirlər. Hökumət kənd icra nümayəndəliyinə tapşırır ki, filankəsə səs yığın, yerli məmurlar da əhaliyə tapşırıq verir. Əhali səs verməyəndə isə komissiyada səslər bölüşdürülür”. Bunu seçicilərdən biri söylədi. 

Qeyd edək ki, yerli özünüidarə orqanlarına seçkilərdə azərbaycanlı namizədlər də aktiv iştirak edəcək. Düzdür, onların bəziləri bir-biri ilə yarışmalı olacaq. Amma əksəriyyətin fikri budur ki, qoy layiq olan qalib gəlsin. Layiqli namizədlərdən biri “Sadaxlı Dirçəliş İttifaqı”nın sədri həm də şanslı namizədlərdəndir. Onun azərbaycanlılar yaşayan bölgədə gördüyü işlərdən çox danışırlar. O, əlaqələrindən istifadə edib azərbaycanlıların işə qəbul olunması, sosial durumunun yaxşılaşdırılması, imkansızlara maddi yardım edilməsi, ən asası insanların pozulan hüquqlarının müvafiq qurumlara çatdırılması istiqamətində ciddi işlər görür. 

Ancaq proporsional seçki sistemi üzrə mübarizəyə qatılan S.Mehdiyevin adının siyahıda yalnız 27-ci yazılması azərbaycanlıları narahat edib. Onlar hesab edirlər ki, Gürcüstandakı gürcü və erməni dairələr şanslı və fəal azərbaycanlıların seçilməsini əngəlləmək üçün bu cür metodlara əl atır. Ona görə də etirazları nəzərə alaraq S.Mehdiyevin adının ilk 10-luğa salınacağı gözlənilirdi.   
***
Gürcüstanda olarkən “Ginnesin rekordlar kitabı”na düşən soydaşımızla da maraqlı görüşümüz oldu. Etibar Budaqlı 1972-ci ildə Borçalının Ağbulaq rayonunun Kosalar kəndində anadan olub. İlk azərbaycanlı olaraq 12 qat dünya rekordçusu kimi 2014-cü ildə çap olunan Rekordlar Kitabına düşən E.Budaqlı barəsində məlumatın əks olunduğu Ginnesin Rekordlar Kitabını və sertifikatı da bizə göstərdi. Rekordlar Kitabının 110-cu səhifəsində barəsində material dərc olunub. 

Ancaq soydaşımız “Yeni Müsavat”a açıqlamasında narazılığını da gizlətmədi: “Gürcüstanda biz azərbaycanlıyıq deyə diqqətdən kənarda qalmışıq. Ancaq təəssüf ki, Azərbaycanda da bizə əcnəbi kimi baxırlar. Bəs biz dərdimizi kimə deyək? Bu qədər uğurum var, bu dövlət bir dəfə mənə ”sağ ol" demədi. Heç olmasa vəzifədə olan azərbaycanlılardan reaksiya görmədim. Elə bil mən ruham, heç kim görmür, səsimi eşitmir. “Ginnesin rekordlar kitabı” 55-ci ildir çıxır, mən faktiki olaraq tarixə düşdüm. Çıxışlarımda Azərbaycan və Gürcüstanın bayrağıyla çıxıram. İtaliya, Almaniya və Çindən qələbə ilə qayıtdım. Mənim haqqımda Londondan, Rusiyadan, İrandan gəlib ətrafı film çəkiblər. Amma Bakıdan reaksiya görmürəm. Mən bu laqeydliyin qarşılığında nə edim, xarici ölkəyəmi köçüm? Olmazmı ki, bizim uğurlarımızı dəstəkləyən layihə işə salınsın? SOCAR-ın rəhbərliyinə də yazdım ki, rekorduma sponsorluq etsin, cavab belə yazmadılar".

E.Budaqlı yeganə azərbaycanlıdır ki, “Maqnit adam” kimi bədəninə 51 qaşıq yapışdıraraq Ginnesin Rekordlar kitabına düşüb. Bizə sertifikatını, medallarını və fotosu, haqqında məlumat olan kitabı da göstərdi. Ancaq E.Budaqlı bununla kifayətlənmək fikrində deyil, daha ciddi rekordlara imza atmaq istəyir. Bu istiqamətdə o, dəstək üçün müraciət etdiyi bəzi dairələrin reaksiyasından da danışdı: “Mən istəyirdim ki, bu rekordu Azərbaycanda göstərim. Buna görə də prezidentə, xanımına məktub yazdım, müraciətlərim Gənclər və İdman Nazirliyinə göndərildi. Ancaq nazirlikdən cavab gəldi ki, vəziyyətimiz çox ağırdır”. 
***
Gürcüstanda təhsil alan tələbələrin də Azərbaycan dövlətinin dəstəyinə ehtiyacı var. Qardabani (Qarayazı) rayonundan olan Həmid Sadıqov Suxumi Dövlət Universitetinin 1-ci kurs tələbəsi, sosial və siyasi elmlər fakültəsinin beynəlxalq əlaqələr ixtisası üzrə təhsil alır. Deyir qeyri-gürcü vətəndaşlar üçün belə bir güzəşt var ki, onlar bir illik hazırlıq kursunu keçib sonra istədikləri fakültəni seçib oxuya bilirlər. Pullu təhsil alan tələbələrin çətinliklə üzləşdiklərindən danışan Həmid deyir ki, universitetdə 5 minə yaxın tələbənin 70-i azərbaycanlıdır. Ermənilərlə münasibətə gəldikdə, Həmid deyir ki, onlar da hazırlıq kursunda təhsil almaq imtiyazına malik var: “Bizdə 1 nəfər erməni vardı, o da imtahandan imtahana gəlirdi. Artıq o, başqa fakültədə təhsil alır. Ancaq ümumiyyətlə, bizim universitetdə etnik zəmində hər hansı problem yoxdur. Həm də ermənilər bizdə azlıq təşkil edir”. 

Təhsilini başa vurandan sonra qayıdacağı Qarayazı mahalından da danışan H.Sadıxov deyir ki, yaşadığı yer qazla təmin olunub. İnsanlar əsasən kənd təsərrüfatı ilə məşğul olur: “Şərait, tələbat olsa, ixtisasım üzrə işləyərəm. Hər kəsə özünün böyüyüb boya-başa çatdığı yer şirindir. Ona görə də ata yurdumda qalmaq istəyirəm. Təəssüf ki, işsizlik ciddi problem olaraq qalır”.  

Həmidin Azərbaycan dövlətindən də umacağı var: “İstərdik ki, Qarayazıda gənclərin bir yerə toplanması üçün bir ünvan olsun. Biz facebook-da Qarayazı Gənclər Cəmiyyətini yaratmışıq. İstərdik ki, maddi dəstək olsun, öz kitabxanamızı yaradaq, yazıçı, şairlərin yaradıcılıq gecələrini, yubileylərini keçirək”.

H.Sadıxov SOCAR-ın tələbələrə dəstəyindən də danışdı: “Tələbələrə dəstək verilir. Burada pullu təhsil alanların təhsil haqqını SOCAR ödəyir. Təhsil haqqı dövlət universitetlərinin hamısında eynidir - 2250 lari. (1125 AZN) Ancaq təqaüd məsələsində bizim universitetə az yer vermişdilər. Bizim universitetdəki 70 nəfərdən cəmi 2 nəfər təqaüd alır. Təqaüd 100 laridir”. Sevindirici hal budur ki, son illər Borçalıdan ali məktəblərə qəbul olunan qızların da sayı artmaqdadır. Üstəlik, gürcü dilində təhsil almağın çətinliyi artıq uğurla dəf edilir.  

Türkiyənin Ərzurum bölgəsindən olan Harun Alparalı isə artıq 2 ildir Gürcüstanda kursda təhsil alır. Hazırlıq kursunu İvano Cavaşvili adına Universitetdə bitirib, daha sonra Suxumi Universitetinin humanitar fakültəsinə qəbul olunub. Hələ ki, universitetdən sonrakı taleyini müəyyənləşdirməyib: “Bircə universiteti bitirək, Allah böyükdür”.
Kəsəsi, Gürcüstanda yaşayan yarım milyona yaxın azərbaycanlı Gürcüstanı özünə vətən saysa da, yenə gözləri ikinci ana vətənə - Azərbaycana dikilib, diqqət gözləyirlər. Xüsusilə də ermənilərin bölgədə hansısa təxribatlarının qarşısını almaq üçün Borçalıya davamlı dəstək olduqca zəruridir. Həm də rəsmi Bakının artan diqqəti Gürcüstan hökumətini də azərbaycanlılarla bağlı ölçülü-biçili davranmağa sövq edər. 

Elşad PAŞASOY
FOTO: “YM”


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR