Elşad Paşasoy: “Zamanında Vanyanın Gürcüstanda təşkil etmək istədiyi layihə çox şükür ki, baş tutmadı”
Etibar Seyidağa: “Vanyan sadəcə fərqli mövqe ortaya qoyaraq Avropa təşkilatlarından maliyyə əldə etməyə çalışırdı”
Rey Kərimoğlu: “Erməniyə bu cür vay-şivən açmaq doğru deyil, bizim üçün ayıbdır!”
Oktyabrın 15-də tanınmış erməni hüquq müdafiəçisi Georgi Vanyanın Tbilisidə koronovirusdan vəfat etdiyi haqda məlumat yayıldı. Azərbaycanda sosial şəbəkələrdə xeyli sayda tanınmış azərbaycanlı onun ölümünə təəssüfləndi, bir qism də təəssüflənənləri qınadı.
Məsələn, tanınmış iqtisadçı Qubad İbadoğlu Vanyanın ölümü ilə bağlı öz “Facebook” statusunda qeyd edib:
“Ermənistanda yaşayıb, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu cəsarətlə deyən, Xocalı soyqırımını pisləyən, şəxsən olmasa da Qarabağ Şurasının “Zoom” müzakirəsindən tanıdığım, “Facebook” dostum Georgi Vanyan Tiflisdə xəstəxanada koronavirusdan dünyasını dəyişib.
Georgi Vanyan öz ölkəsində və beynəlxalq səviyyədə sərgilədiyi doğru mövqeyə, Azərbaycanın haqq səsini müdafiə etdiyinə görə dəfələrlə təqiblərə və təzyiqlərə məruz qalmışdı. O, Qafqaz xalqlarının mehriban qonşuluq, sülh şəraitində yaşaması, 2-ci Qarabağ müharibəsindən sonra Gürcüstanın vasitəçiliyi ilə danışıqlara başlamaq üçün çalışırdı. Belələrini dəyərləndirməliyik, onlardan təəssüf ki, Ermənistanda çox azdır, demək olar ki, yoxdur. Haqqı deyirdi. Allah rəhmət eləsin!”
Jurnalist Çingiz Sultansoy da zamanında erməni hüquq müdafiəçisinə hörmət bəslədiyini qeyd edib:
“Erməni hüquq müdafiəçisi Georqi Vanyan dünyadan köçdü. Şəxsən heç vaxt görüşməsək də, onu 2006-cı ildən qiyabi tanıyırdım və hörmət edirdim. Ən çətin vaxtlarımızda Qarabağ haqqında bizim yaxşı bildiyimiz acı həqiqətləri imkan düşdükcə I Qarabağ müharibəsindəki qələbəsindən məst olmuş erməni xalqına deyirdi, heç olmasa bir qismini. Bu çox çətin və təhlükəli idi.
... Georqi İrəvanda Türkiyə filmləri festivalı keçirmək istəmişdi. 10 il əvvəl, qatı millətçi, Xocalı soyqırımının təşkilatçılarından biri Serj Sarkisyanın prezidentliyi dövründə İrəvanda Türkiyə filmləri festivalı keçirmək cəhdi bilirsiz nədir?”.
Berlində yaşayan tanınmış azərbaycanlı kulturoloq Elmir Mirzəyev də Vanyana rəhmət diləyib:
![]()
“Xalqlarımız arasında sülhün bərqərar olmasına xidmət edən, bütün həyatını və enerjisini bu dünyada verən səmimi, dürüst və cəsarətli insan dünyasını dəyişdi. Allah sənə rəhmət eləsin əziz dost, məkanın cənnət olsun... “
Georgi Vanyanı şəxsən tanıyan, onunla birlikdə bir sıra tədbirlərdə yanaşı outran bəstəkar Firudin Allahverdi isə erməin hüquq müdafiəçisini “Don Kixot” adlandırıb:
“2006-cı ildən bəri sülh quruculuğu mövzulu müxtəlif tədbirlərdə iştirak etmişdik. Əsl, həqiqi, hətta deyərdim ki, radikal sülhpərvər idi. Bu yolda hər cür məhrumiyyətlə üzləşməsinə, həm maddi, həm fiziki, həm psixi zərər görməyinə baxmayaraq, geri çəkilmədi”.
Georgi Vanyan 1963-cü ildə Azərbaycanın Goranboy rayonunun Qaraçinar kəndində doğulub. O, 1991-ci ildə İrəvan Dövlət Universitetinin teatr və kino fakültəsini bitirib.
Məlumata görə, G.Vanyan son illərdə ağır sosial durumuna görə taksi sürücüsü kimi çalışırmış.
Mövzu ilə bağlı tanınmış jurnalist Elşad Paşasoy “Yeni Müsavat”a danışıb. O, illər öncə Vanyanın Gürcüstanda riyakar layihə həyata keçirməsindən söz açıb:
![]()
“Təxminən 2013-14-cü illərdə Gürcüstanda Marneuli rayonunun Təkəli kəndinə “Sülh bazarı”nın açılması adında bir layihə işə salınırdı. Ona “Təkəli prosesi” də deyilirdi. O zaman Azərbaycanın bir sıra hüquq müdafiəçiləri, QHT-lər bu prosesdə iştirak edirdi. Layihənin rəhbəri və təşkilatçısı Georgi Vanyan idi.
Layihəni həyata keçirmək üçün Təkəli kəndində 4 hektar torpaq sahəsi də alınmışdı. Həmin torpaq sahəsi layihə iştirakçılarından biri olan kənd sakini tərəfindən Gürcüstan assosassiyasına verilmişdi. Asossassiya da onu Vanyana bağışlamışdı.
“Sülh bazarı”nın yaradılmasında da məqsəd erməni və azərbaycanlılar arasında əlaqələr, alış-veriş yaratmaq idi. Bu isə əslində təxminən yarım milyona qədər olan azərbaycanlı əhalinin dəstəyini azaltmağa xidmət edirdi. Sanki bununla da Ermənistan və Azərbaycan arasında sülh olduğu görüntüsü rəyini yaradaraq, Qarabağın işğalını arxa plana keçirmək cəhdi idi.
Həmin vaxt “Qarabağ Azadlı Təşkilatı”nın təşkilatçılığı ilə bu layihəyə etiraz olaraq Gürcüstana səfərə getdik. Gürcüstanda yaşayan azərbaycanlılar da buna böyük etiraz etdilər. Çox şükür ki, etirazların nəticəsi olaraq, layihə həyata keçmədi. Bu böyük bir layihə idi və Vanyan “medalın görünən üzü” idi.
Layihəyə etiraz etdiyi üçün “Qarabağ Azadlıq Təşkilatı”nın sədri Akif Nağı və onun müavininə Gürcüstana girişi qadağan olunmuşdu.
Doğrudur, Vanyan bir qədər fərqli mövqedən çıxış edirdi. Lakin o, tarixən kiflənmiş erməni iddialarına qarşı dirəniş göstərmirdi, sadəcə yumşaq bir mövqe tutub, istəyirdi ki, arada sülh yaransın beynəlxalq səviyyədə dəstək alsın və Qarabağ məsələsi gələcək nəsillərin boynuna qoyulsun. Bu da Qarabağın işğalının unudulmasına xidmət edirdi. Vanyan tərəfindən heç vaxt Azərbaycanın işğal olunduğu ərazilərinin geri qaytarılması ilə bağlı fikirlərini görmədik. O, sadəcə bu cür layihələrdən şəxsi məsələləri üçün qazanmaq, həm də ermənilərin guya ki, “sülh qanadının nümayəndəsi” kimi görünmək istəyirdi”.
Jurnalist Etibar Seyidağa da Vanyanın ölümünə təəssüflənənlərə öz mövqeyini bildirib:
![]()
“Məlum olduğu kimi, Vanyanın bir çox azərbaycanlı hüquq müdafiəçiləri, QHT-çilər ilə çox yaxşı münasibətləri var idi. Gürcüstanda keçirilən müxtəlif tədbirlərdə onlar bir yerdə iştirak edirdilər. Vanyan tez-tez çıxışlarında yazılarında Azərbaycan ərazilərinin işğalda saxlanılmasının əleyhinə çıxışlar edir, Ermənistan hökumətinə çağırışlar edirdi ki, Azərbaycan ilə normal qonşuluq münasibətləri yaratmaq lazımdır. Buna görə də ölkəsində təqiblərə məruz qalmışdı. Təbii ki, digər işğalçı ermənilərdən fərqli mövqe sərgiləyir və buna görə də müsbət qarşılanırdı.
Doğrudur, Vanyanın müsbət baxışları var idi. Lakin unutmayaq ki, o, heç vaxt öz millətinin mənafeyini Azərbaycanın mənafeyindən üstün tutmazdı. Bizim bəzi hüquq müdafiəçiləri, QHT-çilər zaman-zaman Avropa institutlarından, təşkilatlarından layihə almaq müəyyən vəsaitlər əldə etmək üçün “sülh mələyi” cildinə girmişdilər və guya “Azərbaycan xalq diplomatiyası”nı təbliğ edirdilər. Guya ki, bu xalq diplomatiyası ilə Qarabağ işğaldan azad edəcəklər. Əlbəttə ki, Vanyan da fərqli mövqe ortaya qoyaraq Avropa təşkilatlarından maliyyə əldə etməyə çalışırdı. Yəni, onun heç də bizə sevgisi ola bilməzdi”.
Qarabağ qazisi, Qaziler.az saytının rəhbəri Rey Kərimoğlu qeyd edib ki, erməni hüquq müdafiəçisinə bu cür vay-şivən açmaq doğru deyil:
![]()
“Əslində Vanyan fərqli erməni idi ki, Xocalı faciəsinə görə bizdən üzr istəmişdi. Azərbaycan xalqı da çox humansit, tez unudan xalq olduğu üçün belə şeylərə aldanır.
Unutmayaq ki, bu dövlət şəhidlərin qanı üzərində qurulub”.
Xalidə Gəray
“Yeni Müsavat”






