Azərbaycan tamaşaçısı onu “Zengin kız, fakir oğlan”, “Geniş ailə” seriallarından tanıyır. O, son olaraq isə Kanal D-də yayımlanan “Ben bilmem, eşim bilir” proqramının aparıcısı olaraq kamera qarşısına keçib. Türkiyə ilə yanaşı ölkəmizdə də minlərlə pərəstişkarı olan Ufuk Özkan “O kuş buraya gelecek” filmində rol almaq üçün ölkəmizə gəlib.
Musavat.com saytının suallarına cavab verən aktyorla söhbətə elə filmdən başladıq: “Film Azərbaycanda daha öncə çəkilən ekran işlərindən fərqlidir. Bir komediyadır. Bizim film həm aktyor, həm rejissor işi ilə fərqlənəcək. Aktyorlar çox təbii oynayır, heç nəyi şişirtmir. Bu günə qədər Azərbaycandakı komediya anlayışına fərqli nəfəs gətirəcək. Bunu bütün komandamız deyir. Müşfiq Şahverdiyev Bakıda tanınan aktyordur. Düşüncələrimi onunla da paylaşdım. Çünki məlumatım az idi. Azərbaycanda film sektoru son iki ildə yenidən dirçəlib. Bizdə durum komediyası, sürprizlər ön plandadır. Bəlkə, dialoqlar, replikalar çox gülməli olmaya bilər, amma yazarımız o qədər gözəl yazıb ki, durum komediyası ilə insanları güldürəcək. Eyni zamanda çox duyğusal səhnələrimiz də var, gerçək və səmimidir.
- Rolunuz haqqında nələr deyə bilərsiniz?
- Film Bakıda yaşayan türk ər-arvadın başına gələn hadisələrdən bəhs edir. Mən Haqqı xarakterini canlandırıram. Tək istəyimiz çalışdığımız otelin İstanbul şöbəsinə keçib, övladımızı Türkiyədə oxutmaqdır. Həyat yoldaşımı isə Mehtap Bayrı canlandırır. Mən qaldığımız oteldə olan heykəli mühafizə edirəm. Heykəlin qiyməti 9 milyondur. Heykəlin memarı onu təmir etmək üçün Bakıya gəlir. Mən də onu müşayiət edirəm. Çünki onun verdiyi referans ilə Türkiyə şöbəsinə keçə bilərəm. Bundan sonra sürprizlərlə dolu macəra olacaq. Heykəli əldə etmək istəyən təhlükəli qrupla mübarizə aparacağıq. Çox hərəkətli səhnələr var. Bu film dialoq komediyası deyil, durum komediyasıdır. Başımıza gələn talehsiz hadisələr tamaşaçıları həm güldürəcək, həm də üzəcək.
- Bakıda ikinci dəfədir ki, qonaq olursunuz. Hansı dəyişikliklər diqqətinizi çəkdi?
- Bakıya ikinci dəfədir ki, gəlirəm. O vaxt gələndə memarlıq abidələri diqqətimi çəkmişdi, çox gözəldirlər. Bu vaxt ərzində Bakı çox inkişaf edib. Aradan keçən 4 ildə burada “Eurovision” mahnı yarışması, İslam Oyunları, Formula 1 keçirilib. Hava limanı başda olmaqla paytaxtınız çox dəyişib. Böyük alış-veriş mərkəzləri diqqətimi çəkdi. Azərbaycanı çox zəngin gördüm. Bakıda tək dəyişməyən insanlardır. Azərbaycanlılar çox səmimi və qonaqpərvərdir. Bizə çox bağlıdırlar. Siz mərd və şirindilli xalqsız. Bu keyfiyyətiniz heç dəyişməyib. Bu məni xoşbəxt etdi.
- Azərbaycan tamaşaçısı sizi “Geniş ailə” serialından tanıyır. Son zamanlar isə “Ben bilmem, eşim biler” proqramı ilə evlərə qonaq olursunuz. Burada insanların sizə olan münasibəti necə idi?
- Mən 2013-cü ildə gələndə “Zengin qız, fakir oğlan” serialında çəkilirdim. Serialın foto çəkimi və imza günü üçün Park Bulvara gəlmişdim. O zaman küçədə yeriyə bilmirdim, o qədər maraq vardı. Bu gəlişimdə də eyni diqqəti görürəm. Həqiqətən, iki dövlət, bir millətik. Azərbaycanlıların mənə olan sevgi və bağlılığı günbəgün artır. Hamıya təşəkkür edirəm.
Könül,
Musavat.com,
Fotolar Məhəmməd Türkmənindir.






