Bu gün Azərbaycanda İlaxır (torpaq) çərşənbə qeyd olunur. Biz xalq olaraq 27 il “Gələn bayramı Şuşada, Ağdamda, Kəlbəcərdə qeyd edək” söyləmişik, artıq arzumuz gerçəkləşib - hərbçilərimiz Şuşada, Qubadlıda, Zəngilanda Novruz bayramını qeyd edəcəklər, böyük qayıdış gerçəkləşdikdən sonra isə insanlarımız növbəti bayramı Qarabağda qarşılayacaqlar.
Artıq işğaldan azad edilmiş torpaqlarımıza səfərlər də intensivləşib. Martın 13-də Prezidentin təşəbbüsü ilə 150-yə yaxın media, QHT rəhbərləri, ictimai-siyasi xadimlər Ağdama aparıldı, oradakı erməni cinayətlərinə şahid oldular, martın 15-də isə dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva, qızları Leyla Əliyeva Xocavənd rayonunda, Tuğ kəndində, Ağoğlan (Hadrut) qəsəbəsində, Azıx mağarasında olublar.
Ümumiyyətlə, ölkə başçısı demək olar ki, hər ay Qarabağa gedir, əraziləri gəzir, açıqlamalar verir. Prezident Xocavənddə olarkən Hadrutda bayrağımızı ucaltdı, Tuğ kəndinə də tezliklə köçəcəyimizi bildirdi.
“Onların bütün təbliğatı yalandır. Bütün tarixi saxtadır. Özlərini dövlət adlandırırlar. Dırnaqarası "arsax" dövləti. Cəhənnəmə getdi. Dövlət idisə, niyə daş daş üstə qoyulmayıb? Çünki bilirlər ki, torpaq onların torpağı deyil. Torpaq azərbaycanlıların torpağıdır. Bura işğaldan azad edilmiş Xocavənd rayonudur. Keçmiş Dağlıq Qarabağ Muxtar Respublikasının Hadrut rayonudur”, - İ.Əliyev vurğulayıb.
Halbuki ötən həftə separatçı rejimin başçısı Hadrutu danışıqlar yolu ilə geri qaytarmaq niyyətində olduqlarına dair sərsəm açıqlama vermişdi. Bununla yanaşı, martın 17-də də ölkənin iqtidarlı-müxalifətli siyasi partiyalarının rəhbərləri Qarabağa gedəcəklər. Göründüyü kimi, düşməndən azad olunan ərazilərə səfərlər sürətlənib.
Həmçinin 10 minlik şəxsi heyətlə Ordumuz antiterror hərbi təlimlərə başlayıb və belə bir zamanda isə “dqr”in separatçı başçısı Araik Aryutunyan Qarabağda erməni əhalisinə silah daşımaq hüququ verib.
İndiyə qədər keçmiş hərbçilərə ov tüfənginə sahib olmaq hüququ verilirdi, lakin indi daha çox insan silah daşıya biləcək.
Bu, Qarabağdakı separatçı-terrorçuların əhalini “özünümüdafiə” adı altında Azərbaycana qarşı silahlandırması kimi qiymətləndirilir və Azərbaycanın növbəti antiterror əməliyyatı həyata keçirməsi zərurəti hər keçən gün daha da artır. Ölkə gündəmində zəlzələ effekti yaradan sensasion hadisə isə sabiq birlik komandiri, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbs edilməsidir. R.Əkbərov Ukrayna Respublikasının sorğusu əsasında həbs edilib.
Belə ki, R.Əkbərov Ukraynada qəsdən adam öldürmə cinayətində təqsirləndirilib. Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin icraatında Rövşən Əkbərov barəsində istintaq orqanının təqdimatına baxılıb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
O, Azərbaycanın Milli qəhrəmanıdır. Korpus komandanı və generaldır. Lakin ölkənin ən çətin, kritik günlərində - Vətən müharibəsi başlayan kimi ordudan uzaqlaşdırıldı. İddialara görə, buna səbəb Azərbaycana xəyanətinin açılması olub.
Rövşən Əkbərovun adının üstündə həmişə bir kölgə olub.20 il öncə həyata keçirtdiyi məşum qətl onu bir kabus kimi izləyib. Buna baxmayaraq, ordu sistemində irəliləyib, general – leytenant rütbəsinə qədər yüksəlib. İndi isə məhz iş adamı Elçin Əliyevin həbsi ittihamı ilə qandallandı.
Rövşən Əkbərovu xalq və media ordu içindəki 5-ci kalon təmsilçilərindən hesab edirdi. Və elə idi. Sadəcə, bir ordu generalını vətənə xəyanət ittihamı ilə həbs etmək ciddi prosesdir, lakin adı nə olsa da, yenə də həmin prosesdir.
Azərbaycanın siyasi iradə sahibi bütün vətən xainlərinə müqavimət, sabotaj və təxribatlara baxmayaraq, düşmən üzərində möhtəşəm qələbə qazandı və xalqın nəzərində ən ali pilləyə yüksəldi.
İndi “5-ci kolon”la, arxalarında nə dəəcədə bir qüdrətli və soyuq güc dayanmasına baxmayayaraq, vətən xainləri olan generallarla haqq-hesab çəkmək olar. Elçin Əkbərovla başlayan proses yəqin ki, davam edəcək və burada əsas hədəf ordumuzun Baş Qərargah rəhbəri Nəcməddin Sadıqovdur.
Baxmayaraq ki, Azərbaycan ordusu qalibdir, müzəffərdir; zabitlərimiz fədakar və vətənpərvərdir; lakin təəssüf hissi ilə deməliyik ki, müdafiəmizin nazirliyi illər boyunca başdan çox çirklənib, böyük təmizliyə ehtiyac var. Sistemin islahatlara möhtacdır. Ümid edirik ki, proses başlayıb və yaxın zamanlarda ordumuza uzanan xain və oğru əllər tamamilə kəsiləcək.
Qərb erməni terrorçularının niyə azad edilməsini istəyir? Azərbaycana son olaraq səfər edən ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde ilə müzakirə edidiyi deyilir. Təsadüfi deyil ki, xarici işlər nazir Ceyhun Bayramov birgə brifinqdə də bu barədə qəti mövqe ortaya qoyub. “Əsirlikdə olan ermənilər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat çərçivəsində azad edilməsi nəzərdə tutulan hərbi əsirlər deyil. Onlar Azərbaycana atəşkəsdən sonra və erməni qüvvələrin Qarabağdan çıxarılmasını nəzərdə tutan 10 noyabr tarixli bəyanata zidd olaraq göndəriliblər. Bu sənəd imzalandıqdan sonra Ermənistan hakimiyyəti Ermənistanın Şirak bölgəsindən Qarabağa 60-dan çox hərbi qulluqçu göndərib. Bu hərbiçilər diversiya törədərək, Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərini öldürüblər və qanun qarşısında cavab verəcəklər” deyə, nazir bildirib. Erməni terrorçuları Xocavənddə ələ keçəndən bəri Rusiya da daxil, bir sıra dövlətlər və təşkilatlar bu məsələni gündəmə gətirirlər. Ehtimal ki, bu məsələdə Bakıya diplomatik təzyiq cəhdləri də var. Rusiya qismən ehtiyatlı mövqe sərgiləsə də, ermənilərin Qərbdəki dəstəkçiləri bu məsələdə israrlarından əl çəkmirlər. Niyə?
Musavat TV-nin canlı yayımlanan “Həftə içi” proqramında aparıcı Emil Salamoğlu sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovla gündəmin əsas mövzularını müzakirə etdi.
Verilişi aşağıdakı linklər vasitəsilə izləyə bilərsiniz:
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com






