Mənbəmiz iddia edir ki, özü və şirkəti 6-7 ildir Hindistandan mal əti idxalı ilə məşğul olublar: “Hökumət bir neçə dəfə bazarın bu seqmentini nəzarətə götürməyə səy göstərsə də, bu işi təşkil etməyi bacarmadığından onları bir müddət sərbəst buraxmağa məcbur olub. Bu müddət ərzində ət idxalı ilə məşğul olan 20-yə yaxın şəxs bazarda nisbi də olsa rəqabət mühiti yarada bilib. Bu səbəbdən də son dövrə qədər bazarın bu seqmentində süni qiymət artımları olmayıb”.
Artıq bu işin rentabelli olmasını görən gömrük bossları bazarı tam monopoliyaya almaq qərarına gəliblər. Çünki Hindistandan idxal edilən ətin bazarda öz daimi alıcıları olub. Bunlar da əsasən kolbasa istehsal edən kiçik sexlərdir. İdxal əti birbaşa bu sexlərə xammal kimi satılıb. Bazarı inhisara götürən S.Mehdiyev bu cür sexlərlə birbaşa ünsiyyət quraraq malı ondan almağı tapşırıb. Paralel olaraq idxalçıların ölkəyə gətirdikləri mal 1 həftə gömrük anbarlarında saxlanılıb. Sonradan idxalçılara malı Gündüzə təhvil vermək və bir daha bu işlə məşğul olmamaq barədə qəti göstəriş verilib.
Mənbə Hindistandan mal əti idxalının əsl qiyməti barədə də açıqlama verib: “Hindistanda mal ətinin topdansatış qiyməti 3 dollara yaxındır. Nəqliyyat məsrəflərini də nəzərə alsaq, mal gömrük sərhədlərinə qədər 3 dollara başa gəlir. Gömrükdə isə ətin hər kiloqramına görə 1 dollar ödəməli olurduq (1 dolların 30 faizi dövlət büdcəsinə, 70 faizi isə gömrük bosslarının cibinə gedir). Beləliklə, ətin kiloqramı biz idxalçılara 4 dollara - 3,15 manata başa gəlirdi. Onu kolbosa sexlərinə 3,7 manata satırdıq. Beləliklə, gətirdiyimiz ətin 1 kiloqramından biz idxalçılar 45 qəpik, gömrük bossları 55 qəpik, dövlət büdcəsi isə 25 qəpik qazanırdı. Yəni ən çox qazanan yenə də gömrük işçiləri olurdu (heç bir əziyyət çəkmədən). Hindistan ətinin stabil alıcıları yarandığından gömrük bossları 45 qəpik qazancı da bizə çox gördülər”.
Son günlər Hindistandan gətirilən ətin kiloqramı 3,7 manatdan 4,5 manatadək bahalaşıb. Başqa sözlə, 2,4 manata başa gələn ət bazarda 4,5 manata satılır və monopolistlər hər kiloqramdan 2,1 manat qazanc götürür - adi idxalçıdan 5 dəfə çox!
Mənbə Hindistandan mal əti idxalı zamanı başqa korrupsiya əməllərinin təfsilatına da toxunub. O, müxbirimizə deyib ki, 20-yə yaxın şəxsin Hindistandan ölkəyə idxal etdikləri mal əti gömrük sərhədlərində “Arena-ru” şirkətinin məhsulları kimi sənədləşdirilib. “Arena-ru” şirkətinin gömrük bosslarına məxsus olduğunu bildirən mənbə bunu korrupsiya əməllərinin rəsmiləşdirilməsi və bazara nəzarətin mərkəzləşdirilməsi kimi izah edir.
Beləliklə, 6-7 il bazarı tədqiq edən gömrükçülər gəlirliliyə tam əmin olandan sonra nəzarəti monopoliyaya çevirdilər. Hər həftə ölkəyə 1000 tona yaxın ət idxal edilirdi. Bu, ildə 52 min ton ət deməkdir. Hər kiloqramdan 2,1 manat gəlir götürülürsə, bu, ildə 110 milyon manat gəlir deməkdir. Ən yaxşı halda 110 milyonun 10 milyon manatı gömrük rüsumu formasında dövlət büdcəsinə daxil olacaq, 100 milyon isə ayrı-ayrı məmurlara təmiz qazanc qalacaq. Bazarın kiçik seqmentindən ildə 100 milyon manat gəlir götürmək kifayət qədər yüksək məbləğ sayıla bilər.
Qaynaq iddia edir ki, bundan sonra bu vəsait 1 nəfərin cibinə axacaq. Monopoliyadan öncə isə idxalla 20-yə yaxın fiziki şəxs məşğul olurdu. Onların cəmi gəlirləri bu məbləğdən 5-6 dəfə az idi, üstəlik də xərcləri xeyli yüksək idi. Ən azı ona görə ki, hər bir fiziki şəxsin yanında minimum 4-5 nəfər çalışır, gəlirdən onlara da pay düşürdü. Bundan başqa, onların vergi və başqa orqanlara qeyri-rəsmi ödənişləri də olurdu ki, bu da gəlirin azalmasına gətirib çıxarırdı. İndi rəsmi ödənişlərdən qismən, qeyri-rəsmi ödənişlərdən isə tam azad olan monopolistin bazarı inhisara alması nəticəsində 100 nəfərə yaxın şəxs (bu, 100 ailə deməkdir!) işsizlər ordusuna qatılacaq, bir-iki nəfər isə gəlirə tam sahib olacaq. Bu da hələ son deyil.
Mənbə bildirir ki, Hindistandan ət idxalı ilə məşğul olan 20-yə yaxın fiziki şəxs arasında çox normal rəqabət gedirdi. Hər bir idxalçı öz müştərilərini itirməmək üçün daha keyfiyyətli mal gətirməyə və imkan daxilində ucuz qiymətə satmağa çalışırdı. İndi artıq monopolist Hindistandan gətirdiyi malın keyfiyyətinə diqqət yetirmir. Çox güman ki, bir azdan bazar ucuz və keyfiyyətsiz mallarla dolacaq. Çünki bazarda alternativ satıcı yoxdur - monopolist ucuz və keyfiyyətsiz məhsulu baha qiymətə diktə edəcək.
Əslində bu məsələdə korrupsiyanın bütün eybəcərlikləri özünü göstərir - işsizlik artır, gəlir bir nəfərin cibinə axır, qiymətlər bahalaşır, keyfiyyət aşağı düşür və s.
Müxbirimizdəki özəl məlumata görə, idxal əti monopolistinin daha strateji planları var. Abşeronun Hökməli kəndinin yaxınlığında nəhəng kolbasa zavodu tikilir. “Halal-dad” adlanacaq zavod fəaliyyətə başlayandan sonra kiçik sexlər inzibati müdaxilələrlə fəaliyyətini dayandıracaq. Bakıda onlarla belə kiçik sexlər fəaliyyət göstərir və hər birində də 30-35 nəfər çalışır. Həmin sexlərin fəaliyyətinin dayandırılması isə gələcəkdə 1000-ə yaxın vətəndaşın işsiz qalması deməkdir. Onların bazarı isə S.Mehdiyevin zavodunun əlinə keçəcək. Ət idxalının monopolisti həm də kolbasa bazarını inhisara götürməyə hazırlaşır. Şübhəsiz ki, bazar inhisara alındıqdan sonra burada da qiymətlər qalxacaq, keyfiyyət düşəcək. Bu, ölkə bazarının bütün seqmentlərini inhisara götürməyə qərar verən monopolistlərin fəaliyyətinin ancaq bir detalıdır. Ancaq bu detal da monopoliyanın yaratdığı eybəcərliklərin tam mənzərəsini yaratmağa imkan verir. Əsl korrupsiya da bax budur, dövlət resurslarından istifadə etməklə varlanmaq.
Sonda onu da qeyd edək ki, S.Mehdiyev fövqəladə hallar naziri hörmətli K.Heydərovun ən yaxın adamlarından biridir. Əslən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndindəndir. 1999-2004-cü illərdə gömrük orqanlarında müxtəlif məsul vəzifələrdə işləyib. 2004-cü ilin fevral ayından 2006-cı ilin fevral ayına qədər Dövlət Gömrük Komitəsi sədrinin müavini, 2006-cı ilin fevral ayından isə birinci müavini vəzifəsində çalışır.






