İnsanlara hürriyət, millətlərə istiqlal!

General Rövşən Əkbərovun qətl törətdiyini bu vəzifəli şəxslər deyib - Şok detallar Sevinc Telmanqızı ilə "Canlı debat"da

1289 16.07.2021 14:00 Son xəbər A A

Həbs edilən general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə araşdırması başlanıb. R.Əkbərovun qətl törətdiyini hansı vəzifəli şəxs deyib? Şok detallar üzə çıxdı....

Azərbaycanın belə sülhməramlılara ehtiyacı varmı? Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdəki erməni bandit dəstələrinin Şuşa ətrafındakı mövqelərimizi atəşə tutması, az qala, sistematik şəkil almaqdadır. Ötən gecə eyni hal yenə təkrarlanıb. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb. Ordumuzun şəxsi heyəti arasında itki və yaralanan yoxdur.

Sual yaranır: Rusiya bu təxribatları niyə durdurmur? Üstəlik, olayla bağlı Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada “tərəflər arasında atışma olub”, “təmas xətti” kimi əcaib ifadələr yer alıb. Hansı “tərəflər”, hansı “təmas xətti”? Bir ovuc quldur-separatçı nə vaxtdan Azərbaycan dövlətinə qarşı “tərəf” oldu? Rəsmi Bakı, İlham Əliyev dəfələrə bəyan edib ki, artıq heç bir “təmas xətti”, “status-kvo” yoxdur. Təmas xətti indi yalnız Azərbaycanla Ermənistan arasında dövlət sərhədi sayılır, hansı ki, İrəvanın müqavimətinə rəğmən SSRİ xəritələri əsasında dəqiqləşdirilir.

Bu azmış kimi, Rusiya Müdafiə Nazirliyinin rəsmi məlumatlarında Qarabağdakı yaşayış məntəqələrimiz və çoxdan ləğv olunmuş rayonlar tez-tez köhnə erməni adları ilə göstərilir (“Martuni”, “Stepanakert” və s.) Belə çıxır, Moskva üçün DQMV, SSRİ hələ də mövcuddur. Halbuki SSRİ xəritəsi yalnız Azərbaycanla Ermənistan arasında sərhədlərin dəqiqləşdirilməsi üçün kara gələ bilər.
Bütün bunlar bir daha Rusiyanın Qarabağda qalmış quldur dəstələrinə, tarixin zibilliyinə atılmış oyuncaq rejimə legitimlik donu biçmək cəhdləri kimi görünür. Rusiya səfirinin Şuşaya getməməsi bu ehtimalı gücləndirir. Yəni həm səfir nümayişkaranə şəkildə Şuşanı ziyarətdən imtina edir, həm də bu azmış kimi, çoxdan tərksilah edilməli olan erməni bandit dəstələrinin Şuşa ətrafındakı mövqelərimizi atəşə tutmasına şərait yarıdılır. Belə “sülhməramlılar” bizə lazımdırmı? Nəhayət, haradan bilək ki, belə təxribatların iştirakçıları həm də silahlı ruslar deyil?

Ermənistan XİN-nin iki aydır boş qalmış rəhbəri postuna, nəhayət, təyinat oldu. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan 1-ci müavin təyin edildi. Yəqin ki, bir müddət sonra nazir elə özü olacaq.

Qriqoryan “Soros uşaqları”ndandır. Əvvəlki vəzifəsi zamanı ABŞ-da səfərdə də olub. Peşəkar diplomat deyil. Paşinyana, onun kursuna sadiq adamdır. Bu təyinatdan Rusiyanın xoşlanmayacağı aydındır. Moskva, ola bilsin, əsas güc strukturlarının kimlərə həvalə ediləcəyini gözləyir. Bəs Azərbaycan üçün önəmi varmı Ermənistan XİN-ə kimin - qərbpərəstin, ya rusiyapərəstin rəhbərlik etməsinin? Yoxsa “İlanın ağına da lənət, qarasına da”?

Ermənistan XİN bu günlərdə növbəti sırtıqlıq və rüsvayçılıq nümunəsi ortaya qoydu, diplomatiya elminə, beynəlxalq hüquqa həqarət etdi. Ötən həftə Bakıdakı xarici ölkə səfirlərinin Şuşaya səfərini “şiddətlə qınayaraq”, həmin ölkələrin İrəvandakı səfirlərini XİN-ə çağırdı, onlara “etiraz notası” təqdim etdi. Niyə, hansı beynəlxalq hüquqa əsasən? Bunu yalnız başdan xəstə erməni diplomatları (təkcə diplomatlarmı?) bilir.

Xatırladaq ki, daha öncə Ermənistan XİN Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Şuşaya birgə və tarixi səfəri ilə bağlı dünya diplomatiya praktikası tarixində misli görünməmiş həyasızlıqla absurd etiraz bəyanatı yaymışdı. Sanki Ərdoğan Azərbaycana yox, “işğal altındakı erməni şəhəri Şuşi”yə səfər edibmiş və Bakı da, Ankara da İrəvandan icazə almalı imiş!
Sual budur ki, görəsən, Ermənistanın qanunsuz nota verdiyi ölkələrin (onların arasında Çin səfiri də var) XİN-ləri buna reaksiya verəcəkmi? Tutaq ki, erməni səfirlərini öz XİN-lərinə çağırıb bu demarşa, hüquqi-diplomatik nihilimzə görə Ermənistana nota verəcəkmi? Axı Çinin Bakıdakı səfiri Şuşaya getməklə hansı beynəlxalq qanunu, konvensiyanı pozub? Şuşa nə vaxtdan erməni ərazisi (şəhəri) oldu? Qısası, həmin ölkələr “izqoy” Ermənistana öz yerini göstərəcəklərmi?

Azərbaycanda koronovirusa yoluxanların sayı kəskin artdı. 200-ə çatır. ÜST rəhbəri bildirib ki, yüksək yoluxuculuq qabiliyyətinə malik “Delta” ştammı tezliklə dünya üzrə dominant olacaq. O da bəyan edilib ki, dünya ölkələri artıq COVID-19 pandemiyasının yeni, üçüncü dalğasının başlanğıcındadır, çünki hazırda dünyada həm yoluxma, həm də ölüm hallarının yüksək artım tempi qeydə alınır. Təşkilat rəhbərinin sözlərinə görə, koronavirusdan ölüm halları 10 həftə davam edən azalmadan sonra ilk dəfə artmağa başlayıb. Yoluxmanın artmasının əsas amillərindən biri kimi “Delta” ştammı göstərilir.

BMT baş katibi Antonio Quterreş isə deyib ki, dünya əhalisinin 70 faizinin peyvənd olunması və COVID-19 pandemiyasına son qoyulması üçün azı 11 milyard doza vaksin lazımdır. Buna nə qədər zaman ərzində nail olmaq mümkündür?

Bu arada Azərbaycanda toy şənliklərinə icazə verilməsindən iki həftə keçdi. 14 gün COVID-19-un inkubasiya dövrü sayılır. Yəni artıq konkret qənaətə gəlmək olar: toylara icazə verilməsi ölkədə yoluxma sayına necə təsir edib? İcazənin verilməsi yanlış idi, yoxsa…? Statistika nə deyir? Ölkə üzrə yoluxmalarda toy-nişanların “payı” nə qədərdir?

Bu və gündəmdəki digər mövzuları bu gün aparıcı Sevinc Telmanqızının təqdimatında "Canlı debat" verilişində müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR