Bakıda gənclər avtomobil ilə bir-birlərinə yol vermək üstündə mübahisə ediblər. Mübahisə əlbəyaxa davaya çevrilib. Sonra davada iştirak edən 3 qardaşdan ikisi bıçaq zərbələri alıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 2 qardaşı bıçaqlamaqda təqsirləndirilən 1995-ci il təvəllüdlü Meybullayev Gənci Bəybala oğlunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkəmə iclasımda hökm oxunub. Hökmə əsasən, G.Meybullayev barəsində bəraət hökmü çıxarılıb.
İttihama görə, G.Meybullayev Binəqədi rayonu ərazisində "Ford" markalı maşınla çörək daşıyarkən ara məhəllələrdən birində yol kənarında maşını saxladığı zaman qarşıdan gələn avtomobilin hərəkətinə çətinlik yaradıb. Həmin maşında Ziya Quliyev və Ramil Quliyev qardaşları olub. Onlar Gənci Meybullayevdən yol verməsini istəyiblər. G.Meybullayev maşını geriyə hərəkət etdirərək onlara yol verib.
İttihamda yazılır ki, bir neçə gün əvvəl də Gənci Meybullayev Quliyev qardaşlarının atası Nadir Quliyevlə də eyni məsələyə görə mübahisə edib. Həmin zaman Gənci Nadir Quliyevi yerə yıxıb. Daha sonra isə dəmir parçası ilə Nadir Quliyevin maşınına zərər vurub. Tərəflər arasında barışıq olduğu üçün Nadir Quliyev ondan şikayət etməyib. Amma Quliyev qardaşları Gənci Meybullayevi görərkən əvvəlki mübahisənin də səbəbini soruşub. Gənci bildirib ki, Nadir Quliyev onu söydüyü üçün mübahisə ediblər. Ramil Quliyev isə həmin hadisədə ilk söyüş söyənin ünvanına söyüş söyüb.
Bu zaman tərəflər mübahisə edib. G.Meybullayev maşında olarkən Ziya və Ramil qardaşları ona hücum ediblər. Əvvəlcə Ramil maşında oturan Gənciyə yumruq zərbələri endirib. Gənci imkan tapan kimi maşından düşüb və əlbəyaxa dava davam edib. Gənci qaçmaq istəsə də yerə yıxılıb.
Hadisə yerinə Ziya və Ramilin digər qardaşı Ələkbər də gəlib. O da qardaşlarına kömək edərək Gəncini döyməyə başlayıb. Gənci maşından götürdüyü bıçaqla özünü müdafiə etməyə çalışıb.
Dava zamanı Gənci əvvəlcə bıçaqla Ziyaya zərbə endirib. Qaçmağa başlayarkən arxadan gələn Ələkbər Quliyev ona bellə zərbələr endirməyə başlayıb. Gənci bu dəfə də özünü müdafiə etmək üçün Ələkbərə bıçaqla zərbə endirib və hadisə yerindən qaçıb. Bu iş üzrə açılan cinayət işində Ziya Quliyev və Ələkbər Quliyev zərərçəkmiş kimi, digər qardaş Ramil Quliyev isə şahid kimi tanınıb.
Gənci Meybullayev Cinayət Məcəlləsinin 126.2.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma; iki və daha artıq şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham edilib.
O, məhkəmədəki ifadəsində özünü təqsirli bilməyib. Bildirib ki, hadisə zamanı köməksiz vəziyyətdə olub və sırf özünü müdafiə məqsədi ilə Quliyev qardaşlarına bıçaqla vuraraq oradan qaçıb. Məhkəmədə məlum olub ki, baş verən hadisə Təhlükəsiz Şəhər Kamerasının olduğu ərazidə baş verib. Kameraların lentə aldığı görüntülərdən də məlum olub ki, Gənci Meybullayev döyülən zaman özünü müdafiə edib.
Qeyd edilən video sübutu izləyən, şahidləri dinləyən məhkəmə belə qənaətə gəlib ki, Meybullayev özünü müdafiə etdiyi üçün onun barəsində bəraət hökmü çxıarılmalıdır. Məhkəmənin hökmü ilə Gənci Meybullayev barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb.
Hökmü elan edən hakim onu da bildirib ki, həmin videogörüntülərdə qardaşların Gəncini döyməsi və sona qədər ona zərbələr endirməsi aydın görünür. İstintaq orqanı bu görüntülərə əsasən qardaşlar barəsində də xuliqanlıq maddəsi ilə cinayət işi açıb. Onlar barəsində açılan cinayət işi ayrıca icraata verilib.
Quliyev qardaşları isə məhkəmədəki ifadələrində onlar barəsində açılan cinayət işindən narazı olduqlarını bildiriblər. Qeyd edək ki, bu iş üzrə tərəflər arasında barışıq əldə edilib.
İlkin Muradov
Musavat.com






