Gənclər hərəkatı niyə dayanıb - hər şey bitdimi?
Son vaxtlar həyata keçirilən siyasi həbslər sürətlə gəlişən və siyasətdə mühüm yer tutan gənclik hərəkatlarının fəaliyyətində sanki bir durğunluq yaranması fikrini formalaşdırır. Ancaq gənc siyasətçilər bu fikirlə razı deyillər.
Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Əhliman Abbas hərəkatın ən gözəl və möhtəşəm günlərinin hələ qabaqda olduğunu dedi: “Azərbaycanın demokratikləşməsi üçün 2011-ci ildən yeni mərhələyə qədəm qoyan bir gənclik hərəkatı var. Düşünürəm ki, bu gənclik hərəkatının özü uzun və səbir tələb edən bir prosesdir. Ölkədə hədəf götürdüyümüz köklü dəyişikliklərə, inqilabi səciyyə daşıyan yeniliklərə nail ola bilmək üçün uzun müddət dəyərlərimizdən, hədəflərimizdən yayınmadan çalışmaq lazımdır. Təbii ki, biz bu prosesin gedişatında müxtəlif situasiyalarla qarşılaşacağıq. Bu situasiyalardan biri də məhz sizin soruşduğunuz durğunluq mərhələsidir. Bəli, hərəkatın gedişatında durğunluq, passivlik, yenilgilər də olacaq. Ancaq zaman-zaman gözlənilməz uğurlar, təəccübləndirici irəliləyişlər də olacaq. Məncə, bunların hamısını gözə almaq lazımdır.
Təbii ki, həbslər təzyiqlər, təsirsiz ötüşməyə bilməz. Kimlərsə ümidsizliyə qapılır, hərəkatdan bir müddət uzaqlaşır, kimisi ehtiyatlı davranmağa başlayır, kimisi isə gözləmə mövqeyi tutur. Bunlar hamısı demokratik hərəkatçıların keçməli olduğu mərhələdir. Gənclik hərəkatı isə heç vaxt məğlub ola, qarşısı alına bilməz. Mən şəxsən buna əminəm, heç şübhə etmirəm ki, sonda qələbə bizim olacaq. Narahat olmağa dəyməz, hərəkatın ən gözəl, ən möhtəşəm günləri hələ qabaqdadır. Çox zaman bu cür sakitçiliyin özü möhtəşəm bir uğur gətirir. Uğur həm təşkilati, həm ideoloji hazırlaşmaq üçün imkan yaradır”.
KXCP-nin Gənclər Təşkilatının sədri Ceyhun Nəbiyev son vaxtlar gənclərə həddindən artıq basqıların olduğunu dedi: “Son dövrlər Azərbaycanda gəncliyə böyük basqılar, təzyiqlər, həbslər, siyasi sifarişli adam oğurluğu və sairənin olduğu danılmazdır. Mövcud hakimiyyətin bunları etməkdə yalnız bir məqsədi var. Hakimiyyətlərinin uzun ömürlülüyünü təmin etmək. Bütün güc vasitələrini bunun icrasına yönəldiblər.
Düşünürlər ki, bu vasitələrlə cəmiyyəti qorxu altında saxlayaraq hakimiyyətdə qalacaqlar. Son günlər siyasi sifarişli həbslər daha çox nəzərə çarpır. Siyasi sifarişli saxta narkotik ittihamı ilə siyasi fəaliyyətlə məşğul olan müxalif düşərgənin gənclərini həbsxanalara atırlar. Son 2-3 ay ərzində bu siyasət hakimiyyətin müxalif düşərgəyə dair siyasi proqramı şəklini alıb. Vəziyyət o həddə çatıb ki, adamı oğurlayıb narkotik ittihamı ilə şərləyib həbs edirlər. Bu siyasət hakimiyyətin müvafiq orqanları tərəfindən xüsusi plan şəklində icra olunur. Növbə ilə bütün aktiv siyasi gəncliyi toplayırlar. Hamı öz növbəsini gözləməkdədir. Hakimiyyətin tutduğu yol onun ancaq əleyhinə işləyir. Bu yolla nə xoş gələcək, nə də ki, uzunömürlü hakimiyyət ola bilməyəcək. Bu yollarla onların hakimiyyətinin təməli zədələnir, yerindən oynayır. Gənclik geri çəkilmək fikrində deyil. Həbslər artdıqca etiraz dalğası daha da artacaq. Hər iki qüvvə irəliyə doğru gedir və heç kim geri çəkilmək fikrində deyil. Amma gəncliklə üz-üzə gəlmiş hakimiyyət olmayıb, olsa belə məğlubiyyətlə hakimiyyəti tərk ediblər”.
NİDA Vətəndaş Hərəkatının üzvü Nicat Məmmədbəyli isə həbslərin istənilən halda prosesə mənfi təsir göstərdiyini bildirdi: “Həbslər istənilən halda prosesə öz mənfi təsirini göstərir. Qorxu hissinin genişlənməsinə səbəb olur. Lakin bir tərəfdən də bu həbslərlə sistem özünə qarşı narazı bir kütlə yetişdirir. Rasional və yaxud da irrasional şəkildə səhnəyə yeni qəhrəmanların atılmasına münbit şərait yaradır”.
Milliyyətçi Gənclər Hərəkatının üzvü İlkin Əliyev gəncliyi sıxmaqla heç nəyin qarşısının alınmayacağını dedi: “Təzyiqlər və həbslər siyasətə yenicə qədəm qoyan gənclərə çox böyük təsir etdi. Ancaq narazı kütlə getdikcə daha da artmaqdadır. Düşünürəm ki, bir müddətdən sonra daha çox gənclər siyasətə qatılacaq və hərəkat genişlənəcək. Yəni sıxmaqla heç nəyin qarşısını almaq mümkün deyil. Bu hərəkat nə qədər ki, sıxılır, daha da partlayış səviyyəsinə çatacaq və bunun qarşısının alınması mümkün olmayacaq. Biz gənclərimizi maarifləndirməyə çalışırıq. Maarifli insan gerçəyi daha yaxşı görə bilir”.
Günel MANAFLI






