İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə “Uşaqları və gəncləri məişət zorakılığından qorumaq üçün cəmiyyətin maarifləndirilməsi” adlı tədbir keçirilib - FOTOLAR

1367 22.09.2019 20:31 Ölkə A A

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Uşaqları və gəncləri məişət zorakılığından qorumaq üçün cəmiyyətin maarifləndirilməsi” adlı 4 aylıq layihənin ikinci tədbiri Gəncə şəhəri Gənclər Evində keçirilib. 

Bu barədə musavat.com-a “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri Lamiyə İsazadə məlumat verib.

Son zamanlar cəmiyyətin normal inkişafına mane olan fenomenal bir məsələ - məişət zorakılığı haqqında tez-tez eşitməyə başlamışıq. Zorakılıq və onun gündən-günə artan formaları dünyanın ən qorxulu ictimai problemlərindəndir. Bu zorakılıq daha çox azyaşlı uşaqlara qarşı yönələndə isə məsələnin daha təhlükəli həddə çatdığı aydın olur.

Uşaqlarla davranış, məktəbdə, cəmiyyətdə, xüsusilə ailədə onlara münasibət o qədər incə, həm də məsuliyyətli işdir ki, bu sahədə ehtiyatlı olmaq lazımdır.


Tədbirimizin də məqsədi ölkəmizdə məişət zorakılığına qarşı mübarizə, zorakılığın doğurduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi istiqamətində maarifləndirici tədbirlər həyata keçirməkdir.

Məişət zorakılığının əsasını təşkil edən qadınlara və uşaqlara qarşı yönəlmiş zorakılıq, bərabərlik, tərəqqi və sülhə nail olmaq yolunda ən ciddi bir maneədir. Məişət zorakılığının başvermə səbəblərinə gəldikdə isə, buna ailənin gəliri, iqtisadi durumu, valideynlərin işləyib-işləməməsi təsir göstərir. Bəzi ölkələrdə, eyni zamanda ölkəmizdə də məişət və cinsi zorakılıq üstünlük təşkil edir. "Uşaq hüquqları konvensiyası" na qoşulmağımıza, "Uşaq hüquqları haqqında" qanunun qəbul olunmasına, Cinayət Məcəlləsində uşağı döyməyin cinayət məsuliyyəti hesab olunmasına baxmayaraq, hələ də valideynlər bu üsullardan istifadə edirlər. Uşaqlara qarşı edilən zorakılığın qarşısını almaq üçün cəmiyyətin hər bir fərdinin üzərinə böyük məsuliyyət düşür. Amma təəssüf ki, hələ də insanlar bu məsələlərə çox laqeyd yanaşırlar. Valideynlər anlamalıdırlar ki, uşaq onların mülkiyyəti deyil. Valideyn uşağın inkişafı, təhsili, tərbiyəsi, sağlamlığının müdafiəsi ilə məşğul olmalıdırlar. Uşaq hüquqlarını pozan bütün hallar uşaq zorakılığı sayılır. Böyüklərin uşaqlarla kobud rəftarı onların inkişafına, sağlamlığına və ləyaqətinə zərər vurur. Psixi və fiziki travmaya səbəb olan davranışlar – zorakılıq (fiziki, psixoloji, cinsi, iqtisadi), qayğısızlıq və etinasızlıq uşaqların həyatında ömürlük iz qoyur. Gələcək nəsillərin sağlam ruhda böyüməsi üçün regionumuzda bu mövzuda layihənin icrasını zəruri hesab etdik. Layihə çərçivəsində dörd şəhər və rayonda bu mövzuda tədbirlər keçirilməsi nəzərdə tutulub. Növbəti tədbirlər Tərtər və Şəmkirdə keçiriləcəkdir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR