İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə icra hakimiyyəti Aşura günü niyə gərginlik yaradıb?

4450 02.10.2017 20:15 Ölkə A A

Şəhər rəhbərliyinin sərt qadağaları Aşura günü gərginliyi daha da artırıb, böyük qarşıdurmanın qarşısı alınsa da, kiçik toqquşmadan yayınmaq mümkün olmayıb

Aşura günündən əvvəl və həmin gün Gəncədə, o cümlədən “İmamzadə” pirində gərginlik yaşanıb. İlkin məlumatlara əsasən şəhərin mərkəzində məscidlər, o cümlədən Şah Abbas məscidi bağlanıb, insanlar “İmamzadə” kompleksinə yönəldilib. Ancaq burada da polis və vətəndaşlar arasında qarşıdurma yaranıb.

Gəncə Şəhəri Baş Polis İdarəsindən Musavat.com-a verilən xəbərə görə, sentyabrın 30-da saat 22 radələrində ziyarətgaha daxil olan insanların coxluğundan əsəbiləşən bir qrup şəxs, nəzərdə tutulmuş girişdən imtina edərək, məscidə başqa yerdən daxil olmağa cəhd göstərib. Nəticədə insanların hərəkəti qısa müddətli olsa da çətinləşib, xüsusən qadınlar üçün ayrılmış giriş-çıxışlarda çətinlik yaranıb.

Sitat: “Polis əməkdaşları bu cəhdin qarşısını alaraq onları məsciddə tətbiq edilən nizam-intizam qaydalarına və digər ziyarətçilərin hərəkətlərinə mane olmamağa dəvət ediblər. Bu zaman qayda pozanlarla polislər arasında insident yaranıb. Orada olan nüfuzlu dindarların da yaxından iştirakı ilə 5-7 dəqiqə ərzində insidentin qarşısı alınıb, asayiş tam bərpa edilib, inanclı insanlar rahat və təhlükəsiz şəraitdə öz dini ayinlərini sonadək icra ediblər”.

Image result for Gəncə Şəhəri Baş Polis İdarəsi

Ötən gün mediada Gəncədə baş verən insidentlərə qarışmış 30-dək insanın həbs olunması haqda məlumatlar dərc olundu. Mediada və sosial şəbəkələrdə yayılan məlumatlarda Aşura gecəsi hər il olduğu kimi, “İmamzadə”yə axın edən camaat kompleksin girişində polislə qarşıdurma olub və nəticədə kütlə polisi yararaq ziyarətgaha daxil olub. Bu zaman bir neçə polis əməkdaşı, eləcə də din xadimi xəsarət alıb. Daha sonra əraziyə Daxili Qoşunların hissəsi cəlb olunsa da, qarşıdurmanın yaranmasına imkan verilməyib, əsgərlər müdaxilə etməyib.

Gəncədən aldığımız məlumata görə, yaranmış gərginlikdə bir tərəfdən camaatın səbirsizliyi, ziyarətçilər arasında olan bəzi insanların sərt reaksiyası ilə yanaşı Gəncənin icra başçısının ildən-ilə artan Aşura təzyiqlərinin rolu olub. Qəzetimizə məlumat verən mənbə bildirir ki, Gəncədə ildən-ilə qadağalar artır, hətta sovet illərində qorunub saxlanan Aşura gecəsi “İmamzadə”yə yürüşə imkan verilmir, məscidlər bağlanır, hətta uzun illərin ənənəsi olan küçələrdə süfrə açmaq qadağan edilir.

Mənbə deyir ki, Gəncədə adətən “İmamzadə”yə yürüş axşam saatlarında başlayır: “Zatən həmin saatlar hərəmə beş-beş, on-on gedən bir izdiham olur. Ancaq “İmamzadə”yə yaxınlaşdıqca izdiham artıb bir neçə yüz nəfər olur. “İmamzadə” kompleksi iki həyətdən ibarətdir. Birinci hissəyə avtomobillə girmək olur. İkinci hissə məscidin həyətidir. Aşurada isə birinci hissəyə avtomobil girişi yasaqlanır. Əzadarlıq orda edilir, məsciddə və həyətində isə əzadarlığa icazə verilmir. İnsanlar hissə-hissə qəbrin ziyarətinə buraxılır. Əlbəttə, məscidin həyətinə girişdə növbə yaranır. Bu qrup şüar deyə-deyə gəlib çatır “İmamzadə”yə. Birinci həyətdən keçib hərəmin həyətinə daxil olmaq istəyir. Orda zatən uzun növbə və gərginlik, narahatlıq başlayır”.

Mənbəmiz deyir ki, başçının göstərişi ilə bir gün qabaqdan polis “İmamzadə”nin həyətinə yerləşdirilib. Daha əvvəl dindarlar və kompleksin xidmətçiləri tərəfindən ziyarət təşkil olunduğu halda bu dəfə bu işləri polisə tapşırıblar və bu da anlaşılmazlıqları daha da artırıb. Halbuki hətta əvvəlki illərdə belə polis “İmamzadə”nin içərisinə daxil olmayıb, sadəcə kənardan təhlükəsizliyə nəzarət edib. İcra Hakimiyyətinin bu şəkildə müdaxiləsi nəticəsində əhali şəhərdən “İmamzadə”yə yönləndirilib və bu zaman qapıların tutulması gərginliyə səbəb olub.

Qeyd edək ki, Gəncədə demək olar, hər il Aşura günlərində yerli icra hakimiyyəti mərasimlərin keçirilməsinə mane olur. Məscidlərin qapadılması, insanların ənənəvi ziyarətgaha getməsinin əngəllənməsi kimi qərarlar sadəcə yerli camaatı incidir və lüzumsuz gərginliyə səbəb olur. Aşura günü “İmamzadə” ərazisində baş verən insident yerli hakimiyyət orqanlarının lüzumsuz müdaxiləsi olub. Çünki bir qayda olaraq bu mərasimlərə hüquq mühafizə orqanlarının müdaxiləsinə ehtiyac olmur. Şəhər sakinləri könüllü şəkildə bunu təşkil edir. “İmamzadə” isə artıq 12 əsrdir ki, Gəncədə yerləşir və heç bir problemə, gərginliyə səbəb olmur.

Kənan,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR