Gəncə prospekti 65 ünvanında yerləşən sakinlər ərazidə marşrut xəttinin olmamasından əziyyət çəkirlər. Çoxsaylı sakinlərin şikayəti əsasında reportyor qrupumuz adı çəkilən əraziyə gedib, problemi yerində araşdırmağa çalışıb.
Sakinlər bildiriblər ki, əvvəllər ərazidə 247 və 247 T saylı marşrut avtobusu işləsə də, sonradan müəyyən səbəblərdən həmin avtobuslar marşrut xəttindən çıxarılıb. Bu isə sakinlər üçün böyük çətinlik yaradıb. Onlar aidiyyəti qurumlardan bu məsələyə diqqət ayrılmasını istəyib.

Sakinlər həmçinin digər problemlərini də dilə gətiriblər. Bildirilib ki, ərazidə xeyir-şər mərasim evinin yaradılmasına, uşaqlar üçün nəzərdə tutulan oyun meydançasının əsaslı təmirinə, yeni uşaq əyləncə vasitələrinə, istirahət parkının salınmasına, ümumilikdə həyətin abaşdlaşdırılmasına böyük ehtiyac var.

“Naximov” qəsəbəsinin sakinlərinin şikayəti əsasında reportyor qrupumuz adı çəkilən qəsəbədə də olub. Bu qəsəbə sakinləri isə yolların işıqlandırma sisteminin olmamasını, daxili küçələrin asfaltlaşmağa ehtiyac olduğunu bildiriblər.
Daha ətraflı təqdim etdiyimiz videoreportajdan izləyə bilərsiniz.
Xalidə Gəray
Elçin Əkbərov
Musavat.com






