Gəncə İH-dən məqaləyə reaksiya verildi - fotolar
Gəncə şəhər İcra Hakimiyyəti musavat.com saytında dərc olunan məqaləyə reaksiya bildirib. Redaksiyanın elektron poçtuna göndərilən məktubda bildirilir:
"Bu gün saytınızda “İtkin şəhidin ailəsi Gəncənin icra başçısından şikayətçidir” başlığı ilə dərc olunan məqalədə Əsgərova Amaliya Həmid qızının Azərbaycan torpaqlarının suverenliyi uğrunda itkin düşən həyat yoldaşı İsrafili Həsən Hüseyn oğlu üçün heç bir abidənin olmamasindan şikayətləndiyinə dair fikirlər dərc olunub.
Buna cavab olaraq bildiririk ki, Gəncədə Azərbaycan torpaqlarının suverenliyi uğrunda şəhid olan və itkin düşənlərin xatirəsinə salınmış “Şəhidlər Xiyabanı” Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə 2012-ci ildə əsaslı şəkildə yenidən qurulub. Xiyabanda eyni formada, qara mərmərdən olan 367 şəhid məzarı yerləşir. Eyni zamanda, qəbiristanlıqda dəfn edilən 49 naməlum əsgərin məzarı da yeni görkəmə salınıb. Bundan başqa xiyabanda yenidənqurma işləri çərçivəsində şəhidlərin ruhunu əbədiləşdirmək üçün səkkiz guşəli, hündürlüyü 25 metrə çatan “Şəhidlər Abidə Kompleksi”də ucaldılıb. Elə bu abidə həm Amaliya Həmid qızı Əsgərovanın itkin düşmüş həyat yoldaşının, digər itkin düşənlərin, həm də bütün şəhidlərimizin xatirəsinə inşa edilib.
Təəssüflər olsun ki, illərlə Moskvada yaşayan Amaliya xanım, həm 2013-cü ilin 20 yanvar günü şəhidlər xiyabanında keçirilən tədbir zamanı, həm də indi, şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün görülən bu qədər genişmiqyaslı işlərdən deyil, bu işlərə xələl gətirəcək məqsədi məlum olmayan, əsassız amildən danışır".






