İnsanlara hürriyət, millətlərə istiqlal!

Gənc politoloqlar turistlərə Xocalı soyqırımı haqqında buklet payladılar - REPORTAJ, FOTOLAR

1272 26.02.2018 17:06 Reportaj A A

Bu gün Xocalı soyqırımının 26-cı il dönümüdür.  Faciə günü ilə əlaqədar ölkənin müxtəlif dövlət və özəl qurumları tərəfindən tədbirlər keçirilir.

Musavat.com xəbər verir ki, Qərbi Kaspi Universitetinin nəzdində fəaliyyət göstərən Tətbiqi Politologiya Mərkəzinin tələbələri faciə ilə bağlı həqiqətləri xarici vətəndaşlara çatdırmaq üçün layihələr hazırlayıblar.  Layihələr barəsində daha detallı məlumat əldə etmək üçün biz də Qərbi Kaspi Universitetində olub, tələbələrin işləri ilə tanış olduq.

Öncə həmsöhbət olduğumuz Tətbiqi Politologiya Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, mərkəzin Xocalı soyqırımı ilə bağlı bir neçə təşəbbüsü var: “Bir təşəbbüsümüz “Xocalı soyqırımı sosial şəbəkələrdə”dir.  Bu layihə çərçivəsində tələbələrimiz müxtəlif dillərdə, xaricdəki tələbələrə Xocalı soyqırımı haqqında məlumat verirlər. Layihə artıq bir həftədir ki, davam edir. İkinci təşəbbüsümüzü də bu gün həyata keçirəcəyik. Belə ki, şəhərin mərkəzində xarici turistlərə müxtəlif dillərdə bukletlər paylanacaq. Bu bukletlərdə Xocalı soyqırımı haqqında informasiyalar olacaq. Azərbaycana hər il gələn turistlərin sayı artır. Onlar gəlib, şəhəri gəzib, mətbəximizlə tanış olurlar. Ancaq istəyirik ki, bu faciə ilə bağlı da bilgiyə sahib olsunlar. Bəlkə bizim verdiyimiz bukletlərdən məlumat toplasalar, döndükdən sonra öz yaxınlarına, qohumlarına bu günlə bağlı məlumat verəcəklər. Əsas məqsədimiz budur. Eyni zamanda universitetdə də bu gün tədbir keçirəcəyik. Soyqırım hadisəsinə gəlincə isə düşünürəm ki, əslində bizim əsas məqsədimiz xarici vətəndaşlara çıxmaq, bu faciə ilə bağlı onları məlumatlandırmaqdır. Yaxşı haldır ki, bir çox ölkələrin parlamentləri Xocalı soyqırımını tanıyıb. Əvvəllər isə erməninin saxta soyqırımını tanıyıb, qətnamələr qəbul edirdilər. Ancaq son illər bu durumu öz xeyrimizə dəyişdirə bilmişik. Dırnaqarası erməni soyqırımı ilə bağlı heç bir ciddi sənəd, fakt, görüntü, şahid yoxdur. Xocalı soyqırımı ilə bağlı sadaladıqlarımın hamısı bizdə var. Yəni bütün faktlar əlimizdədir ki, biz bunu dünyaya tanıda bilək. Biz bu faciə ilə bağlı beynəlxalq tribunalın yaradılmasını da tələb edə bilərdik. Yuqoslaviyada baş verən hadisələrlə bağlı beynəlxalq tribunal neçə il fəaliyyət göstərib, artıq məntiqi sonluğuna çatıb. Hadisəni törədənlər layiqli cəzasını alıblar. İkinci Dünya Müharibəsində də yəhudilərə qarşı soyqırım törədilmişdi ki, onlar da cəzalarını alıblar. Çox təəssüf ki, Xocalı soyqırımı ilə bağlı cəza alan yoxdur. Bilirik ki, buna başçılıq edənlərdən biri elə hazırkı Ermənistan prezidentidir. Özü də ingilis jurnalistlə müsahibəsində açıq demişdi ki, azərbaycanlılar elə bilirlər ki, biz onlarla zarafat edirik. Söyləmişdi ki, biz Xocalıda göstərdik ki, məsələ ciddidir. Faktiki bu sözü ilə demək istəyir ki, faciəni planlı şəkildə törədiblər”.

E.Şahinoğlu Xocalı soyqırımının HAAQA məhkəməsinə çıxarda bilməməyimiz barəsində də danışıb: “Düşünürəm ki, bu istiqamətdə ciddi iş aparmalıyıq. Ayrıca beynəlxalq tribunalın yaradılması tələb olunmalıdır. Burada Sərkisyan, Kocaryan, ideoloqları Zori Balayan, 366-cı motoatıcı alayın keçmiş zabitləri və digərlərinin siyahısı tutulmalıdır. Şahidlərin də iştirakı ilə bu, beynəlxalq tribunala çıxarılmalıdır. İndiyə qədər çox iş görülüb, bir çox ölkələrin parlamentləri soyqırımı tanıyıblar, onlarda ümumi bir fikir var. Çox təəssüf ki, bu işi görənləri cəzalandıra bilməmişik. Rusiya, İran, bizə yaxın olan Gürcüstan parlamenti də bu məsələni tanımayıb. Bəzən soruşurlar ki, nə üçün Türkiyə parlamenti də bu faciəni tanımayıb. Onların bir arqumenti var ki, məsələ parlamentdə müzakirə olunmamalıdır və bu siyasətçilərin işi yox, tarixçilərin işidir. Ola bilər ki, bu arqumentlərinə görə Xocalı soyqırımını da tanıya bilmirlər. Çünki tanısalar, öz arqumentlərini zəiflətmiş olarlar. Erməni lobbisi deyər ki, nə üçün məsələ ilə bağlı ikili mövqe nümayiş etdirirsiz. Ancaq bütün bunlara baxmayaraq bizə Xocalı Soyqırımı məsələsində ən çox dəstəyi də məhz qardaş Türkiyə verir”.

E.Şahinoğlu ilə söhbətimizdən sonra onun və tələbələrin iştirakı ilə Nizami küçəsinə çıxdıq. Burada tələbələr turistlərə bukletlər paylayıb, onlara Xocalı soyqırımı haqqında məlumat verdilər. Müşahidə etdik ki, turistlərin əksəriyyətinin faciə ilə bağlı məlumatları yoxdur. Onlar tələbələrə suallar verib, soyqırım barəsində detallı məlumat alırdılar. Tələbələr həmçinin bukletlərin bir qismini otellərə də verdilər ki, bura gələn turistlər hadisə ilə bağlı məlumat alsınlar.

Layihə ilə bağlı musavat.com-a danışan Qərbi Kaspi Universitetinin ikinci kurs tələbəsi, layihənin koordinatoru Fuad Heydərli bildirdi ki, məqsədləri  faciə ilə bağlı həqiqətləri xarici vətəndaşlara çatdırmaqdır: “Xaricilərə Xocalı haqqında məlumat verib, ermənilərin törətdikləri vəhşiliklər barəsində danışırıq. Soyqırımın necə törədilməsi haqqında hazırladığımız bukletlərdə rus, Azərbaycan və ingilis dillərində informasiyalar yer alıb. Bizim aksiyamızda Qərbi Kaspi Universitetinin xarici tələbələri də iştirak edirlər. Bukletimizdə Xocalı soyqırımının tarixi, orada qətlə yetirilən, yaralanan, itkin düşən vətəndaşlarımız barəsində məlumat var. Çalışırıq ki, daha çox MDB ölkələrindən olan turistlərə yaxınlaşacaq. Yaxınlaşdığımız turistlərin əksəriyyəti bizi dinləyir, hadisə ilə bağlı suallar verirlər. Ancaq elə turist də olur ki, bizi dinləmək istəmir və bukletimizi də almır. Düşünürük ki, onlar da kameraya düşmək istəmədikləri üçün belə edirlər. Əksər turistlərin Xocalı soyqırımı ilə bağlı məlumatları yoxdur. Sosial şəbəkədə də çox aktivik və tələbəmiz Yadigar Nağıyevin təşkilatçılığı ilə xüsusi haştaqlardan istifadə edərək, şəkillər paylaşırıq. Xocalı soyqırımı ilə məlumatları sosial şəbəkənin top 10-luğuna salmaq istəyirik ki, daha çox insanlar faciə haqqında məlumata sahib olsunlar”.

Əli Rais,
Musavat.com,
Fotolar müəllifindir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR