İnsanlara hürriyət, millətlərə istiqlal!

Gənc jurnalist facebook statusuna görə öldürüldü - şok qətlin bütün təfsilatları- VİDEO VƏ FOTOLAR

13135 10.08.2015 07:55 Ölkə A A

Avqustun 9-da bir qrup şəxs tərəfindən döyülən ann.az saytının əməkdaşı Rasim Əliyev müalicə aldığı xəstəxanada dünyasını dəyişdi. Hazırda ölkə gündəminin əsas müzakirə mövzusu olan hadisənin baş vermə səbəbi haqda müxtəlif fikirlər səsləndirilir. Əsas səbəb kimi isə onun öz facebook səhifəsində “Qəbələ” futbol klubunun kapitanı Cavid Hüseynov haqda tənqidi fikir yazması göstərilir.

“Qəbələ”nin qələbəsini kölgədə qoyan hadisə...


Ondan başlayaq ki, “Qəbələ” Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Kiprin “Apollon” klubu ilə səfər matçında yerli azarkeşlər Azərbaycan bayrağını cırmışdılar. Oyunun sonuncu dəqiqəsində hesabı bərabərləşdirən Cavid Hüseynov penaltidən sonra rəqib azarkeşlərə qeyri-etik əl hərəkəti ilə cavab vermişdi. Bakıda keçirilən oyunda isə o, kiprli jurnalistin “Nəyə görə Türkiyə bayrağını qaldırmışdınız” sualına cavabında yumruqlarını bir-birinə vuraraq, Azərbaycan və Türkiyənin bir olduğuna işarə etmişdi. 


Qeyd edək ki, Cavid Hüseynovu Kiprdəki hərəkətinə görə tənqid edənlər də oldu, qəhrəman sayanlar da. Rasim Əliyev də kapitanın bu hərəkətini tənqid edənlərdən idi. Futbolçunun Bakıda kiprli jurnalistə qarşı hərəkətini təhqir kimi başa düşən Rasim Əliyev öz facebook səhifəsində belə bir status yazmışdı: “Bu cür əxlaqsız, tərbiyəsiz və özünü idarə etməyi bacarmayan bir futbolçunun məni Avropa meydanlarında təmsil etməsini istəmirəm”.
Bundan sonra bir qrup şəxs Rasim Əliyevə zəng edərək onu təhqir ediblər. Daha sonra Cavid Hüseynov özü jurnalistə zəng edərək iradını bildirib. Rasim Əliyev ikinci hərəkətin yanlış anlaşılma olduğunu deyib və tərəflər telefonda sağollaşıb. 

Daha sonra Rasimi təhqir edənlər yenidən ona zəng edərək üzr istəmək məqsədi ilə görüşmək istədiklərini deyiblər. Və onlar jurnalistin özünün dediyinə görə, yaşadığı Bayıl qəsəbəsinə gəliblər. Görüş “Bayıl Market”in qarşısında - nəzarət kameralarının qarşısında olub.


Altı nəfər olduqları deyilən şəxslər Rasimi döyərək ciddi bədən xəsarətləri yetiriblər. Rasim Əliyev özü atasının maşını ilə yaxınlıqda olan təcili tibbi yardım məntəqəsinə gedib. Sakitləşdirici iynə vurduqdan sonra onu 1 saylı Şəhər Klinik Xəstəxanasına (keçmiş “Semaşko” adına xəstəxana-red.) aparıblar. Müayinə zamanı məlum olub ki, Rasim Əliyevin qabırğaları sınıb, sol qulağı eşitmə qabiliyyətini itirib, daxili orqanları da zədələnib. 
Jurnalistin atası: “Hadisəni törədənlərin qısa zamanda cəzalandırılmasını tələb edirəm”
Öldürülən jurnalistin atası Məmmədəli Əliyev musavat.com-a açıqlamasında bildirib ki, oğlunun döyülmə xəbərini aldıqdan sonra xəstəxanaya gediblər. Onlar Rasimlə görüşəndə çox ciddi zərər aldığını görməyiblər. Belində zərbə izləri olub, bir də qulağı zəif eşidirmiş. Xəstəxanada olduğu müddətdə Rasim bir neçə dəfə ailə üzvləri ilə danışıb. Vəziyyətinin yaxşı olduğunu deyib.


Məmmədəli Əliyev: “Rasimi müayinə edəndən sonra dedilər ki, 4 qabırğası sınıb. Onun da müalicədən sonra düzələcəyini dedilər. Başqa ciddi bir xəsarətin olduğunu demədilər. Amma həkim onu da dedi ki, vəziyyəti o qədər də yaxşı deyil. Bədəni istidi, ağrıları indi hiss etmir. Ancaq dünən axşam hər şey dəyişib”.

Atanın sözlərinə görə, oğlunu döyən şəxslər Bakıxanov (Razin) qəsəbəsindən gəliblər. Onlar Cavid Hüseynovun qohumları, tanışları olublar. Ata Əliyev hadisəni törədənlərin qısa zamanda cəzalandırılmasını tələb edir.
  

Həkim məsuliyyətsizliyi?


Avqustun 9-da gecə saat 1 radələrində vəziyyətinin ağırlaşdığını hiss edən Rasim həkimlərə özü müraciət edib. Həkimlər onun təzyiqinin çox aşağı olduğunu müəyyən ediblər və daxili qanaxmanın olduğunu biliblər. Əməliyyat zamanı Rasimin dalağı çıxarılıb. Məlum olub ki, ağ ciyəri də deşilib. Əməliyyatdan sonra reanimasiyada saxlanılan Rasim süni nəfəs aparatına qoşulub. 


Atası deyir ki, həkimlər oğlunun həyatına ölüm təhlükəsi olmadığını deyib. Rasimin əməliyyat olunması xəbərini isə gecə saat 2 radələrində biliblər. Xəstəxanaya yerləşdirildiyi vaxt müayinədən keçirilən Rasimin daxili orqanlarına ciddi zərər dəyməsi həkimlər tərəfindən müəyyən edilməyib. Ona xəstəxanada olduğu müddətdə sakitləşdirici iynələr vurulub. Daxili qanaxma isə Rasimin həkimlərə müraciətindən sonra müəyyən edilib.


Rasimin ölməmişdən əvvəl dedikləri...



Döyüldükdən sonra xəstəxanaya yerləşdirilən rasim Əliyev Meydan TV-nin əməkdaşları ilə söhbət edib. Söhbət zamanı deyib ki, onu görüşə dəvət edən şəxs özünü futbolçu Cavid Hüseynovun bibisioğlu kimi təqdim edib. Və onunla görüşməkdə məqsədlərinin çay içib, əvvəl söydükləri söyüşə görə üzr istəmək olub. Lakin görüşə gələn zaman salamlaşdıqdan sonra ətrafdakı 6 nəfər onu döyməyə başlayıb. Rasim Əliyevin pul qabı və mobil telefonu da onu döyən şəxslər tərəfindən aparılıb. Jurnalist onu döyənlərdən birini üzdən tanıdığını demişdi. Döyülən jurnalist hadisə ilə bağlı 102 qaynar xəttinə də müraciət edib. 

Cavid Hüseynov: “”



Onu da qeyd edək ki, futbolçu Cavid Hüseynov hadisədən öncə jurnalistlə telefonla danışdığını etiraf edərək, qarşılıqlı razılığa gəldiklərini demişdi. Hətta bundan sonra Rasim Əliyev öz facebook səhifəsində status yazaraq Cavid Hüseynovdan üzr də istəmişdi. Futbolçu iddia edirdi ki, jurnalistin sonradan döyülməsindən xəbərsizdir.


Cavid Hüseynov hətta xəstəxanada yatan jurnalistə baş çəkməyə də gedib. Bu zaman onun yanında “Qəbələ” klubunun meniceri də olub. Onlar arasında olan danışıqdan isə heç kimin xəbəri yoxdur. Çünki söhbət zamanı Rasim Əliyevin yanında heç kim olmayıb. Cavid Hüseynov isə bu haqda danışmayıb. Gecə saatlarında isə Rasim Əliyev vəfat edib. 

Jurnalist son mənzilə yola salındı


Jurnalist avqustun 9-da günorta saatlarında morqdan çıxarıldıqdan sonra Bayıl qəsəbəsində yerləşən mənzillərinə gətirilib. Rasim Əliyevin nəşi valideynlərinə 6 saat morqda saxlanıldıqdan sonra verilib. Jurnalist vida mərasimindən sonra Mehdiabad qəbiristanlığında dəfn olunub. Onun cənazəsi evdə olarkən Səbayel Rayon Prokurorluğunun əməkdaşları mərhumun babası və atası ilə görüşüb. Özünü rayon prokurorunun müavini Əhməd Məmmədov kimi təqdim edən prokurorluq əməkdaşı bildirib ki, hadisə ciddi şəkildə araşdırılır. Prokuror köməkçisi onu da qeyd edib ki, hadisə baş verərkən ərazidə nəzarət kameraları olub və Rasim Əliyevi döyən şəxslər kameraya düşüb. Prokurorluq əməkdaşları hadisə yerində olan jurnalistlərin suallarını cavablandırmaqdan imtina ediblər.

Hökumətdən və hüquq-mühafizə orqanlarından reaksiya...



Prezidentin köməkçisi, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da jurnalistin öldürülməsinə münasibət bildirib. Hadisənin Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürüldüyünü və ciddi araşdırıldığını deyən prezident köməkçisi deyib ki, cinayətin baş vermə səbəbləri, iştirakçıların tam dairəsinin müəyyənləşdirilməsi və digər məsələlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Ə.Həsənov onu da bildirib ki, aidiyyəti dövlət orqanlarının məlumatını gözləmədən ayrı-ayrı informasiya resurslarının məsələni müxtəlif istiqamətlərə yozmaq cəhdləri yolverilməzdir. Prezidentin köməkçisi obyektiv araşdırmanın nəticələrini gözləməyi tövsiyə edib.
Jurnalistin ölümü ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluq da məlumat yayıb.

Məlumatda qeyd edilir ki,  faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.


Hazırda hadisəsinin baş vermə səbəblərinin və iştirakçılarının tam dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir. Məlumatda o da qeyd edilir ki, cinayət işinin istintaqı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin rəhbərliyinin xüsusi nəzarətindədir.

31 yaşlı jurnalist uzun müddət Obyektiv TV-də, daha sonra isə  Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunda (RATİ) çalışıb. Sonuncu iş yeri isə ann.az saytı olub. Subay (nişanlı) idi.

Əlavə edək ki, bu, Rasim Əliyevin ilk döyülməsi hadisəsi deyildi. 2013-cü ilin iyun ayında Fəvvarələr meydanında Türkiyədə baş verən Gezi parkı hadisələrinə dəstək məqsədi ilə keçirilən aksiyanı lentə alarkən polis tərəfindən fiziki təzyiqə məruz qalmışdı. Həmin polis əməkdaşları isə tutduqları vəzifədən uzaqlaşdırılmışdılar...

*    *    *


Yazı çapa gedərkən məlumat gəldi ki, Cavid Hüseynovun hadisədə adı 1-ci hallanan bibisi oğlu Elşən İsmayılov artıq həbs edilib. Onun özü isə “Qəbələ” futbol klubundan uzaqlaşdırılıb. Bu barədə klubun yaydığı bəyanatda həmçinin bildirilir: “Tezliklə bu məsələnin hüquq-mühafizə orqanları tərəfindən araşdırılacağına, günahkarların layiqli cəzalarını alacaqlarına inanırıq. Bildiririk ki, Cavid Hüseynov komandamız üçün nə qədər vacib oyunçu olsa belə, bu hadisələrə aydınlıq gələnədək əsas komandadan kənarlaşdırılıb. Bir daha mərhuma Allahdan rəhmət, yaxınlarına səbir diləyirik”.

İlkin MURADOV
Fotolar müəllifin və Məhəmməd TÜRKMƏNİNDİR
Video: Məhəmməd TÜRKMƏN 






















Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR